Türk Şurası sədri: "Dünya birliyi Gəncəyə hücumları qınamalıdır"

Türk Şurası sədri: "Dünya birliyi Gəncəyə hücumları qınamalıdır" “Azərbaycan xalqının bu böyük kədərinə, dərdinə şərikik. Yaxınlarını itirənlərin hamısına dərin hüznlə başsağlığı veririk, yaralananlara isə tezliklə şəfa tapmağı diləyirik".
Qarabağ
4209
20 Oktyabr , 2020 14:23
Türk Şurası sədri: Dünya birliyi Gəncəyə hücumları qınamalıdır
Bağdad Əmreyev
0 : 00
0 : 00

“Azərbaycan xalqının bu böyük kədərinə, dərdinə şərikik. Yaxınlarını itirənlərin hamısına dərin hüznlə başsağlığı verir, yaralananlara isə tezliklə şəfa tapmağı diləyirik. Gəncə hərb meydanından uzaqda yerləşən dinc şəhərdir”.

Bu fikirləri “Report”a açıqlamasında Türk Şurasının (Türk Kənəşi) Baş katibi Bağdad Əmreyev Ermənistan ordusunun Gəncəyə raket hücumlarını şərh edərkən deyib.

“Ermənistan ərazisindən Gəncə şəhərinin dinc məhəllələrinə raket zərbəsi endirməyin bəraəti ola bilməz. Bu əməlləri pisləyir, dünya birliyini də pisləməyə çağırırıq”, – o bildirib.

“Biz lap əvvəldən baş verənləri diqqətlə izləyirik. Türk ölkələri, türk dünyası, Türk Şurası olaraq Azərbaycanın işğal olunmuş ərazilərini azad etmək hüquqlarını bütövlükdə, qeyd-şərtsiz dəstəkləyirik. Bu hüquq BMT Təhlükəsizlik Şurası, İslam Əməkdaşlığı Təşkilatının qətnamələrində, ATƏT-in sənədlərində, başqa beynəlxalq hüquqi sənədlərdə təsdiqini tapıb. Türk Şurasının fəaliyyət göstərdiyi 10 il ərzində üzv dövlətlərin rəhbərləri tərəfindən qəbul olunmuş çox sayda sənədlərdə, bəyannamələrdə Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək hüququna malik olduğu qəti şəkildə təsbit olunub”, – qazaxıstanlı diplomat müharibənin qızğın şəkildə davam etməsinə baxmayaraq, bu münaqişənin sülh yolu ilə həllinə ümidi itirmədiklərini vurğulayıb.

O söyləyib: “Əlbəttə, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq miqyasda tanınan sərhədlərinin toxunulmazlığı hüququ çərçivəsində həll olunmasını arzulayırıq. Azərbaycanın mənafeyinə uyğun gələn hər cür sülh danışıqlarını dəstəkləyirik. Bu, qardaş Azərbaycan xalqının haqq işi, azadlıq müharibəsidir, bu müharibədə azərbaycanlı qardaşlarımızın yanındayıq. Qardaş Azərbaycan xalqının işğal olunmuş torpaqlarını azad edəcəklərinə, bütün torpaqlar üzərində Azərbaycanın suveren hüquqlarının bərqərar olacağına inanırıq”.

Son xəbərlər

Orphus sistemi