XİN başçısı: "Fransa Qarabağ münaqişəsinin həlli üçün səylərini daha da gücləndirir" - EKSKLÜZİV

XİN başçısı: "Fransa Qarabağ münaqişəsinin həlli üçün səylərini daha da gücləndirir" - EKSKLÜZİV Fransa Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səylərini daha da gücləndirir.
Qarabağ
19 İyul , 2019 15:43
XİN başçısı: Fransa Qarabağ münaqişəsinin həlli üçün səylərini daha da gücləndirir - EKSKLÜZİV

"Fransa Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səylərini daha da gücləndirir".

"Report"un yerli bürosu xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-İv Lö Drian Fransada Azərbaycanın Dostları Assosiasiyasının (FADA) prezidenti Fransua Manselin məktubuna cavab olaraq bildirib.

XİN başçısı qeyd edib ki, Prezident Emmanuel Makronun ötən il aprelin 5-də vurğuladığı kimi, Fransa Dağlıq Qarabağ münaqişəsinin həllində xüsusi məsuliyyət daşıyır: "Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olaraq ABŞ və Rusiya ilə birgə Dağlıq Qarabağ münaqişəsinin həllində balanslı və ədalətli şəkildə vasitəçilik edir".

Xarici işlər naziri qətiyyətlə bəyan edib ki, Fransanın Dağlıq Qarabağdakı separatçı rejimlə heç bir əlaqəsi yoxdur: "Bu da fəaliyyətimizin ədalətli olması, həmçinin beynəlxalq hüquq qarşısında daşıdığımız öhdəliklərimizdən irəli gəlir. Bu səbəbdən Fransanın yerli idarəetmə orqanlarının da bu məsələ ilə bağlı addımlarının qanunauyğun şəkildə qurulmasını təmin etmək məqsədilə vəziyyəti nəzarətə götürmüşük".

Onun sözlərinə görə, Fransa həm Azərbaycanın, həm də Ermənistanın dostu olmaqla Dağlıq Qarabağ münaqişəsinin tezliklə və danışıqlar yolu ilə həlli üçün vasitəçiliyini davam etdirir və səylərini daha da gücləndirir: "ATƏT-in Minsk qrupunun fransalı həmsədri, səfir Stefani Viskonti vəzifəsi üzərində çox yaxından çalışır. O, rusiyalı və amerikalı həmkarları ilə birgə tez-tez regionda, Dağlıq Qarbağda olur, vəziyyətin gedişatını yaxından öyrənir, əhali ilə danışıqlar aparır. Fransa prezidenti və hökuməti vaxtlı-vaxtında onun səfərləri və nəticələri barədə məlumatlandırılır".

Qeyd edək ki, Fransada Azərbaycanın Dostları Assosiasiyasının (FADA) prezidenti Fransua Mansel prezident Emmanuel Makrona yazdığı məktubda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı narahatlığını bildirmiş və 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində baş vermiş soyqırımına diqqət ayırmağı tövsiyə etmişdi. E.Makron isə məktubu cavablandırmaq üçün xarici işlər naziri Jan-İv Lö Driana göndərmişdi. 

Son xəbərlər

Orphus sistemi