Vətən müharibəsində raket düşən kafe yenidən tikilərək sahibkara verilib

Vətən müharibəsində raket düşən kafe yenidən tikilərək sahibkara verilib Vətən müharibəsində erməni silahlı dəstələri döyüş meydanından qaçaraq Azərbaycanın cəbhə zonasına yaxın şəhər və rayonlarının dinc sakinlərinə qarşı terror həyata keçirdi.
Qarabağ
205
26 Oktyabr , 2021 14:26
Vətən müharibəsində raket düşən kafe yenidən tikilərək sahibkara verilib

Vətən müharibəsində erməni silahlı dəstələri döyüş meydanından qaçaraq Azərbaycanın cəbhə zonasına yaxın şəhər və rayonların dinc sakinlərinə qarşı terror həyata keçirdi.

"Report"un Qarabağ bürosu xəbər verir ki, bu qeyri-insani və heç bir müharibə qanunlarına sığmayan vəhişiliklər zamanı içərisində körpələr və qadınlar da olmaqla onlarla dinc sakin dünyasını dəyişdi, yüzlərlə sosial, iaşə, xidmət obyektlərinə və fərdi yaşayış evləri ya tamamilə dağıldı ya da ciddi ziyan dəydi.

Bərdəyə erməni silahlı terrorçularının atdığı rakelərdən biri rayon sakini Pərviz Hümbətova məxsus kafeyə düşüb.

P.Hümbətovun sözlərinə görə, raket kafeyə nahar yeməyi zamanı düşüb: “Oktyabrın 8-də günorta saatları idi. Kafedə müştərilərimiz də var idi. Elə qəfildən göydə partlayış baş verdi. Bir də gördüm ki, üstümüzə nəsə gəlir. Mən qışqırdım ki, hamı qaçsın. Hərə bir tərəfə qaçdı. Raket düz kafenin ortasına düşdü, ətraf toza-tüstüyə büründü. Baxdıq ki, kafedə daş üstündə daş qalmayıb. Buralar bir saniyədə xarabalığa çevrildi, təkcə biz salamat çıxdıq. Düzdür, müxtəlif xəsarətlər alsaq da dünyasını dəyişən olmadı”.

Ali Baş Komandan, Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması məqsədilə yaradılan Dövlət Komissiyasının yekun qərarından sonra evlərin və obyektlərin bərpa-tikinti işlərinə başlanıldı. Ölkə başçısının tapşırığına əsasən, ziyan dəyən tikililər bərpa edilərək sakinlərin ixtiyarına verilib.

Vətən müharibəsində erməni vandalizminin qurbanı olan P.Hümbətova məxsus kafe də yenidən tikilərək sahibkara təqdim olunub.

O, göstərilən qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib: “Allah dövlət başçımız cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın canlarını sağ etsin. Bu kafedən gələn gəlir hesabına 10-dan çox ailə dolanır. Bu ailələrin 45-50 nəfərdən çox üzvünün yeganə ümid yeri olan bu kafeni yenidən tikərək bizə verdilər. Burada bütün işlər Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə tapşırılıb. Çox sağ olsunlar ki, keyfiyyətli iş görüblər”.

Məlumat üçün bildirək ki, Vətən müharibəsi zamanı, ümumilikdə 11 şəhər və rayon ərazisində 13 000-dən çox tikiliyə ziyan dəyib. Ölkə Prezidentinin tapşırığı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzarəti altında 11 300 yaşayış və qeyri-yaşayış obyekti üzrə tikinti və təmir-bərpa işləri tam yekunlaşıb.

Son xəbərlər

Orphus sistemi