"Avropa İttifaqı Ermənistanla Azərbaycan arasında problemlərin uzunmüddətli həllini dəstəkləyir".
“Report” “Armenpress”ə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) İrəvandakı nümayəndəliyinin başçısı Andrea Viktorin bildirib.
Onun sözlərinə görə, təmsil etdiyi qurum iki ölkə arasında qəbul olunacaq istənilən qərarın icrasına vasitəçilik etməyə hazırdır: “Vasitəçilik etmək "təklif verib həllini tapmaq", - demək deyil. Vasitəçilik etmək tərəflərin mübahisəli məsələlərlə bağlı ümumi razılığa gəlməsinə şərait yaratmaq deməkdir”.
Andrea Viktorin qeyd edib ki, danışıqlarda irəliləyiş əldə etmək məqsədilə tərəflərlə görüşləri davam etdirirlər: “Bizim hədəfimiz hər kəsin sülh və əmin-amanlıq içində yaşaya bilməsi üçün davamlı qərarın qəbuluna kömək etməkdir”.