Talış kəndinin yenilənən infrastrukturu - FOTOREPORTAJ

Talış kəndinin yenilənən infrastrukturu - FOTOREPORTAJ Tərtər rayonunun işğaldan azad edilmiş Talış kəndinə əhalinin köçürülməsi üçün həyata keçirilmiş bərpa və yenidənqurma işlərinin miqyası buraya yenidən həyatın qayıtmasının bariz nişanəsidir.
Qarabağ
19 Mart , 2023 14:38
Talış kəndinin yenilənən infrastrukturu - FOTOREPORTAJ

Tərtər rayonunun işğaldan azad edilmiş Talış kəndinə əhalinin köçürülməsi üçün həyata keçirilmiş bərpa və yenidənqurma işlərinin miqyası buraya yenidən həyatın qayıtmasının bariz nişanəsidir.

“Report”un Qarabağ bürosunun Talış kəndinə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, kənddə 10 ədəd qeyri-yaşayış obyekti bərpa olunaraq yenidən qurulub.

Kəndin 78 nəfərlik 3 mərtəbəli məktəb binası müasir tələblər səviyyəsində əsaslı təmir edilib. Dam örtüyü tamamilə sökülərək yenilənib. Binanın zirzəmi mərtəbəsi texniki mərtəbə kimi nəzərdə tutulub. 1-ci və 2-ci mərtəbədə sinif otaqları, tibb otağı, müəllimlər otağı və s. nəzərdə tutulub. 3-cü mərtəbədə (mansard mərtəbəsi) akt zalı və kitabxana yerləşir. Binanın daxili hissəsi lazımi bütün texniki xidmət avadanlıqları ilə təchiz edilib. Məktəbin həyətyanı ərazisində süni ot örtüklü futbol meydançası və idman avadanlıqları ilə təchiz edilmiş idman meydançası qurulub.

Uşaq bağçasının binası da əsaslı təmir edilib. Həyətyanı ərazidə uşaqlar üçün rezin örtüklü oyun meydançası və 2 ədəd metal konstruksiyalı söhbətgah inşa edilib.

Klub İcma Mərkəzi də əsaslı təmir edilib, binanın daxili hissəsi lazımi bütün texniki xidmət avadanlıqları ilə təchiz edilib, həyətyanı ərazidə abadlaşdırma işləri həyata keçirilmişdir.

Kənddə fəaliyyət göstərən mağaza və aptek binasında da bütün kommunikasiya sistemləri yenidən qurulub və bina yanğın siqnalizasiya, rabitə, videomüşahidə sistemləri ilə təchiz edilib. Mağaza 2 hissədən – ərzaq mallarının satışı və aptek bölmələrindən ibarətdir.

Talış kəndinin qazanxana binası əsaslı təmir edilib, bütün avadanlıqlar yeniləri ilə əvəz edilib. Belə ki, 2 ədəd hər birinin gücü 350000 kkal/saat olan isitmə qazanları və digər bütün lazımi texniki avadanlıqlar quraşdırılıb. Qazanxana vasitəsilə məktəb binası, uşaq bağçası və inzibati binanın istiliyi təmin edilir.

Son xəbərlər

Orphus sistemi