Sumqayıtda XTQ-nin şəhid gizirinin adı əbədiləşdirilib

Sumqayıtda XTQ-nin şəhid gizirinin adı əbədiləşdirilib Bu gün Sumqayıtda Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) giziri, "Qarabağ" ordenli, Vətən müharibəsi şəhidi Şəhriyar Quliyevin doğum gününə həsr edilən "Şəhidlər parkı"nın açılışı olub.
Qarabağ
25 May , 2022 18:17
Sumqayıtda XTQ-nin şəhid gizirinin adı əbədiləşdirilib

Bu gün Sumqayıtda Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) giziri, "Qarabağ" ordenli, Vətən Müharibəsi şəhidi Şəhriyar Quliyevin doğum gününə həsr edilən "Şəhidlər parkı"nın açılışı olub.

"Report" xəbər verir ki, tədbirdə hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhid ailələri, qazilər və şəhər ictimaiyyəti iştirak edib.

Mərasimdə əvvəlcə Dövlət Himni səsləndirilib, daha sonra Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının üzvü Hacı Surxay, din xadimi Hacı Şahin Həsənli çıxış ediblər. Onlar bildiriblər ki, bu cür tədbirlərin təşkili gələcək nəsillərin vətənpərvərlik və sağlam ruhda yetişməsində müstəsna rol oynayır.

Qeyd olunub ki, Azərbaycanın tarixi qələbəsinin mənbəyi xalqımızın həmrəyliyi, Ali Baş Komandanın ətrafında sıx birləşən insanların inamı, Azərbaycan Ordusunun məğlubedilməzliyi, hünəri və qətiyyəti idi.

Mərasimdə çıxış edən şəhidin valideynləri təşkilatçılara minnətdarlığını söyləyiblər. Diqqətə çatdırılıb ki, tarixi qələbə milli kimliyimizi, gücümüzü və əzmimizi bütün dünyaya nümayiş etdirdi.

Daha sonra parkın, eləcə də parkda inşa edilən şəhidlərin xatirəsinə həsr olunmuş bulağın və 513 şəhidin rəsmiləri əks etdirən lövhənin açılış mərasimi keçirilib.

Tədbir məktəblilərin şəhidlərə həsr olunan bədii kompozisiya və konsert proqramı ilə davam etdirilib.

Qeyd edək ki, Ş.Quliyev 1990-cı il mayın 25-də Ağdam rayonunun Cinli kəndində anadan olub. 1997-2008-ci illərdə Sumqayıt şəhərində M.Füzuli adına 15 nömrəli tam orta məktəbdə təhsil alıb. O, 2008-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2009-cu ildən isə XTQ-nin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edib.

Ş.Quliyev 2016-cı ilin Aprel döyüşlərində iştirak edib.

O, oktyabrın 23-də Vətən Müharibəsində Qubadlı uğrunda gedən döyüşlərdə şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamlarla Ş.Quliyev "Qarabağ" ordeni, "Cəbrayılın azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.

Ailəli idi, iki oğlu yadigar qalıb.

Son xəbərlər

Orphus sistemi