“Times of Malta”: “Azərbaycan Şuşanı bərpa etmək əzmindədir”

“Times of Malta”: “Azərbaycan Şuşanı bərpa etmək əzmindədir” “Azərbaycan öz mədəniyyət paytaxtını - indi xarabalığa çevrilmiş Şuşa şəhərini bərpa etmək əzmindədir”.
Qarabağ
15 Avqust , 2022 15:03
“Times of Malta”: “Azərbaycan Şuşanı bərpa etmək əzmindədir”

“Azərbaycan öz mədəniyyət paytaxtını - xarabalığa çevrilmiş Şuşa şəhərini bərpa etmək əzmindədir”.

“Report” xəbər verir ki, bu barədə Maltanın UNESCO üzrə Milli Komissiyasının sədri, dünya irsi üzrə tanınmış ekspert Rey Bondinin “Times of Malta” qəzetində dərc olunan “Şuşa – xarabalıqlar içində olan mədəniyyət paytaxtı” başlıqlı məqaləsində deyilir.

Qeyd edək ki, R.Bondin Şuşada keçirilən postmünaqişə dövründə humanitar yardım üzrə beynəlxalq konfransda ekspert qismində iştirak edib. O, həmçinin, təxminən 20 il qabaq UNUESCO-nun İçərişəhərlə bağlı Ümumdünya İrs statusu üçün qiymətləndirilməsi hazırlanarkən Azərbaycanla əməkdaşlıq edib.

Ekspert məqalədə xatırladır ki, Şuşa Azərbaycanın Qarabağ bölgəsinin mədəniyyət paytaxtıdır: “Bura Lüksemburqdan böyük olan regiondur və 30 ildən artıq Ermənistanın işğalı altında olub. Azərbaycan onu yalnız iki il əvvəl müharibə zamanı geri qaytarıb”.

Onun sözlərinə görə, azərbaycanlılar dağlıq ərazidə yerləşən mədəniyyət paytaxtının xarabalıq içində olduğunu görüblər, tikililərin əksəriyyəti dağıdılıb, bəzilərinin isə yalnız fasadı qalıb: “Lakin Azərbaycan öz mədəniyyət paytaxtını bərpa etmək əzmindədir”.

R.Bondin məqalədə vurğulayır ki, Şuşa Azərbaycanın ən yaxşı musiqiçiləri, aktyorları, şairləri və rəssamları ilə tanınır: “Şuşanın Bakıdan uzaqda yerləşməsinə baxmayaraq, bu məqam şəhəri Azərbaycanın mədəniyyət paytaxtına çevirib”.

“Azərbaycanlılar Şuşanı geri qaytaran zaman burada salamat bina yox idi. Şəhərdə 18-ci əsrin ortalarından başlayaraq azərbaycanlılar tərəfindən tikilmiş gözəl memarlıq nümunələri var idi. Lakin indi onların əksəriyyəti mövcud deyil”, - məqalədə deyilir.

Ekspert hazırda azərbaycanlıların Şuşada həm məscidləri, həm də kilsələri bərpa etdiyini vurğulayır: “Bu şəhərin sakinləri öz vətənlərinə çox bağlıdırlar. Amma ermənilər onların bütün evlərini yerlə-yeksan etdiyinə, qəbiristanlıqlarını təhqir etdiyinə və dağıtdığına görə onların geri qayıtması çətinləşib”.

Xatırladaq ki, bu ilin mayında Şuşada “Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda beynəlxalq konfrans keçirilib.

Son xəbərlər

Orphus sistemi