Vətən Müharibəsi Qəhrəmanı: "Laçın-Xankəndi yolunu bağlayıb düşmənin təminatını kəsdik"

Vətən Müharibəsi Qəhrəmanı: "Laçın-Xankəndi yolunu bağlayıb düşmənin təminatını kəsdik" "Mən 27 sentyabrda başlayan müharibədə ilk olaraq Xocavənd istiqamətində gedən döyüşlərdən başladım. Düşmənin bir neçə dəfə hücumlarının qarşısını aldıqdan sonra və onlara ciddi itkilər verdikdən sonra Füzuli istiqamətində gedən döyüşlərə qoşulduq".
Qarabağ
360
25 Yanvar , 2022 17:52
Vətən Müharibəsi Qəhrəmanı: Laçın-Xankəndi yolunu bağlayıb düşmənin təminatını kəsdik

"Vətən müharibəsində ilk olaraq Xocavənd uğrunda gedən döyüşlərə qatıldım. Düşmənin bir neçə dəfə hücumunun qarşısını aldıqdan sonra onlar ciddi itkilər verdi. Daha sonra Füzuli istiqamətində gedən döyüşlərdə iştirak etdim".

Bunu "Report"un Şuşanın Daşaltı kəndinə ezam olunan əməkdaşına açıqlamasında Vətən Müharibəsi Qəhrəmanı, Azərbaycan Ordusunun kapitanı Ramazan Hudulov deyib.

O bildirib ki, Füzuli istiqamətində yaralanıb və buna baxmayaraq döyüşləri davam etdirib: "Noyabrın 3-ü Şuşanın Daşaltı kəndi ətrafında olan Topxana meşəsində toplaşdıq. Səhərisi günü tezdən Daşaltının ətrafında olan bütün yüksəklikləri düşmən tapdağından azad etməyə başladıq. Ermənilərin tankı, topu, artilleriyası ilə mübarizə apararaq hakim yüksəklikləri ələ keçirdik. Artıq noyabrın 4-ü axşam saatlarında Daşaltının içərisinə girərək orda olan düşmən hərbçilərini məhv etmək və ya qovmaq komandası gədi.

Havanın qaranlıq və xüsusən də dumanlı olması səbəbindən qayalıqlarla hərəkət etmək olduqca çətin idi. Sadəcə, yüksəkliklərin birində Daşaltı kəndinin içərisinə tərəf gedən cığır var idi. Mənim rəhbərliyimlə 27 nəfərlik qrupla həmin cığırla Daşaltının içərisinə doğru hərəkət etdik. Hərəkət zamanı minalı sahəyə düşdük, 5 döyüşçüm şəhid oldu, digərləri isə yüngül və ya ağır xəsarətlər aldılar. Onlara tibbi yardım göstərib, təxliyə etdik, sonra komplektləşdik. Noyabrın 5-i səhər yenə yolumuza davam etdik".

Vətən Müharibəsi Qəhrəmanının sözlərinə görə, Azərbaycan Ordusu Daşaltıya üç istiqamətdən hücum edib: "Bölməmizin biri Daşaltının içərisinə, ikincisi qayalıqlarla kəndin sağ istiqamətinə, üçüncü, yəni mənim rəhbərlik etdiyim bölmə isə Laçın-Xankəndi yoluna doğru irəliləməyə başladı. Bir məqamı xüsusi vurğulayım ki, səhər düşmənə gələn təminatı dayandırmaq üçün Laçın-Xankəndi yolunun bağlanılması tapşırığı gəldi. Daşaltının daxilinə hücuma keçən bölməmiz düşmənin mühasirəsinə düşdü. Çünki ermənilər qayalıqların zirvəsində müdafiədə oturmuşdular və taktiki cəhətdən üstün idilər. Buna baxmayaraq, biz Laçın-Xankəndi yolunu bağladıq və düşmənin bütün təminatını kəsdik.

Daşaltı əməliyyatı zamanı Şuşanın digər çıxışını bağlamaq üçün Xüsusi Təyinatlı Qüvvələrimiz bizimlə eyni anda irəliləyərək düşmənin arxa hissəsinə keçdi. Erməni silahlılarının bütün diqqəti bizim üzərimizdə olduğu üçün XTQ-nin gəlişini sezə bilmədilər. XTQ də tapşırığı vaxtında müvəffəqiyyətlə yerinə yetirməyə nail oldu. Şuşanın giriş və çıxışı eyni anda bağlandıqdan sonra düşmən mühasirədə qaldı və onlar məhv edildi, bir qismi isə canlarını qurtararaq qaçdılar.

Bununla da Daşaltı kəndi ilə yanaşı, Şuşa da düşməndən azad edildi. Bölməmizlə birgə Laçın-Xankəndi yolunu bağladığımıza görə Ali Baş Komandan İlham Əliyev tərəfindən ən yüksək fəxri ada - "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görüldüm. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə də can sağlığı arzulayıram".

FOTO / Video: Vüqar Xanlarov

Son xəbərlər

Orphus sistemi