ABŞ-ın Könüllülərdən ibarət Sülh Korpusu Ermənistana qayıdıb.
“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı Səfirliyi məlumat yayıb.
Bildirilib ki, ABŞ vətəndaşı olan 16 könüllü artıq Ermənistandadır. Onlar ölkənin müxtəlif rayonlarında iki il ərzində fəaliyyət göstərəcək.
Vurğulanıb ki, könüllülər 2020-ci ildə koronavirusla əlaqədar Ermənistanı tərk etmişdi. Korpusun Ermənistandakı ofisinin başçısı Coan Ferlinin sözlərinə görə, korpusun tərkibindəki könüllülər müəllim, tələbə və gənclərə ingilis dilinin öyrənilməsinə yardım edəcəklər.
Qeyd edək ki, pandemiyadan əvvəl Ermənistanda korpusun 1100-dən çox könüllüsü fəaliyyət göstərib.
Xatırladaq ki, Sülh Korpusu ABŞ-ın qeyri-siyasi, qeyri-dini agentliyidir. Korpus 1961-ci ildə Prezident Con F.Kennedi tərəfindən yaradılıb. Sülh Korpusunun əsas məqsədi maraq göstərən ölkələrə amerikalı könüllüləri göndərməklə dünyada sülh və dostluğun yayılmasına kömək etməkdən ibarətdir. Korpus sülh və dostluq quraraq mədəniyyət mübadiləsi proqramları ilə ölkələr arasında qarşılıqlı anlaşmanın dərinləşdirilməsinə təkan verir. 1961-ci ildən bu vaxtadək korpusun 240 000 könüllüsü dünyanın 142 ölkəsində xidmət edib.
Könüllülərin aylıq və sağlamlığı ilə bağlı xərclər Sülh Korpusu tərəfindən ödənilir. Könüllünü qəbul edən təşkilat heç bir maliyyə ayırmır. Onlardan yalnız könüllünün işinə nəzarət etmək və onun səmərəli işləməsi üçün lazım olan dəstəyi verməsi istənilir.