ABŞ-da peyvəndləmədə iştirak edən azərbaycanlı: “Vaksin ikinci dozadan sonra effekt verir”

ABŞ-da peyvəndləmədə iştirak edən azərbaycanlı: “Vaksin ikinci dozadan sonra effekt verir” ABŞ tarixinin ən böyük kütləvi vaksinasiyası uzun müddət koronavirus pandemiyasının qaynar nöqtəsi olan və 37 minə yaxın insanın öldüyü Nyu-York ştatından başlayıb.
Region
23 Dekabr , 2020 10:54
ABŞ-da peyvəndləmədə iştirak edən azərbaycanlı: “Vaksin ikinci dozadan sonra effekt verir”

ABŞ tarixinin ən böyük kütləvi vaksinasiyası uzun müddət koronavirus pandemiyasının qaynar nöqtəsi olan və 37 minə yaxın insanın öldüyü Nyu-York ştatından başlayıb.

“Report”un xüsusi müxbiri xəbər verir ki, klinik sınaq Nyu-York şəhərinin Quis səmtində fəaliyyət göstərən Lonq Aylend Yəhudi Tibb Mərkəzinin reanimasiya şöbəsində işləyən Sandra Lindsi adlı tibb bacısı üzərində aparılıb.

Bu həftədən etibarən ABŞ-ın digər 50 ştatına peyvəndlərin paylanmasına başlanılıb.

ABŞ Böyük Britaniya və Kanadadan sonra “Pfizer” və “BioNTech” kampaniyalarının birgə hazırladıqları preparatın kütləvi vaksinasiyasına icazə verən üçüncü ölkədir və hər bir ştatda, ilk növbədə, kimin peyvəndlənəcəyi barədə qərarı qubernatorlar verirlər.

Nyu-Yorkun məşhur tibb mərkəzlərindən biri olan Maunt Sinay Xəstəxanasının qəbul şöbəsinin koordinatoru işləyən azərbaycanlı Rəvanə Əhmədova “Report”a açıqlamasında çalışdığı tibb mərkəzində aparılan peyvəndləmə prosesi ilə bağlı müşahidələrini bölüşüb.

O bildirib ki, şəhər qubernatorunun qərarı ilə Nyu-Yorkda bütün tibb mərkəzlərində ilk olaraq təcili yardım və reanimasiya şöbəsində işləyən tibb işçilərinin vaksinasiyasına başlanılıb:

“Həmin işçilər hər gün koronavirusa yoluxan yüzlərlə xəstə ilə ünsiyyətdə olduqları üçün risk altında sayılırlar. Mən peyvənd olunacaq qrupa daxiləm. Mütəmadi olaraq bu prosesləri yaxından izləyirəm. Bu günənədək olan digər vaksinlərdən fərqli olaraq koronavirus əleyhinə hazırlanan bu vaksin –70 dərəcədə saxlanılır və effektivliyi 95 % olduğu deyilir. Vaksin iki dozada vurulur. Peyvənd olunan şəxslərin məlumatlarını xüsusi bazaya daxil edirik və peyvənd olunduqdan sonra ilk dozası alan şəxslərə xüsusi vaksinasiya kartı verilir ki, o kartda ikinci dozanın vurulacağı tarix göstərilir. Bütün vaksinasiya olunmuş şəxslərə 17-20 gün ara ilə vaksinin ikinci dozası vurulmalıdır. Həkimlər deyir ki, bir dəfə ilə nəticəyə nail olmaq olmur, yalnız ikinci dozadan sonra vaksin effektivliyini göstərir. Peyvənd məcburi deyil, vaksinasiya edilənlər könüllülərdir.

Bizim xəstəxanada gözəl bir ənənədə başlayıb. Belə ki, peyvəndsonrası tibb işçiləri kimliyini gizli saxlamaqla vaksin vurulduğu zaman keçirdiyi hisslər, eyni zamanda proseslə bağlı fikir və düşüncələrini rəngli kağızlara yazaraq xüsusi ayrılmış məkanda divara yapışdırırlar. Onlardan bir neçəsini oxumuşdum və çox təsirlənmişdim. Biri yazmışdı ki, sadəcə, ailəmi qorumaq istəyirəm və ona görə də vaksinin mənə necə təsir edəcəyini düşünmədən bu bəladan doğmalarımı qorumaq üçün könüllü olmağa qərar verdim. O, yazılardan tibb işçilərinin çox yorulduğu, ancaq buna baxmayaraq, mübarizəyə davam etdiyi açıq şəkildə görünür. Nyu-York şəhəri aylardır sözün əsl mənasında pandemiya ilə müharibə aparır. Hər gün yüzlərlə insan xəstəxanaya üz tutur. Xüsusilə xəstələrlə ünsiyyətdə olan tibb işçiləri bütün günü stres altında işləyirlər. Buna görə də vaksinin Nyu-Yorka gətirilməsi bütün tibb işçilərinin diləyi idi”.

R.Əhmədovanın sözlərinə görə, bu günədək peyvəndlənən şəxslərdə yüngül yan təsirlər müşahidə olunub, amma belə halların sayı çox azdır: “Peyvənddən sonra bəzi tibb işçilərində qızdırma, iynə vurulan yerdə şişmə, qızarma, halsızlıq, əzələ ağrısı müşahidə olundu. Bizə verilən məlumata görə, əzələ ağrıları ilə müşayiət olunan daha ağır yan təsirlər vaksinin ikinci dozası vurulduqdan sonra özünün büruzə verir. İnsanlar arasında şayiələr yayılıb ki, vaksinasiya olunmuş şəxslərdə iflic və ya bu kimi ciddi fəsadlar ortaya çıxıb. Əminliklə deyə bilərəm ki, bunların heç biri doğru məlumat deyil. Amerikada bu kimi ciddi faktları gizlətmək mümkün deyil, ona görə də bu şayiələrin yalan olduğu qənaətindəyəm. Digər yandan, həkimlərimiz xüsusilə xəbərdarlıq edirlər ki, hansısa iynə və ya dərmana qarşı allergiyası olan şəxslərə hələ ki bu vaksinin vurulması məsləhət görülmür. Çünki daha öncə sınaqdan keçmiş bu kimi şəxslərdə vaksinin fəsadları ortaya çıxıb. Nəticəyə uyğun olaraq vaksinin təkmilləşdirilməsi gedir. Həkimlərimiz deyir ki, ən az əhalinin 60-70 faizi vaksinasiya olunmalıdır ki, ürəkaçan nəticələr görə bilək. Vaksinasiyadan sonra maska taxmaq və qorunmaq vacib şərtdir”.

Nyu-York şəhərində tibb işçilərindən sonra kimin peyvənd olunacağı hələlik qeyri-müəyyəndir.

Qeyd edək ki, “Worldometers” portalının apardığı statistikaya görə, ABŞ-da indiyədək 18 684 628 nəfərdə COVID-19 aşkarlanıb. Onlardan 10 945 097 nəfər sağalıb, 330 824 nəfər isə vəfat edib.

ABŞ koronavirusa yoluxma və ölüm hallarının sayına görə dünyada ilk yerdə qərarlaşıb. Birləşmiş Ştatlarda yoluxmalar son bir ayda kəskin şəkildə artıb. Nyu-York daxil olmaqla, bəzi ştatlarda qadağalar sərtləşdirilib, restoranlar bağlanıb.

Vüsalə Abbasova

Son xəbərlər

Orphus sistemi