Şuşa sakini: "Necə xoşbəxtəmsə, hazırda burada özümü elə 15 yaşında hiss edirəm"

Şuşa sakini: "Necə xoşbəxtəmsə, hazırda burada özümü elə 15 yaşında hiss edirəm" "Şükürlər olsun ki, 29 ildən sonra doğma yurduma gəldim. Özümü çox xoşbəxt hiss edirəm".
Qarabağ
30 Avqust , 2021 13:43
Şuşa sakini: Necə xoşbəxtəmsə, hazırda burada özümü elə 15 yaşında hiss edirəm

"Şükürlər olsun ki, 29 ildən sonra doğma yurduma gəldim. Özümü çox xoşbəxt hiss edirəm. Bu xoşbəxtliyimizi bizə nəsib edən Allaha təşəkkür edirəm və öz canlarından keçən şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Allah onlara rəhmət eləsin. Torpaq uğrunda döyüşmüş qazilərimizə və əsgərlərimizə isə can sağlığı arzu edirəm".

Bu sözləri "Report"un əməkdaşına müsahibəsində 29 ildən sonra doğma şəhərinə gedən Şuşa sakini Samirə Səfərova deyib.

O, uzun illərdən sonra yenidən Şuşada olduğu üçün sevinsə də, burada gördüklərindən təəssüf hissləri yaşadığını deyir: "Ermənilər bizim evləri dağıdıb, yerində vahiməli bir xarabalıq qalıb".

S.Səfərova deyib ki, Şuşadan çıxanda onun 15 yaşı olub: "Necə xoşbəxtəmsə, hazırda burada özümü elə 15 yaşında hiss edirəm. Sanki həmin günlərə qayıtmışam. Lakin burada ata evimə getdikdən sonra, orada gördüklərimə çox kövrəldim. Təəssüf ki, evimizin yerində xarabalıqlar qalıb. Nəinki bizim ev, ətrafda olan bütün evləri xaraba qoyublar, bərbad bir mənzərə yaradıblar. Hətta həyətimizdə içərisi hər zaman su ilə dolu olan quyu da quruyub. Gördüyüm bu acınacaqlı mənzərədən çox kədərləndim, Şuşaya gəldiyimə sevinsəm də, burada olan acınacaqlı mənzərəyə kövrəldim. Amma biz ermənilər kimi vəhşi deyilik, onların xarabalığa çevirdiyi bu yerləri yenidən qurub-yaradacağıq".

Şuşa sakini bildirib ki, düşmən burada təkcə uşaqlığımın keçdiyi evi, həyəti, küçələri, şəhəri deyil, həmçinin mənim gözəl xatirələrimi də dağıdıb və viran qoyublar: "İnanın, qonşularım onların da evlərinin görüntüsünü çəkməyimi xahiş etmişdilər. Lakin mən bu mənzərəni gördükdən sonra yaşadığım acı hisslərin onların da yaşamaması üçün o görüntüləri lentə almaq istəmirəm".

Son xəbərlər

Orphus sistemi