XTQ giziri Şuşada erməni tankını vurmasından danışır: “Düşmənin beli qırıldı”

XTQ giziri Şuşada erməni tankını vurmasından danışır: “Düşmənin beli qırıldı” “Şuşanın Qarabağın döyünən ürəyi olduğunu hamımız yaxşı bilirdik. Çətin relyefə malik olan Şuşanın azad edilməsi hər bir döyüşçünün əsas missiyası idi”.
Qarabağ
8 Noyabr , 2021 17:44
XTQ giziri Şuşada erməni tankını vurmasından danışır: “Düşmənin beli qırıldı”

“Şuşanın Qarabağın döyünən ürəyi olduğunu hamımız yaxşı bilirdik. Çətin relyefə malik olan Şuşanın azad edilməsi hər bir döyüşçünün əsas missiyası idi”.

Bunu “Report”a müsahibəsində Azərbaycan Ordusunun ehtiyatda olan hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) giziri, Şuşa döyüşlərinin iştirakçısı Ziya Həsənli deyib.

Onun sözlərinə görə, Ermənistan silahlı birləşmələri Şuşanı şimaldan Xankəndi istiqamətindən, şərqdən Xocavənd istiqamətindən və qərbdən isə Laçın istiqamətindən nəzarətdə saxlayırdı: “Bütün dünyada yaşayış məntəqələrində aparılan hərbi əməliyyatlar ən çətin döyüş növü kimi qəbul edilir. Həm də Azərbaycan Ordusu üçün vəziyyəti mürəkkəbləşdirən bu idi ki, Ordumuzun irəlilədiyi cənub istiqamətinə Ermənistan hərbi rəhbərliyi özünün ən "elitar", "döyüş qabiliyyətli" hissələrini döyüşə atmışdı. Amma ruh və əzm bizim Orduda yüksək olduğundan düşmən qarşımızda duruş gətirə bilmədi.

Şuşa şəhərinin içərisində yaxın məsafədən şiddətli şəkildə, hətta əlbəyaxa döyüşlər başladı. Yenilməz Azərbaycan əsgərləri misli görünməmiş igidlik göstərərək noyabrın 7-də şəhəri tam nəzarət altına aldılar. Şəhərdən geri çəkilən düşmən qüvvələri çox ağır itkilər verdi”.

Z.Həsənli düşmən tərəfindən çəkilən videogörüntülərdə Ermənistan silahlı birləşmələrinin tankının vurulması anından da danışıb: "Orada dağıdılmış üçmərtəbəli bir bina var idi. Dostum Dinarla ora qalxdıq. Həmin yerdə tank əlehinə raketi quraşdırdıq. Daha sonra düşmən tankı ərazidən keçəndə onu vurmağa müvəffəq olduq. Bu, bizim üçün çox böyük üstünlük oldu. Çünki düşmən bu ana kimi elə bilirdi ki, bizdə tankı vurmağa silahımız yoxdu. Həmin tankın vurulmasından sonra onların 6-7 tankı da məhv edildi və düşmənin beli qırıldı".

Qazi bildirib ki, Şuşa işğaldan azad ediləndən sonra düşmən şəhəri yenidən ələ keçirməyə cəhd göstərib: "Lakin ermənilər itki verərək geri otuzduruldu. Bu vaxt artıq şəhərə Azərbaycan Ordusunun əlavə qüvvələri yeridilmişdi və onlar düşmənin bir neçə əks-hücumunu dəf edərək Şuşada möhkəmləndi.

Noyabrın 8-də ermənilər dayanmadan bizi Xankəndi istiqamətindən minaatanlar vasitəsi ilə atəşə tutmağa başladılar. Biz Şuşa qalasını mühafizə edirdik, çünki düşmən oranı alsaydı, böyük üstünlük əldə etmiş olardı. Mən də həmin qrupun tərkibində idim. Düşmənin minatan batareyalarından atılan atəş nəticəsində başımdan və ayağımdan yaralandım. Həmin an hospitala təxliyə edildim. Yolda gedərkən eşitdim ki, artıq müharibə qələbəmizlə yekunlaşıb".

Son xəbərlər

Orphus sistemi