Vətən müharibəsi şəhidinin adına inşa edilən bulağın açılışı olub

Vətən müharibəsi şəhidinin adına inşa edilən bulağın açılışı olub Vətən müharibəsi şəhidi Nurlan Pərviz oğlu Eminovun xatirəsinə inşa edilən ehsan bulağının açılışı olub.
Qarabağ
202
24 Yanvar , 2022 18:09
Vətən müharibəsi şəhidinin adına inşa edilən bulağın açılışı olub

Vətən müharibəsi şəhidi Nurlan Pərviz oğlu Eminovun xatirəsinə inşa edilən ehsan bulağının açılışı olub.

"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, bulaq şəhidin ailəsinin şəxsi vəsaiti hesabına Kürdəmir rayonunun Ərəbqubalı kəndində istifadəyə verilib.

Kürdəmir rayon ictimaiyyətinin iştirakı ilə keçirilən tədbirdə şəhidin məzarı önünə gül dəstələri düzülüb, onun əziz xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunub və ehsan süfrəsi təşkil olunub.

Tədbirdə Şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, qazilər, Kürdəmir rayon İcra Hakimiyyətinin nümayəndələri, din xadimləri, mədəniyyət və təhsil işçiləri, rayonun fəal gəncləri, ağsaqqalları və ziyalıları iştirak ediblər.

Tədbirdə çıxış edənlər şəhid N.Eminovun keçdiyi şərəfli həyat yolundan və döyüşlərdə göstərdiyi igidlik və şücaəti barədə danışıblar.

Daha sonra rayonun Ərəbqubalı kənd tam orta məktəbinin şagirdlərinin şəhidlər haqqında hazırladıqları bədii kompozisiya nümayiş olunub.

Qeyd edək ki, şəhid N.Eminov 2 iyul 2000-ci ildə Kürdəmir rayonunun Ərəbqubalı kəndində anadan olub.

2007-2018-ci illərdə Ərəbqubalı kənd tam orta məktəbində təhsil alıb. 2018-ci ildə hərbi xidmətə çağrılan Nurlan Murovdağda "Uğur" yüksəkliyində xidmət edib. Xidmət zamanı kəşfiyyat kursu keçən Nurlan manqa komandiri kimi hər kəsin hörmətini qazanıb. 2020-ci ilin yanvarında xidmətini başa vurub doğma kəndinə qayıtsa da, hərbçi olmaq, Vətənə xidmət etmək istəyi onu rahat buraxmır və o, fevral ayında yenidən Quru Qoşunlarında həmlə qrupunda kəşfiyyatçı kimi hərbi xidmətə davam edir, qısa zamanda baş çavuş rütbəsinə yüksəlir.

Vətən müharibəsində Kəlbəcər istiqamətində döyüşə atılan Nurlan oktyabrın 3-də mühüm əhəmiyyətli yüksəklik olan Canavar postunda qəhrəmancasına döyüşərək şəhid olur. Lakin Nurlanın ailəsi 4 aya yaxın şəhid balasının meyitini axtarır.

Dövlətimizin və Qırmızı xaç komitəsinin səyi nəticəsində Nurlanın nəşi tapılaraq, valideynlərinə təhvil verilir. Nurlan Ərəbqubalı kəndinin qəbiristanlığında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi, şəxsi igidlik və şücaət nümayiş etdirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə N.Eminov “Vətən uğurunda”, “İgidliyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah bütün Şəhidlərimizə rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi