Bakı. 18 mart. REPORT.AZ/ "ATƏT-in Minsk qrupunun həmsədrləri mandatlarına uyğun olaraq təsirli tədbirlər görməli və erməni tərəfindən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini tələb etməlidirlər".
"Report" xəbər verir ki, bunu "Kommersant" qəzetinə müsahibəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.
Xarici işlər naziri jurnalistin "nə üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində obyektiv nəzarət mexanizmi yaradılmayıb?" sualına belə cavab verib:
"Atəşkəs rejiminin pozulması nəticəsində ölənlərin böyük əksəriyyəti Azərbaycanın mülki əhalisidir. Qarşı tərəfdə ümumiyyətlə itki yoxdur. Onlar yalnız Azərbaycan millətinə mənsub olduqlarına görə, əsrlərdir yaşadıqları yerlərdən zor gücü ilə qovulublar. Belə bir mexanizmin işə salınması zərurətinin olduğunu gündəliyə İrəvan qəsdən çıxarır. Bu texniki məsələdir və diqqəti münaqişənin hüquqi və siyasi baxımdan hərtərəfli həllindən yayındırmaq, status-kvonu saxlamaq və Azərbaycan torpaqlarının işğalını davam etdirmək üçün Ermənistana lazımdır. Biz əvvəllər də demişik ki, insidentlərin araşdırılması mexanizmini erməni qoşunlarının oradan çıxarılması prosesində tətbiq etmək olar. Onlar Azərbaycan ərazilərini tərk etsinlər, insidentlər də bilmərrə bitəcək, araşdırmalı bir şey qalmayacaq".
Elmar Məmmədyarov "ATƏT-in Minsk qrupunun fəaliyyətinə əlavə olaraq nizamlanma prosesinə bir də danışıqlar formatlarının qoşulmasına gərək varmı? sualına cavab olaraq bildirib ki, velosipedi yenidən icad etmək lazım deyil:
"Münaqişənin hüquqi həlli əsasları BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin bütün işğal olunmuş Azərbaycan ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən müvafiq qətnamələri ilə çoxdan müəyyən olunub. Minsk qrupunun həmsədrləri mandatlarına uyğun olaraq təsirli tədbirlər görməli və erməni tərəfindən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini tələb etməlidirlər. Lakin İrəvan hər cür vəchlə bu prosesə mane olur və həmsədrlər də bunu çox gözəl bilirlər".