77 il əvvəl deportasiya olunan xalqın bu günü və sabahı - Azərbaycan və Ukraynadan baxış

77 il əvvəl deportasiya olunan xalqın bu günü və sabahı - Azərbaycan və Ukraynadan baxış Stalinin ahıska türklərin öz ata-baba yurdları olan cənub-qərbi Gürcüstandan Orta Asiyaya deportasiya etməsindən 77 il keçir. Bütün çətinliklərə baxmayaraq bu azsaylı xalq öz türklüyünü qoruyub saxlayıb. Məhz buna görə Gürcüstanı tarixi vətəni hesab edən
Region
15 Noyabr , 2021 15:04
77 il əvvəl deportasiya olunan xalqın bu günü və sabahı - Azərbaycan və Ukraynadan baxış

Stalinin ahıska türklərinin öz ata-baba yurdları olan cənub-qərbi Gürcüstandan Orta Asiyaya deportasiya etməsindən 77 il keçir. Bütün çətinliklərə baxmayaraq, bu azsaylı xalq öz türklüyünü qoruyub saxlayıb. Məhz buna görə Gürcüstanı tarixi vətəni hesab edən ahıskalılar ilk növbədə Türkiyəyə öz tuturlar. Türkiyədə yaşayan eyni soylu xalqın mövcudluğu və bu ölkənin ahıskalılarla bağlı köç siyasəti onların axınınına töhfə verən digər iki vacib amildir.

Hazırda dünyanın 9 ölkəsində 600 minə yaxın ahıska türkü yaşayır. Onların bəzilərində təhlükəsizliklə bağlı narahatlıq və hərbi münaqişənin nəticələri hələ də ahıskalıları öz gələcəklərini yenidən nəzərdən keçirməyə məcbur edir.

“Bir gurultu başladı ki, elə bil ev qalxıb düşdü”

Həyat yoldaşı şəhərdə paylanan undan ailənin payını gətirə bilmədi. Məhbulə İsgəndərova evdə qalan undan uşaqlara axşam yeməyi üçün çörək bişirdi. Süfrəni yığışdırandan sonra həyətə çıxdı. Quşçularla Malbəyli kəndləri tərəfdə yekə bir projektorun yanıb-söndüyünü gördü. O biri tərəfdə, Nurajek dağının üstündə eyni projektor elə bir ona cavab verirdi. Bir dənə də oxşar yanıb-sönən projektor Mehdi kəndində idi. “Üç projektor eyni halda yanıb-sönəndə içimdən elə bil hiss keçdi ki, sanki biz hazırıq. Saat 11 olardı uşaqları yatızdırdıq, heç bir şey demədik ki, qorxmasınlar. Yarım saat sonra birdən elə bir gurultu başladı ki, elə bil ev qalxıb düşdü” – baxışlarını divarda bir nöqtəyə zilləyən Məhbulə ana Xocalı qətliamının baş verdiyi gecəni anbaan gözləri önündə canlandırmağa çalışır.

Yaşadıqları evin atəşə tutulmaması üçün işıqları söndürən ailənin xanımı beş uşağını tez geyindirib qonşularla birgə yaxınlıqdakı zirzəmidə gizlənir. Bir müddət sonra qonşuların bir neçəsi onların arxasınca gələn qohumları ilə sığınacağı tərk edir. Səhər saat 4-də zirzəmi artıq mühasirədə idi. Erməni silahlıları sığınacaqdakı iki ailənin üzvləri ilə ümumilikdə 76 nəfəri Xankəndi istiqamətinə aparırdılar. Silahlılar bir cərgəyə düzülən insanları hər iki tərəfdən müşayət edirdi. Məhbulə ananın 15 yaşlı böyük oğlu İlham daxil olmaqla, bütün kişilərin əlləri bağlı, qadınlar isə əliuşaqlı idi. Qurumuş kanalı adlayan insanlar Daşbulaq, Mehdi kəndi və Nurajekin arasındakı bir yolla üzü Kərkicahana gedirdi. Yolboyu isə tank, BTR, digər hərbi maşın və zirehli texnika durmuşdu. Kərkicahandan bölgənin inzibati mərkəzinə gedən yolda qadınları maşınla, kişiləri isə onun arxasınca qaçırdaraq Xankəndinin yaxınlığındakı dağlarla əhatə olunan boş sahəyə gətirirlər. Əsirlər səhəri burada açırlar...

Məhbulə ana 29 il sonra erməni əsirliyindəki xatirələri fevralın 26-nın səhərini necə açmalarını özündə əks etdirən fotoşəkillə yada salır. Ən acı xatirəsi isə 15 günlük əsirliyin sonunda əsirlər dəyişdirilən zaman erməni silahlılarının böyük oğlu İlhamı döyərək naməlum istiqamətdə aparmaları olub. Qarşı tərəflə danışıqlar getdiyi bir vaxtda o, övladının qaytarılmasını üç gün Ağdamda, daha üç gün isə məskunlaşdığı yeni yerdə, Sabirabad rayonunda gözləməli olub.

“Hər gün əsirlər gəlirdi. Bu gün uşaq yox, sabah uşaq yox, axırda dördüncü gün idi. Uşağı oradan Sabirabada gətirdilər. O gün bayram idi. Amma burnunu qırmışdılar. Uşağı o qədər döymüşdülər ki, bədəni qap-qara idi. Onu isti-isti qoyun dərisinə sarımışdılar. Ət qaralanda onu adama sarıyırlar ki, qarasını götürsün. Allah hamının axırını xeyir etsin, bir alın yazısı idi” - birtəhər özünü ağlamaqdan saxlayan Məhbulə İsgəndərova deyir.

Əslən ahıska türkü olan 66 yaşlı Məhbulə ana 1989-cu ildə ailəsi birgə Özbəkistanın Səmərqənd şəhərindən Azərbaycana gəlib. Yerli əhali tərəfindən ahıska türklərinə qarşı həyata keçirilən təzyiq və zorakılıqlar nəticəsində yüzə yaxın ahıska türkü öldürülüb, minlərlə ahıskalı isə əşyalarını konteynerlərə yığıb, SSRİ-nin müxtəlif respublikalarına köçüblər. Yaşadıqları evləri isə sovet hökuməti pulla satın alıb. Bu ahıska türklərinin Orta Asiyadan Azərbaycana sayca ikinci köç dalğası idi.

Heç bitməyən köç və yerdəyişmələrin başlanğıcı isə Məhbulə İsgəndərovanın valideynləri 1944-cü ildə Gürcüstandakı doğma torpaqlarından deportasiya edilərkən qoyulub. Beləliklə, Xocalıdan qaçan bu ailə sayca üçüncü dəfə zorla yaşadığı yerindən didərgin salınıb.

Müvəqqəti məskunlaşdıqları ikiotaqlı mənzil Sabirabad rayon mərkəzindən bir neçə kilometrlik məsafədə beşmərtəbəli evin ikinci qatında yerləşir. Təmirsiz evdə beş nəfər yaşayır - Məhbulə ana və həyat yoldaşı, kiçik oğlu, gəlini və 3 yaşlı nəvəsi. Ailə bu çoxmənzilli binada yaşayan yeganə ahıska türkləridir.

Həm ənənələri qorumaq, həm də çox xərcə düşməmək üçün ev sahibləri mənzili türksayağı bəzəyiblər. Qonaq otağının mərkəzində süfrə, yəni, döşəmədən 20-30 sm hündürlükdə yerləşən ənənəvi masa, stullar əvəzinə yerə sərilən döşəkçələr, söykənmək üçün yastıqlar. Yataq otağında da həmçinin - ahıska türkləri taxtı kəndlərinə xas döşəkçələr və balınclarla bəzəyiblər. Divarlarda bu nəslin qocaman və ya vəfat etmiş üzvlərinin şəkilləri gözə dəyir.

“Qayıtmaq istəyirəm, çünki oranın çox gözəl havası, suyu, təbiəti var”

Məhbulə ananın həyat yoldaşı, 67 yaşlı Əfrail İsgəndərov deyir ki, Azərbaycanda ahıskaların hələ 1959-cu ildə, birinci köç dalğası zamanı məskunlaşdıqları məkanlarda yer olmadığından digər 250 ailə ilə birgə Dağlıq Qarabağa, Xocalıya köçürülüblər. Orada yaşadıqları iki il yarım ərzində o, avtobus sürücü işləyir, uşaqları məktəbdə oxuyurdu. Yerli erməni əhalisi ilə ahıska türkləri arasında münasibətlərə gəldikdə, onun sözlərinə görə, azərbaycanlılarla ermənilər arasında gərginliyin artdığı zaman, ermənilər ahıskalılara üçüncü tərəf, yəni bitərəf kimi baxırdılar. Buna baxmayaraq, qətliam gecəsinədək ahıska türklərinin adları da erməni silahlılarının tərtib etdikləri siyahılarda yer alıb, onlar bilirdilər kim harada yaşayır və nə edir.

“Fevralın 26-da dörd tərəfdən bizi atəşə tutmağa başladılar. Nə silahımız var idi, nə də qorunmağa başqa vasitəmiz. Dinc əhaliyə o cür atəş açırdılar. Heç kinoda gördüklərim buna bənzəmir. Öz gözlərinlə görəndə hər şeyi anlamağa başlayırsan. Şəhəri tərk etmək üçn dəhliz açdıqları barədə yalan məlumat yaydılar. Uşaq, qoca, qadın həmin dəhlizlə gedəndə atəşə tutdular, getməyə imkan vermədilər. Mən dağlara oradan çıxdım. Mənimlə hardasa 250 nəfər var idi, cəmi 13 nəfər çıxa bildi. Kimi pusquya düşdü, kimi girovluğa, kimi soyuğa dözmədi. Mən dağlardan çıxanda çox bitkin və yorğun idim. Gecə dağlara qalxdıq, səhər isə gördük ki, Xocalı tam yanır”.


Nəhayət, iki sutkadan sonra azərbaycanlıların olduğu yerə yol tapan Əfrail dayının ayaqları donmuşdu. Müalicə alandan sonra o, müharibənin sonunadək döyüşüb. Əsirlikdə olan ailəsi və digər ahıskaları dağlarda döyüş zamanı öldürdükləri erməni muzdluların meyitləri ilə dəyişirlər. Müharibədən sonra isə o, Ağdamda bərpa olunan zenit diviziyasında gənclərə təlim keçirirdi, silahdan atmağı öyrədirdi. Bu illər ərzində yaşadığı evdən daha yaxşısına köçmək təklifi alsa da, Əfrail İsgəndərov yaxın zamanda Dağlıq Qarabağa qayıdacağına əmindir.

“Əgər şansım olsaydı, Gürcüstana qayıdardım, amma inanmıram ki, alınar. Amma bilirəm ki, bir-iki ilə Qarabağda olacağam. Mənim adım artıq oradadır. Otuz ildən çox keçib, amma qayıtmaq istəyirəm, çünki oranın çox gözəl havası, suyu, təbiəti var”.


“Dedilər ki, narahat olmayın gedib-qayıdacaqsınız, amma hamını aldatdılar”

Azərbaycanda hazırda 90 minədək ahıska türkü yaşayır. Onların bir hissəsi yığcam şəkildə Sabirabad və Saatlının 9 kəndində məskunlaşıb. Qalan hissəsi isə müxtəlif bölgələrdə məskən salıb: Quba, Xaçmaz, Şəmkir, Gəncə, Oğuz, Gədəbəy və digərləri.

Əhmədabad - Sabirabad rayonunda sırf ahıska türklərinin yaşadığı yeganə kənddir. Kənd Sabirabadın mərkəzindən 13 km məsafədə yerləşir. Girişdə ikinci Qarabağ müharibəsi zamanı şəhid olmuş həm azərbaycanlılar, həm də ahıska türklərinin şəkilləri olan löhvə bərkidilib, Azərbaycan və Türkiyə bayraqları dalğalanır. Əhmədabad kəndinin adı 1959-cu ildə burada məskunlaşan ahıskalı Əhməd kişinin şərəfinə verilib.

Bu kənddə həmçinin ahıska türklərinin Folklor Evi yerləşir. 52 yaşlı Vaqif Dişadze 20 ildən çoxdur bu folklor evinin direktorudur. Onun valideynləri burada ahıskaların ilk köç dalğası zamanı məskunlaşıb. "O vaxt valideynlərimizə deməmişdilər ki, sizi Orta Asiyaya sürgün edirik. Dedilər ki, narahat olmayın gedib-qayıdacaqsınız. Lakin hamını aldatdılar". 

Musiqiçi, qarmon ustası olan direktorun iki övladı və bir nəvəsi var. Deyir, ondan əvvəl Folklor Evinə rəhbərlik edənlər xalqının adət-ənənələrini yaşadıb, indi isə onun növbəsidir.

Folklor Evinin 7-11-ci sinif şagirdlərindən ibarət ümumilikdə 20 nəfərlik iki rəqs qrupu fəaliyyət göstərir. Rəqs qruplarına 10 və 11-ci siniflərdə oxuyan qızları götürmürlər. Səbəb - məktəbi qurtarandan sonra qızlar dərhal ailə həyatı qurur, qrup iştirakçılarının sayı isə azalır. Ahıska türklərinin folklor rəqs qrupu həm bölgələrdə, həm də paytaxtda keçirilən tədbirlərdə milli rəqslərini, Folklor Evi isə sərgi və müsabiqələrdə ahıska mədəniyyət nümunələrini təbliğ edir.

“Bizim adımız Axıska türkləri halay rəqs qrupu gedir. Halay yallı mənası verir. Halay birlik rəmzidir. Dilimizin tərcüməsində belədir. Bizim sərgilərimiz olanda yaşlı anaların əl işləri nümayiş olunur. Hər bir şahinin öz zamanına görə baxmağı var. Bugünkü gənclər mübarizlərdən, poladlardan danışır. Yaşlı nəsil isə toxuma işləri ilə məğul olur, yastıqların, çarpayının üstünə örtüklər toxuyurlar" - Vagif Dişadze söyləyir.

Nəsimikənd - ahıskalıların Azərbaycandakı “paytaxtıdır”

Azərbaycanda ahıska türklərinin yaşadığı ən böyük kənd isə qonşu Saatlı rayonundadır. Ümumiyyətlə, Saatlıda beş kənddən ikisində, Nəsimikənd və Sımarada, yalnızca ahıska icmasının nümayəndələri yaşayır, digər üç kənddə əhali qarışıqdır. Yerli camaat arasında kənd Adıgün adı ilə tanınır. Ahıskaların 1944-cu ildən əvvəl Gürcüstanda yaşadıqları rayonlardan biri belə adlanırmış. İcma nümayəndələri yarıciddi, yarızarafat Nəsimikəndi ahıskalıların Azərbaycandakı paytaxtı adlandırırlar.

İyirminci əsrin ortalarında salınan və Sabirabaddan 30 km məsafədə yerləşən bu kənd müasir tipli yaşayış məntəqəsidir. Kənd əsas küçədən və onunla kəsişən digər küçələrdən ibarətdir. Əsas küçədə kənd sakinləri toplaşır, asudə vaxtlarını keçirir, işləyir. Burada kənd məktəbi, məscid, iaşə obyektləri, çayxanalar, kafelər, kəsişən küçələrdə isə kənd sakinlərinin evləri yerləşir. Hazırda kəndin 4000 əhalisindən əsasən gəncləri əhatə edən 500-dək sakin iş tapmaq üçün Türkiyəyə çıxıb gedib. Kimi Bursanın mebel və trikotaj fabriklərində köynək, ayaqqabı tikir, kimi isə Antalyada turizm sahəsində çalışır.

Saatlıdakı kəndlərdə ahıska camaatı əsasən heyvandarlıq və əkinçiliklə məşğul olur. Burada kütləvi əkilən məhsullar taxıl və pambıqdır. Keçən il Saatlı rayonu 52 min ton pambıq becərib dövlət müəssisələrinə 1 kq-nı 65 qəpikdən satıb. Alıcılar arasında fərdi sahibkarlar da var. Əhalinin məşğul olduğu ikinci sahə heyvandarlıq isə pandemiya ilə əlaqədar ziyan çəkib. Belə ki, restoranların bağlı olması və ya məhdudiyyətlərlə işləməsi, toy şənliklərinin olmaması ətə olan tələbatı azaldıb. Bu isə bölgə və icmaya qazanc sarıdan mənfi təsir göstərib. Bununla belə, kənd sakinləri öz təsərrüfatlarındakı mal-qaradan sağdıqları südü yaxınlıqdakı süd zavoduna satırlar. Yağı alınmış südün bir litrinin qiyməti 10-15 qəpik, yağı alınmamışın isə - 30 qəpikdir.

Ahıskalıların məhz bu iki rayonda məskunlaşmasının əsas səbəbi ondan ibarətdir ki, 1959-cu ildə birinci köçdən əvvəl icma liderləri respublika rəhbərliyindən razılıq alandan sonra burada məskən salmaq üçün bir-bir rayonları gəziblər. Əksər rayonlarda əhalinin sıx yaşadığını görən icma liderləri öz nəzərlərini o vaxt boş olan Mil-Muğan çöllərinə yönəldiblər. O vaxtkı hakimiyyət ahıska camaatı çox sayda bu ərazilərə köçəcəyi təqdirdə, burada onlara rayon yaradacağına, yerli idarə orqanlarında onları işə cəlb edəcəyinə, digər işlərlə təmin edəcəyinə, kollektor, yol, kanal və digər infrastruktur obyektləri, nəhayət yaşamaq üçün ev tikməyə kömək edəcəyinə söz vermişdi.

“1989 ildə qovularaq canımızı xilas edib gəldik”

Ali Bayraqdarovun ailəsi Orta Asiyadan bura gələn ilk ahıskalılardan biridir. Birinci köç dalğası zamanı axıska icması liderlərdən biri Mövlud Bayrakdarov - Ali Bayraqdarovun əmisi olub. Azərbaycana köçməklə bağlı qərarın düz olduğunu deyən Ali bəy “o zaman əlimizdə nə var idisə aldıq gəldik, 89-da isə biz qovularaq canımızı xilas edib gəldik” deyir.

Üç qız və bir oğul atası olan 53 yaşlı Bayraqdarov tarix fakültəsini bitirib və son 32 ili doğma məktəbdə müəllim və tədris hissəsi müdiri çalışır. Öz həyətində tərəvəz becərmək, mal-qaraya baxmaqla yanaşı evindən 10 km məsafədə yerləşən 10 hektarlıq torpaqda taxıl, arpa əkir. Bu şoranlıq ərazi digər üç qardaşı və bacısına da məxsus olduğu üçün onlara icarə haqqlarını ödəyir. Bunun üçün isə torpaq sahəsindən ən azı 30 ton məhsul almalıdır. Torpaq sahəsini şumlamaq və sulamaq üçün yerli kənd camaatından günəmuzd işçiləri cəlb edir və işlərinə nəzarət edir.

“Əkinə haram qatmaq, bərəkətinə haram qatmaqdır. Elə bil ki, hektarına 250 kilo tum ora düşməlidir. 220 olsa da, çox olsa da sənin zərərinədir. Çox olsa - çox taxılın gedir, az olsa - çıxış ala bilməyəcəksən, heç sentnerin olmaz. Ona görə əkində və biçində mütləq sahədə, təsərrüfatın başında oluram. Olmadın üstündə, mütləq hansısa kəmlik olur. Bir də ki o əkindən həzz alırsan. O əkini gəzəndə, işdən sonra o heyvanın otunu verəndə, elə bil ki, beynin dincəlir" - deyir Ali Bayraqdarov.

İcma daxilində boşanma və cinayət halları heçə enib

Türk xalqları arasında ahıska türkləri nadir toplumlardan biridir ki, orijinal milli xüsusiyyətlərini qoruyub saxlayıb. Onların danışdığı türk dilində demək olar ki, yad kəlmə yoxdur. Bu xalqın nümayəndələri özünəməxsus adət-ənələrini də qoruyub. Belə ki, ailədə bir neçə oğul varsa, kiçik oğul atanın varisi və davamçısı sayılır və ata ocağında valideynləri ilə birgə yaşayır. Onun həyat yoldaşı da onlara öz ailəsi kimi qulluq edir. Ata olmasa, məsləhət üçün böyük qardaşın yanına getmək lazımdır. O, ata kimi qəbul olunur. Bundan əlavə, ahıska türklərinin mühafizəkar baxışları icma daxilində boşanma və cinayət hallarını, demək olar, heçə endirib.

İcma daxilində ailə qurmaq ənənəsinə çox ciddi riayət olunur. Bu səbəbdən dini xadimlər xüsusi rola malikdir. Elçi gedəndə, gəlin gətirəndə, dini nikah bağlananda mütləq mollanın xeyir-duası olmalıdır. Maraqlıdır ki, sovet dönəmində gənc nəslin icmadaxili ərə gedib- evlənməsinə üstünlük verilirdisə, son 30 ildə bu tendensiyanı digər türkdilli xalqların nümayəndələri ilə qohumluq əlaqələri yaratmaq meyli əvəzlənməyə başlayıb. Dəyişməyən təkcə valideynlərin xeyir-duasıdır.

“Üç qız köçürmüşəm. Uşaqlarım məktəbi bitirənədək qapımı kəsiblər onları istəməyə. Böyük qızım üçün bir gün elçi gəldi. Soruşdum qızımdan, istəyirsən ya yox. İstəmirsə, deyir istəmirəm. Əgər qızın fikrindən keçirsə, deyir özünüz bilin, ata. İstəyirəm demir. Deyir siz bilərsiniz. Onu da mən xəbər almıram, anası soruşur. Bu cür mentalitet qalmaqdadır". 

İcmanın mühafizəkar təbiəti ailəyə gələn təzə gəlinlərə bağlı digər maraqlı adətlərdə də özünü göstərir. Belə ki, yaxın keçmişdə təzə gəlin gəldiyi evdə birinci ay ərzində başında qızıl sikkələrlə bəzədilən xüsusi baş geyimi - katxa ilə gəzirdi. Və ya bir ay-qırx gün ondan söz soruşmasalar, danışmırdı. Nəhayət, süfrəyə yemək qoyanda otaqdan arxa-arxaya gedərək çıxırdı.

Bu kimi adətlərə riayət edənlər getdikcə azalsa da, Yetər Bayraqdarova qayınanası, 92 yaşlı Zəmzəm nənəyə eyni ehtiramla qulluq edir. Ümumiyyətlə, ahıska türklərinin təsərrüfatında evin xanımının gördüyü işlər çoxdur. Bunlar arasında mal-qaranı yemləmək, süd sağmaq, çörək bişirmək, evin gündəlik işlərini görməyi misal çəkmək olar. Qayınanalar isə gəlinlərin daha çox məsləhətçi və köməkçisi kimi çıxış edir. Xüsusilə bu, bişirilən yeməklərə aiddir. Çünki icma daxili bişirilən xəngəl, plov və ya şorba kimi xörəklər vaxt və diqqət tələb edir.

“Bizdə daha çox özək plovu deyirlər. Qazanı yağlayırsan, əti atırsan içinə. Soğanıdır, düyüsüdür. Onu sonra dəmə qoyursan, dəmlənir. Yarım saat. Sonra da ikram edirsən. Xəngəldə də xəmiri yoğurub, əti üyüdüb yenə soğandan açıb yuxaları kəsirsən xırda-xırda. Qazana tökəndə suyu qaynadırsan, bir az duz qatıb sonra xəngəli tökürsən. 10-15 dəqiqə bişir. Sonra boşqablara çəkirsən və üstünə yağ-soğan səpirsən” - Yetər xanım deyir.

Ahıska təşkilatları insanların dədə-baba torpaqlarına qayıdışı təmin etməyə çalışır

Kənd təsərrüfatı ilə yanaşı, Ali bəy ictimai işlə də məşğul olur. O fərəhlə söyləyir ki, evində 1965-ci ildən Atatürkün portreti olub. O, 2004-2014 cü illərdə müxtəlif layihələr çərçivəsində Azərbaycanda yaşayan ahıskalı uşaqların Türkiyə və Gürcüstandakı dədə-baba torpaqlarına səfərlərini təşkil edib. Səfərlərin məqsədi - gənc ahıskalıları bu ərazilərin tarixi, mədəniyyəti, adət-ənənələri ilə tanış etmək olub.

Dünyanın doqquz ölkəsində yaşayan 600 minədək axıskanı Azərbaycanda Vənət ictimai Birliyi təmsil edir. Ali Bayraqdarov birliyin sədr müavini və “Vətən Eşqi” jurnalının baş redaktorudur.

Ahıska türklərin təşkilatlarının ən vacib vəzifəsi - ahıska türklərinin dədə-baba torpaqları sayılan Gürcüstana qayıdışını təmin etməkdir. Bunun üçün 1992-ci ildə ictimai birlik Azərbaycanda qeydiyyatdan keçəndən sonra Avropa strukturları vasitəsi ilə Gürcüstana təsir etməyə başlayıb. Avropa Şurasının üzvü olmağa can atan Gürcüstan 2008-ci ildə 20-ci əsrin 40-cı illərinidə deportasiya olunan şəxslərin geri qaytarılmasına dair qanun qəbul edib. Beləliklə, Gürcüstan parlamenti deportasiya faktını tanıyıb, lakin geriyə qayıtmaq istəyən şəxslərin qarşısında 37 şərt qoyub.

İctimai birlik Gürcüstana qayıtmaq üçün təkcə Azərbaycandan müraciət etmiş 13 min ahıska türkünün sənədlərini ingilis və gürcü dillərində hazırlayıb və bu ölkənin müvafiq nazirliyinə ötürməyə başlayıb. Lakin Gürcüstan yalnız 6000-dək müraciəti qəbul edib. Bundan sonra qonşu ölkə qəbul etdiyi müraciətlər əsasında gələcəkdə ölkə vətəndaşı olmaq üçün vacid sayılan status verməyə başladı. Amma özünəməxsus şəkildə. “Bir ailədən 5 nəfər öz sənədlərini təqdim edib. Ataya status gəldi, anaya gəlmədi. O birisi ailədə əksinə. O birisində qız uşağına gəldi status, ata-anaya gəlmədi. Ər arvaddan ayrılsın getsin Ahıskaya yaşasın, arvad isə burda? Bu bizim mentalitetimizə tamamilə ziddir,” - Ali Bayraqdarov deyir.

Nəticədə, 6000 minə yaxın müraciət edənlərdən cəmi 500-dək insana status gəlib. Gürcüstanın yaratdığı bürokratik əngəllərlə yanaşı, bu ölkədə 2008-ci ildə başlayan Rusiya-Gürcüstan müharibəsi də ahıska türklərinin doğma torpaqlara qayıtması işini ləngidibr. Hazırda Gürcüstanın müxtəlif bölgələrində cəmi minə yaxın ahıska türkü var. Onlardan yanız 32 ailə məhz dədə-baba torpaqlarında yaşayır. Gürcüstan vətəndaşı olmayanları gündəlik həyatlarında çətinliklər çəkir. Belə ki, orta məktəbi bitirən ahıska türkü attestat ala bilmir, bütün məişət xidmətləri, həkim və digər ictimai xidmətlər ödənişlidir.

Azərbaycanda axıskalılarla bağlı ayrı-seçkilik yoxdur

Gürcüstandan fərqli olaraq, Azərbaycanda yaşayan ahıskalıların mütləq əksəriyəti ölkə vətəndaşlarıdır. Ahıskalıların köç etdiyi digər ölklərdən fərqli olaraq, Azərbaycan onlara nəinki dərhal vətəndaşlıq, həmçinin 1994-96 illər aparılan torpaq islahatı çərçivəsində ahıska ailəsinin hər bir üzvünə 60 sot ərazisi olan torpaq payı verib. Bundan əvvəl hələ sovet dövründə ahıska türklərinə azsaylı xalq kimi ali məktəblərə qəbulda qüzəşt edilməsi ilə bağlı qərar qəbul olunmuşdu.

Məsələ burasındadır ki, deportasiyadan sonra 1944-1956-ci illərdə tətbiq edilən xüsusi komendant rejimi səbəbindən ahıskalılar yaşadıqları ərazini tərk edə bilmirdi. Bu səbəbdən ahıskalılar arasında ali təhsilli mütəxəssis - həkim, mühəndis, müəllim, meliorator, demək olar, yox idi.

İcmadan olan indiki kadrların mütləq əksəriyyəti məhz o qüzəşt qərarı əsasında ali məktəblərə daxil olan ahıskalılardır. Nəhayət, Azərbaycanda Azərbaycan türkləri ilə ahıska türkləri arasında heç bir ayrı-seçkilik qoyulmur.

İki xalqın xeyiri də, şəri də birdir

Fətəlikənd Nəsimikəndin qonşuluğunda yerləşən, əhalisi qarışıq olan kəndlərdən biridir. Əvvəllər Seversk adlanan kəndin əhalisinin70 faizi ahıskalılar, 30 faizi isə azərbaycanlılardır. Yerli azərbaycanlı sakin Vahid Əsədovun doğulduğu il ahıska türkləri kəndə məskunlaşmağa başlayıb.

 

62 yaşlı ingilis dili müəllmi ahıskalılar və azərbaycanlıların həyat tərzlərində, yaşayışlarında və məşğuliyyətlərində fərq görmür. Üç uşaq atası deyir, bura köçəndən sonra ahıskalılar özlərilə bir çox yeniliklər gətirdilər.

“Onlardan qabaq yerli camaat nə işləyən idilər, nə də ki, bu qədər çox əkin növlərini bilirdilər. Yerli camaat onlara baxıb onlar nə əkirdilər, onu əkdilər. Məsələn, süpürgə, kələm, qarğıdalı, yer funduğu, yer kökü və s. Bunları ahıskalılar burada əkərək populyarlaşdırdı.

Ahıskalılarla birgə yaşayan azərbaycanlılar onların düzgün, qonşucanlı və dostcanlı olduqarını deyirlər. İki xalqın xeyiri də, şəri də birdir. Belə şərlərdən biri, Birinci Qarabağ müharibəsində ahıska icması 86 şəhid verib, onlardan biri İsgəndər Aznaurov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. İkinci savaşda - doqquz nəfər şəhid oldu. İki müharibədəki itkilərin arasında fərq Azərbaycanın ikinci müharibəyə daha mütəşəkkil halda hazırlaşması olub.

“Müharibə davam edərkən, heç yana çıxıb getmk barədə düşünmürdük”

Birinci müharibə zamanı və ərəfəsində ahıska türkəri ilə yanaşı, Ermənistandan yüz minlərlə qaçqın Azərbaycanın müxtəlif bölgələrində məskunlaşmağa başlayıb.

Ölkədəki çətin iqtisadi və hərbi vəziyyət bir çox ahıskalıları ölkəni tərk etməyə sövq etmişdi. Onlardan biri Ali bəyin kənddəki qapı qonşusu Gülalı Əyyubovdur. Kiyev Politexnik İnstitutunu 1990-cı ildə bitirən Gülalı bəy qısa müddətə Azərbaycana ahıska icmasından olan bir xanımla ailə həyatı qurmaq üçün qayıtdı və yenidən Ukraynaya yollandı.

İki uşaq atası olan 58 yaşlı iş adamının ailəsi Ukrayna paytaxtında yaşayan 20 ahıska ailəsindən biridir. Gülalı Əyyubov deyir sovet dövründəki ənənəyə zidd olaraq diplom alıb doğma kəndə istiqamət almayan ilk nəslin nümayəndəsidir. O, 1990-cı illərdən bu günənək müxtəlif sahələrdə özünü sınayıb. Birinci, öz ixtisasına uyğun elektromühəriklərə aid atelye açıb, sonra kolxozlarla əməkdalıq edib şəkər çuğunduru əkib, nəhayət qida sənayəsində təhcizatçı kimi çalışıb. Son 18 il həyat yoldaşı Zeycan xanımla birgə uşağ geyimlərinin satışı və tekstil sahəsində fəaliyyyət göstərir. Ailə Türkiyənin tikiş fabriklərindən birinin Ukraynadakı nümayəndəsidir.

 

Övladlarından fərqli olaraq o ukrayınca yaxşı bilmir və ailə üzvləri ilə rusca və ya doğma dilində danışır. Xüsusilə böyük şəhərlərdə yaşayan gənc ahıskalıların Ukrayna cəmiyyətinə daha yaxşı inteqrasiya olmasına rəğmən, Gülalı bəy şaddır ki, qızı məhz ahıska türkünə ərə gedib. Hazırda iki nəvəsi var.

Gülalı bəy deyir ailəsi ilə birgə hər il ya Türkiyəyə, ya Azərbaycana səfər edir. Doğulduğu kəndlə əlaqəni kəsmir, çalışır toy-nişan məclislərində iştirak etsin. Onun fikrincə, Türkiyədəki türklər ahıskalıları azərbaycanlılar kimi qəbul edir. O əmindir ki, ailə burada qalsa, danışdığı doğma dil Azərbaycandakı ahıskalıların danışdığı türkçə olacaq.

Kiyevdəki icma nümayəndələri bir-birini yaxşı tanıyır, tez-tez toplaşır və bir-birninə dəstək olmağa çalışırlar. Amma icma təkcə özünə qapanmadığını Ukraynanın ən yeni tarixindəki son hadisələr zamanı sübut etdi. Belə ki, 2014-cü il hakimiyyət dəyişikliyi zamanı ahıska türkləri könüllü olaraq paytaxtdakı etirazçılara əlindən gələn köməkliyi göstərirdi. Kimi dava-dərman, kimi sarğılar gətirir, ilk tibbi yardım göstərirdi. Müharibə vaxtı isə Gülalı bəy icma üzvləri ilə birgə həm Kiyev, həm də qonşu İrpen şəhərdəki hərbi xəstəxanalarda müalicə alan döyüşçülərə yeməklər, cəhbə bölgəsinə yaxın ərazilərdə olan hərbçilərə isə isti paltarlar aparırdı. Bundan əlavə ianə və yardım toplayan xüsusi təşkilatlar var idi ki, ahıska icması ora lazımi əşyaları yığıb göndərirdi.

“Biz bunları Azərbaycanda görmüşdük, bilirdik müharibə nədir. Müharibə başlayanda, şəxsən mən döyüşməyə hazır idim. Biz müharibə davam edərkən, heç yana çıxıb getmk barədə düşünmürdük. Mən deyəndə ki, bu münaqişə uzanacaq, mənə heç kəs inanmırdı. Azərbaycanda neçə il davam elədi, burada da belə olacaq. Mənə deyirdilər indi tez həll edərik. Artıq yeddi il keçib. Bilinmir nə qədər davam edəcək.”

Gülalı bəy deyir hər şeyə hazırdılar və istisna etmir ki, sağlığında həyatlarını dəyişəcək və məskunlaşdığı yeri dəyişməyə vadar edəcək bir hadisə baş verməyəcək. Donetsk vilayətinin Slavyansk şəhərində yaşamış qohumlarını misal gətirir. Mürahibə gedərkən şəhəri müvəqqəti işğal edən separatçılar onlara ağacları kəsib yollarda barrikada qurmaq və keşik çəkməyi əmr etmişdilər. Şəhər Ukrayna ordusunun nəzarətinə keçəndən sonra çox keçmədən həmin qohumun ailəsi Türkiyəyə köçdü.

Ahıskalılar Ukraynanın şərqini tərk edir

2014-cü il müharibəsində Slavyanska 310 ahıska ailəsi yaşayıb. Onlar əsasən şəhərin özündə və iki ətraf kənddə - Nikolayevka və Semyonovkada məskunlaşıblar. Onların əksəriyyəti 1990-ci illərin əvvəlində Rusiyadan yerli insanların mənfi münasibəti və hakimiyyət orqanları tərəfindən ayrı-seçkiliklə üzləşərək bura köçüblər. Bir çoxunun qohumları indi də ya Şimali Qafqaz respublikalarında, ya da ki, Rusiyanın Ukrayna ilə həmsərhəd bölgələrində yaşayır.

2014-cü ilin may-iyul aylarında Slavyansk şəhərində hökümət qüvvələri ilə separatçılar apasında şiddətli döyüşlər zamanı bir çox ahıskalı öz ailə üzvlərini məhz sərhədin o tayındakı qohumlarının yanına daşıdı. Şəhər üzrə icma rəhbəri Sədri Əhmədov da istisna deyildi. Separatçıların atdığı mərmi yenicə təmir olunmuş evinin yarısını dağıtdı, maşını, mal-qarasını məhv etdi, özü isə bu hadisələr nəticəsində şəkərli diabet xəstəsi oldu.

“Saat 11 olardı, uşaqlarla internet vasitəsilə danışırıdrm. Hiss etdim ki, ağır texnika gəlir. BTR düz evimizin yanında durub atmağa başladı.Elə həmin an döyüş başladı. Evdəkilərə dedim qaçsınlar zirzəmiyə. Gecə saat üç idı. Çıxdım görüm vəziyyət necədir. Baxıram ki, evin yarısı yoxdur.”

Bir neçə gün sonra Sədrinin həyat yoldaşı Altun xanım tibb bacısı kimi çalışdığı psixiatrik xəstəxana mərmi atəşinə məruz qalır. Xoşbəxtlikdən nə xəstələr, nə də ki həkim personalı xəsarət almır. Lakin tibb müəssisəsi yararsız hala düşür. Yeddi il ərzində evinin təmirini bitirə bilməyən icma sədri etiraf edir ki, müharibədən əvvəlki həvəsdən heç nə qalmayıb. Atəşkəsdən sonra yaranmış qeyri-müəyyənlik icma üzvləri və onun özünn vəziyyətinin nə ilə bitəcəyindən işarə vermir. İcma sədri əmindir ki, Slavyanskda qalan 100 ahıska ailəsi Türkiyəyə köçüb gedəndən sonra özü də buranı tərk edəcək.

Ahıska türklərinin Türkiyəyə köçü dövlət proqramı əsasında aparılır və 2015 ci ilin sonunda Türkiyənin müvafiq nazirliyi tərəfindən həyata keçirilir. Slavyanskdakı ahıskalılar Türkiyənin Ərzincan vilayətinə yeni tikilmiş yaşayış komplekslərinə köçürülür. Slavyanskdan ilk dəfə 220-dək ailə avtobuslarla Xarkov hava limanına daşındı və təyyarə ilə Türkiyəyə köçürüldü. Ümumilikdə, bu bölgədən 677 ahıska ailəsinin çıxarılması planlaşdırılırdı. Amma hələ də 100-dək ahıska ailəsi qalmaqdadır. Hazırda epidemioloji vəziyyətlə əlaqədar təyyarə ilə ahıskaların Türkiyəyə daşınması müvəqqəti dayandırılıb. Lakin əksəriyyəti artıq vətəndaşlıqlarını alıb. Türkiyədə məskunlaşanlar ilk 5 il ərzində pul muavintlərlər alır, bir və ya ikimərtəbəli evlərlə, müvəqqəti də olsa işlə təmin edilirlər. Kimi süpürgəçi, kimi beton qarışdıran, kimi bağban və s.

Ahıskalılar Ukraynanın şərqində kənd təşərrüfatı ilə məşğuldur

Atəşkəs rejimi təyin ediləndən sonra hər iki ölkənin vətəndaşı olan və sərhədboyu bölgələrdə yaşayan ahıskalılar bir-birini ziyarət edə bilmir. Ahıskalıların əksəriyyəti işin olmaması səbəbindən kənd təşərrüfatı ilə məşğuldur. Əkib-becərilən və yaxın şəhərlərin bazarlarına çıxarılan tərəvəzlər arasında pomidor, kələm, badımcan, bibər, göyərti, balqabağı qeyd etmək olar. Lazım olanda ahıskaılılar yerli ukraynalıları işə cəlb edir.

 

Hazırda Slavyanskada qalan ahıskalıları şərti olaraq iki yerə bölmək olar - evlərini sata bilmədiyi üçün hələ də Türkiyəyə köçməyənlər və ilin yarısını Türkiyədə, digər hissəsini isə Ukraynada keçirməyə üstünlük verənlər.

51 yaşlı Kamil Başatovun ailəsi birincilərə aiddir. Üç oğul və bir qız atası Ukraynaya 1989-cu ildə köçüb. Əvvəl sürücü, sonra isə zavodda fəhlə kimi çalışıb. Kolxozlar dağılandan sonra ona 16 hektar torpaq payı düşüb və onu əkib-becərməyə başlayıb. Müharibədən acı xatirələr kimi darvazası və həyət divarları üzərində olan qüllə izlərini sezmək olar. Deyir indiyədək darvazanı dəyişmək olardı, amma xatirələri dəyişmək olmur. Deyir əvvəl heç kəs inanmırdı ki, yaranan gərginlik əsl müharibəyə çevriləcək.

Sonra şəhər daxili hərəkət emək üçün dörd post keçməyə məcbur oldular. Nəhayət, qondarma postları quran separatçılar hər dəfə onu keçəndə Kamil bəy və qonşularından ya pul, ya da əkib becərdiyi məhsulun bir hissəsini istəməyə başladılar.

Kamil Başatov Slavyanskda iki ay davam edən döyüşlər zamanı ailə üzvlərini Rusiyada yaşayan qızıgilə aparıb. O vaxt 3 yaşı olan kiçik oğlunun pasportunda şəkil olmadığından sərhədi keçməyə icazə verməyiblər. Məcburiyyət qarşısındea ailə üzvlərini Kramatork şəhərində yerləşdirərək özü təsərrüfatına, evinə qayıdıb. Şəhər Ukrayna hərbilərinin nəzarətinə keçəndən sonra ailə üzvləri geri dönə bilib. Sonra isə Türkiyəyə köçmək imkanı yaranıb.

“Bu isə o deməkdir ki, hər şeyi satmaq lazımdır. Amma orada yaşaya biləcəyim pula bu evi sata bilməyəcəm. Nə olsun ki, pulsuz ev verirlər. Gərək iş olsun. Ev evdir də. Həmin qiymətə burda evi sata bilməyəcəksən. Bura indi müharibə zonası hesab olunur. Dəyər – dəyməzinə , əlbəttə ki, alacaqlar, amma adam belə etmək istəmir axı.”

Kamil Başatov deyir buralar yaxşı olsa, Türkiyəyə köçməyə dəyməz. Ən pis halda, oğulları gedib Türkiyədəki evdə qalacaq, özü isə Slavyanska.

Yaşıyış şəraiti pis olanlar Türkiyəyə köçməyi səbrsizliklə gözləyir

Ev şəraiti pis olanlar isə Türkiyəyə köçmək üçün lazımi sənədlərin hazır olmasını gözləyir. Söhbət əmək və istirahət düşərqəsinin ərazisində yaşayan bir neçə ahıska ailəsindən gedir. Ahıska türkləri Slavyanskda məskunlaşanda ilk yerləşdirildikləri məkan məhz bu altı korpuslu düşərqə olub. Vaxt keçdikcə gündəlik güzaranlarını yaxşılaşdıran ahıskalılar əldə etdikləri torpaq sahələrində ev tikiblər. Maddi vəziyyəti zəif olanlar isə burada qalıb. Müharibədən əvvəl düşərqədə 300 nəfər yaşayırdısa, indi bir neçə ailə qalıb.

57 yaşlı Süleyman İzzətov həmin ailələrdən birinin başçısıdır. Ailədə həyat yoldaşı ilə özündən başqa üç oğlu, iki gəlini və iki nəvəsi var. Müharibə zamanı yaşadığı anları xatırlamaq istəmir. Mərmi atəşi onları tarlada yaxalayıb, uşaqları quyuda gizlədiblər, atışma dayanandan sonra isə düşərqə camaatı dəymiş ziyanı hesablayıb. Ona da bir çox ahıskalı kimi Türkiyədə ev veriblər. Lakin indi müharibənin fəsadları ailə üzvlərinə çoxdandır ki arzulanan Türkiyə Cumhuriyyəti şəxsiyyət vəsiqəsini almağa maneçilik törədir. Həyat yoldaşının səhhəti ilə bağlı problemlərə görə onu təyyarə ilə Türkiyəyə apara bilmir. Mövcud avtomobil yolu isə Rusiya ərazisindən keçir.

“Cemaatin kimliyi var, bizim yox. Vaxtında gedə bilmədik deyə, ala bilmədik. Bu qış getdik imza atdıq, sənədləri göndərdilər Ankaraya, Nə vaxt gələcək kimlk gedib alacayıq. Kimlik versinlər, bir həkim də təyyarədə bizlə olsa gedərik təyyarə ilə. Qış gəlir, 5-6 ailə qalırıq. Həsrətik milləti görməyə. Soyuqlarda kim qapıya çıxacaq. Heç kəs. Gedən gedir, qalan qalır.”

Köçmək ərəfəsində olan ahıskalıların üzləşdiyi dilemma

Ahıskalılara Slavyanskan birdəfəlik köçməyə mane olan bir məqam da var. Söhbət icmanın bu ərazilərdə yaşadığı 32 il ərzində doğmalarını torpağa tapşırdıqları, şəhərdən 10 km aralıda yerləşən, üzü cəbhə xətti istiqamətində olan Qərib Türklər Mazarlığıdır. Məzarlıqda təkcə ahıskalılar yox, bütün müsəlmanlar adət-ənənə ilə torpağa tapşırılır. Bir müddət əvvəl icma nümayəndələri qəbiristanlıq ərazisini yerli hakimiyyət orqanlarından satın-aldılar. İcma nümayəndələri həm bayram, həm matəm günlərində qərbstanlıqda yığışır, ayinlər həyata keçirir, iməclik işləri aparırlar.

64 yaşlı Sabri Muradov kürəkəni ailəsi ilə birgə Qarabağ müharbəsi başlayandan sonra Slavyanska köçüb. O deyir Beyləqan atəşə tutulduğundan və yaxınlıqdakı Füzuli işğal olunduqdan sonra qızının ailəsi təsərrüfatlarına aid nəyi apara bildisə, daha təhlükəsiz Saatlı rayonuna köçdü. Lakin nisbi sakitliyin yaranmasına rəğmən, yekunda Ukraynaya köçdülər. 25 il sonra Ukraynada müharibə başlayanda ailə Türkiyəyə birinci köçənlərdən oldu.

Ağsaqqal deyir 32 il burada yaşayıb və əldə etdiklərinə çətinliklə yiyələnib. Lakin bundan başqa onun doğmaları - atası, anası yaxınlığdakı məzarlıqda uyuyur.

“Burdakıların əksəriyyətində vəziyyət belədir. Necə onları atıb gedəsən? İldə 2-3 dəfə qəbirlərini abadlaşdırmaq lazımdır, otu biçmək. Bu fikir bizi rahat buraxmır. Ev evdir də. 5 manata yox, 2 manata satacaqsan və çıxıb gedəcəksən. Lakin bununla hər şey bitmir axı.”

Gənc yaşlarında müsiqiçi olan müsahibim digər icma üzvləri kimi məşquliyyətini dəyişməli olub. O da meyvə-tərəvəz əkib-becərməklə məşquldur. Deyir, əvvəllər yerli camaat bazarlarda məhsulu az miqdarda, pərakəndə satırdı. Ahıska türkləri topdan satışla məşqul olmağa başlayandan meyvə-tərəvəzin qiyməti düşməklə yanaşı, məhsullarını nəinki Slavyansk, qonşu Konstantinovka, Xarkov hətta qonşu Rusiya və Belarus bazarlarına çıxarmağa başlayıblar.

Bazarların məhsulla doldurulduğunu yerli ukraynalılar da etiraf edir. İki icma 30 ildən çox yanaşı yaşayıb. Lakin ukraynalıların əksəriyyəti ahıskalıların bura haradan və hansı səbəbdən gəldiyini bilmir. Yerli sakinlərin qənaətinə görə, ahıskalılar Slavyanskı tam tərk etsə, bu bazarda rəqabətə təsir etməyəcək. çünki ukraynalılar daha çox pərakəndə, ahıskalılar isə topdan satışla məşğuldur. Ahıska camaatının zəhmətkeş, dinc və mehriban olduğunu deyən ukraynalılar onları artıq qaçqın yox, özünükülər hesab edir.

“Ukraynalılar bizi yaxşı qəbul edib bizə qarşı biqanə deyirlər”

56 yaşlı Məhəmməd Xəlilov 18 ildir Kramatorsk şəhər bazarının süd məmulatları şöbəsində çalışıb. Bazardakı həmkarlarından kimi ona Maqomed, kimi isə Mişa deyə müraciət edir. Üç uşaq atası ailəsini uzun illərdir pendir hazırlamaqla dollandıır. Ona bu sənəti yerli bir yunan öyrədib.

"Brınzanın yetişməsini gözləyirəm və suyu 80 dərəcəyədək qızdırıram. Əgər brınza həmin anda dartılsa deməli hazırdır. Geciksən, pendir qırılmağa və qıcıqrmaya başlayır. Bunun baş verməməsi üçün alüminium qaşıqla hər saat yoxlamalısan. Məqamı əldən versən, südü, hər şeyi atmalı olacaqsan. Pendir istənilən an hazır ola bilər. Sonra onu yemiş kimi dilimlərlə nazik kəsirlər. Sonra böyük qazana qoyursan və su tökürsən. Çox isti olmaz, pendirin yağı gedə bilər. Sonra onu qarışıdrırsan, o da bir araya gəlir, 15 dəq ərzində soyuq su səpirsən üstünə. Əgər hisə qoyuruqsa, 1 sutka qalmalıdır, əgər his olmasa-15 dəq."

Məhəmməd hazırladığı pendirin bir kiloqramını 300 qrivnaya, yəni 20 manata satır. Fəxrlə söyləyir ki, pendir üçün ABŞ, Rusiya, İsrail, Ukraynanın digər bölgələrindən sifarişlər alır.

Məhəmməd ailəsi ilə Orta Asiyadan Krasnodara, sonra Azərbaycana, ordan isə Çeçenistanda daşınıb. Ailə birinci məskənini yerli əhali tərəfindən yeni gələnlərə qarşı mənfi münasibətə, Azərbaycanı məskunlaşmaq üçün boş yer tapa bilmədikləri üçün, Çeçenistanı isə orada başlayan müharibəyə görə tərk edib. 1994-cü ildə tammiqyaslı hərbi münaqişə başlayanda, Məhəmməd ailəsini qonşu İnquşetiya, Osetiya və Kabardino-Balkariyaya aparıb,özü isə Çeçenistana qayıdıb. Yekunda, qeyri-sabit vəziyyət ailəni Məhəməddin həyat yoldaşının qohumlarının yaşadığı Donetsk vilayətinin Krasnıy Liman şəhərinə köçməyə vadar edib.

Türkiyəyə getməzdən əvvəl həftədə 3 dəfə bazarda idi, pendirin hazırlanması üçün südü isə təşərrüdatında olan 40 dək inək verirdi. 2017 ci ildə bütün ev-eşiyini satandan sonra Türkiyəyə köçüb. "Atamı Türkiyəyə 2017-ci ilin aprelində apardım . Üstündən 10 gün keçmədi atam rəhmətə getdi. İnfarkt oldu. Bilmədim anladı ki, Türkiyədədir. Həmişə deyərdi ki, torpağım orda olsun."

İlyarım orada yaşayandan sonra Məhəmməd bəy ailəsi ilə iki ölkədə yaşamağ qərarına gəldi. Yaz-payız mövsumunu Ukraynada, qışı isə Türkiyədə keçirmək. Məhəmmədin dənizdə çalışan oğlu ailəni dəstəklədiyindən pendirdər gələn gəlir daha çox əlavə xərclərin ödənilməsinə sərf olunur.

Onun ən böyük istəyi - Ukrayna ilə Türkiyə arasında ikili vətəndaşlığın tanınmasıdır. Belə olacağı təqdirdə bir çox burda qalan ahıskalılar kimi iki dövlətə işləyib-yaşamaq mümkün olacaq.

“Biz burada və orada yaşayırıq. Bu yeridə çox xoşlayırıq. Ukraynalılar bizi yaxşı qəbul edib bizə qarşı biqanə deyirlər. Biz ukraynalıyıq”, - Məhəmməd sözünü tamamlayır.

İsmayıl Fətəliyev

Vizual: Romaniya Qorbaç

Son xəbərlər

Orphus sistemi