Bakı. 7 mart. REPORT.AZ/ ABŞ-ın Türkiyənin Adana şəhərindəki konsulluğuna hücum hazırlamaqda şübhəli bilinən terrorçu İŞİD qruplaşmasının 13 üzvü tutulub.
“Report” İHA-ya istinadən xəbər verir ki, Adana Polis İdarəsinin Terrorçuluğa qarşı Mübarizə Şöbəsi martın 7-də antitteror əməliyyatı keçirib.
Əməliyyat nəticəsində tutulan 13 terrorçudan 12-si Suriya vətəndaşıdır.
Qeyd edək ki, martın 5-də ABŞ-ın Türkiyədəki səfirliyinin terror təhlükəsi ilə bağlı yaydığı xəbərdarlıqdan sonra Ankarada İŞİD terrorçularına qarşı əməliyyat keçirilib və 12 nəfər tutulub.
Türkiyənin Samsun şəhərində isə ABŞ-ın Ankaradakı səfirliyinə hücum hazırlamaqda şübhəli bilinən 4 nəfər saxlanılıb.
Martın 5-də ABŞ-ın Türkiyədəki səfirliyi fəaliyyətini birgünlüyə dayandırıb. Bu addımın təhlükəsizlik məqsədi ilə atıldığı bildirilib. Bu gün səfirliyin fəaliyyətinin bərpa olunacağı gözlənilir.

