XİN: booking.com-un Qarabağa qanunsuz mehmanxana sifarişlərini bərpa etməsi çirkli pulların yuyulmasına xidmət edir

XİN: booking.com-un Qarabağa qanunsuz mehmanxana sifarişlərini bərpa etməsi çirkli pulların yuyulmasına xidmət edir Hikmət Hacıyev: "Bu addım beynəlxalq qanunlara və mənəvi çərçivələrə sığmır"
Qarabağ
17 Noyabr , 2017 12:42
XİN: booking.com-un Qarabağa qanunsuz mehmanxana sifarişlərini bərpa etməsi çirkli pulların yuyulmasına xidmət edir
Report

Bakı. 17 noyabr. REPORT.AZ/ "Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) və Mədəniyyət və Turizm Nazirliyinin ciddi etirazından sonra internet vasitəsilə mehmanxana sifarişlərini həyata keçirən booking.com Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərində qanunsuz mehmanxana sifarişlərini dayandırmışdı. Apardığımız araşdırmalar nəticəsində müəyyən olunub ki, Hollandiya ərazisində qeydiyyatda olan göstərən booking.com qanunsuz fəaliyyətini yenidən bərpa edib və Azərbaycanın işğal olunmuş ərazilərindən mehmanxana sifarişlərini həyata keçirməyə başlayıb".

Bunu "Report"un sorğusuna cavab olaraq XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. 

O vurğulayıb ki, booking.com şirkəti tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinin turizm məntəqəsi kimi təşviq edilməsi və orada mehmanxana sifarişlərinin həyata keçirilməsi beynəlxalq hüququn norma və prinsipləri, Ümumdünya Turizm Təşkilatının Nizamnaməsi, Turizmə dair Qlobal Etik Məcəllə, ÜTT-nin İcraiyyə Şurasının müvafiq qərar və tövsiyələrinə tamamilə ziddir: "Bir milyondan artıq azərbaycanlıya qarşı qanlı etnik təmizləmənin törədildiyi işğal olunmuş ərazilərin turizm məntəqəsi kimi təşviq edilməsi və mehmanxana rezervasiyasının həyata keçirilməsi hər hansı mənəvi çərçivələrə də sığmır.

Azərbaycanın işğal olunmuş əraziləri qanuni beynəlxalq pul köçürmə əməliyyatları üçün qapalı olduğu halda, booking.com üzərindən onlayn ödənişlər edilərək işğal olunmuş ərazilərdə mehmanxana reservasiyası və booking.com-un bundan qazanc əldə etməsi qanunsuz beynəlxalq ödəmə əməliyyatları və çirkli pulların yuyulması anlamına da gəlir.

Təəssüf edirik ki, korporativ biznes etik qaydalarına zidd olaraq bu kimi davranış ilə şirkət özü haqqında qeyri-ciddi təəssürat yaradır və öz nüfuzuna xələl gətirir".

H.Hacıyev bildirib ki, məsələ ilə əlaqədar XİN və Mədəniyyət və Turizm Nazirliyi əlaqələndirilmiş şəkildə müvafiq tədbirlər görür. Onun sözlərinə görə, bununla bağlı Azərbaycanın Hollandiyadakı səfirliyinə də təlimat göndərilib. 

Son xəbərlər

Orphus sistemi