ABŞ 2022-ci ildə Gürcüstana 132 milyon ABŞ dolları yardım ayırmağı planlaşdırır.
“Report” xəbər verir ki, bunu Tbilisidə mətbuat konfransında senator Bob Keysi deyib.
“Son 30 il ərzində biz Gürcüstanı dəstəkləyirik və 2022-ci ilin fiskal büdcəsində artıq 132 milyon dollar ayrılacaq. Bu, həqiqətən də əhəmiyyətli yardımdır”, - senator bildirib.
O əlavə edib ki, bu pul həm də 2021-ci ilin oktyabrında ABŞ-ın müdafiə naziri Lloyd Ostinin Tbilisiyə səfəri zamanı imzalanmış təşəbbüsün həyata keçirilməsinə sərf olunacaq.
B. Keysi Tbilisiyə ABŞ qanunvericilərindən ibarət nümayəndə heyətinin tərkibində gəlib. Nümayəndə heyətinə senator Kris Kuns rəhbərlik edir. Senatorlar artıq Gürcüstan prezidenti Salome Zurabişvili ilə görüşüblər.