Kürdəmir rayonunun daha bir sakini 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalıb.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, Nahid Mikayılov Sovqat oğlu 1982-ci ildə Kürdəmir rayonunun Şilyan kəndində dünyaya göz açıb. Orta məktəbi elə doğulduğu kənddə başa vuran N. Mikayılov həqiqi hərbi xidmətə yollanıb.
Xidmət müddəti bitdikdən sonra gizirlik kursunu uğurla başa vuraraq yenidən ordu sıralarına qayıdıb və elə o gündən də Silahlı Qüvvələrimizin nəzdində fəaliyyət göstərməyə başlayıb. Sentyabrın 27-si Vətən Müharibəsi başlayanda o da ön xətdə düşmənlə üz-üzə döyüşən igidlərimizdən biri olub.
Bir neçə rayonumuzun düşməndən azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. Lakin, hərbçilərimizin yanına düşən minaatan mərmi gizir Nahid Mikayılovu da hədəf alıb və o ağır qəlpə yaralarından şəhid olub. Şəhidimizin nəşi doğulduğu Kürdəmir rayonuna gətirilib və Şəhidlər Xiyabanında dəfn edilib.
Şəhidimizdən geriyə qalan üç oğul övladı qalıb. Gələcəyin üç əsgəri. Qəhrəman atalarının yolunu gedəcək üç qəhrəman oğul. Torpaqlarımızın işğldan azad edilməsi uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirik!