Bakı. 2 dekabr. REPORT.AZ/ "Suriyadakı rejimin terrorçu İŞİD qruplaşmasının satdığı neftin böyük bir hissəsini aldığına dair məlumatımız var".
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Almaniya Xarici İşlər Nazirliyi sözçüsünün müavini Sausan Çebli Berlində həftəlik mətbuat toplantısında bildirib.
Onun sözlərinə görə, Bəşşar Əsəd İŞİD-in satdığı neftin böyük bir hissəsini alır və bununla bağlı Almaniyada məlumatlar var: "Bu məsələyə dair dəlil və məlumatlarımız da mövcuddur".
Almaniya hökumətinin sözçüsü Steffen Sebert də adı çəkilən terrorçu qruplaşmanın neft satışı ilə özünü maliyyələşdirdiyindən xəbərdar olduqlarını söyləyib. O, Türkiyənin İŞİD-dən neft aldığı və ya rəsmi Ankaranın bu məsələyə fəal dəstək verməsinə dair iddialarla bağlı məlumata malik olmadıqlarını da qeyd edib: "Dəlil-sübut olmadan belə iddiaların irəli sürülməsinin məsələnin həllinə yardım edəcəyini də düşünmürük".
O, İŞİD-ə qarşı mübarizənin gücləndirilməsinə və onun maliyyə mənbələrinin məhv edilməsinin vacibliyinə inandıqlarını söyləyib. Hökumət sözçüsü bildirib ki, bu məsələ noyabrın 15-də Türkiyənin Antalya şəhərində keçirilən "Böyük-20"-liyin ("G-20") zirvə toplantısında müzakirə edilib.