Azərbaycanın XİN başçısı: "Qarabağ münaqişəsinin həlli üçün aparılan danışıqların formatı dəyişilməz olaraq qalır"

Azərbaycanın XİN başçısı: "Qarabağ münaqişəsinin həlli üçün aparılan danışıqların formatı dəyişilməz olaraq qalır" Bakı. 25 dekabr. REPORT.AZ/ Öncə qeyd etmək istərdim ki, ölkəmizin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyi dəfələrlə ən yüksək səviyyədə bütün platformalarda səsləndirilmişdir. Münaqişə Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyi əsasında həll olunmalıdır.
Qarabağ
25 Dekabr , 2018 10:34
Azərbaycanın XİN başçısı: Qarabağ münaqişəsinin həlli üçün aparılan danışıqların formatı dəyişilməz olaraq qalır
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov / Report/ Elshan Baba

Bakı. 25 dekabr. REPORT.AZ/ "Öncə qeyd etmək istərdim ki, ölkəmizin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyi dəfələrlə ən yüksək səviyyədə bütün platformalarda səsləndirilmişdir. Münaqişə Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyi əsasında həll olunmalıdır".

Bunu "Report"un sualına cavab olaraq Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

Nazir qeyd edib ki, münaqişənin həllinin hüquqi bazasına ilk növbədə, dünyada sülh və təhlükəsizliyin təmin olunmasına cavabdeh olan BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 4 qətnaməsi, çoxsaylı digər beynəlxalq təşkilatların qərar və qətnamələri, o cümlədən, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, GUAM, NATO, Avropa Parlamenti və digər sənədlər,eləcə də ikitərəfli və çoxtərəfli formatlarda qəbul edilmiş birgə sənədlər daxildir: "Təəssüf ki, uzun illərdir münaqişənin həlli üzrə aparılan danışıqlar öz nəticəsini verməmişdir. Ermənistanda baş verən son hadisələr, eləcə də Azərbaycan Respublikasının Prezidenti ilə Ermənistan Baş naziri arasında MDB-nin Düşənbə və Sankt-Peterburq zirvə görüşləri çərçivəsində baş tutan söhbətlər və mənimlə ermənistanlı həmkarım arasında keçirilmiş 3 görüş danışıqlar prosesinin irəli aparılması baxımından müəyyən optimizm vəd edir. Bu ilin 6 dekabr tarixində ATƏT-in Milanda keçirilmiş nazirlər görüşü çərçivəsində qəbul olunmuş ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin nümayəndə heyətlərinin rəhbərləri, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin birgə bəyanatında qeyd olunur ki, münaqişənin sülh yolu ilə ədalətli və davamlı həlli üzrə danışıqların davam etdirilməsi razılaşdırıldı. Bu isə o deməkdir ki, danışıqların formatı dəyişilməz olaraq qalır. Burada, həmçinin iki ölkənin rəhbərləri səviyyəsində Düşənbədə əldə olunan razılaşmaya riayət olunması və hər iki ölkə əhalisinin sülhə hazırlanması üçün konkret addımların atılması çağırışı əks olunur. Vacib məqamlardan digəri isə, birgə bəyanatda münaqişənin ədalətli və davamlı həllinin təşviq edilməsi üçün yaxın gələcəkdə Azərbaycan və Ermənistan rəhbərliyi səviyyəsində intensiv nəticəyə yönəlik danışıqların keçirilməsi fikrinin əks olunmasıdır. Bildirmək istərdim ki, bu yanaşma ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən tam dəstəklənir.

Ümumiyyətlə, qeyd etmək istərdim ki, bu ilin dekabrında keçirilən seçkilərdən sonra Ermənistanın hazırkı rəhbərliyi, münaqişənin həlli istiqamətində siyasi iradəsini nümayiş etdirməli və mehriban qonşuluq fəlsəfəsinə uyğun olaraq bölgədə sülh, sabitlik və davamlı inkişafın əldə olunması istiqamətində çalışmalıdır".

Son xəbərlər

Orphus sistemi