Səfir: “Xocalıda törədilənlərə heç nə haqq qazandıra bilməz”

Səfir: “Xocalıda törədilənlərə heç nə haqq qazandıra bilməz” "İkinci mərhələdə Dağlıq Qarabağın, daha sonra isə azərbaycanlıların yaşadığı yeddi rayonun etnik təmizlənməsi həyata keçirildi"
Qarabağ
25 Fevral , 2021 12:10
Səfir: “Xocalıda törədilənlərə heç nə haqq qazandıra bilməz”

“Hər il fevral ayının sonunda 1992-ci ildə baş verən faciə qurbanlarının xatirəsini anırıq. Qanlı qırğın nəticəsində yüzlərlə yerli sakin qətlə yetirilib. Bu gün uzun illərdən bəri ilk dəfə bu günü tamamilə fərqli, xüsusi hiss ilə qeyd edirik. Bu günü gələcəyə inamla baxan, qalib gələn xalq kimi qeyd edirik. Bütün dünya ordumuzun nə qədər güclü və müasir olduğuna, əsgər və zabitlərimizin döyüş ruhunun nə qədər yüksək olduğuna, Prezidentimiz və Ali Baş Komandanımız İlham Əliyevin iradəsinin nə qədər güclü və sarsılmaz olduğuna əmin oldu. Bu müharibə bizə təkcə düşmən tərəfindən işğal olunmuş Azərbaycan ərazilərini deyil, həm də şərəf və ləyaqətimizi qaytardı. Bunu unutmayın və həmişə xatırlayın ki, bundan sonra artıq iki qat məsuliyyətli olmalı, həm öz adımıza, həm də daha heç vaxt qayıtmayacaq, universiteti bitirməyəcək, həkim, mühəndis, müəllim və ya musiqiçi olmayacaq şəxslər adına məsuliyyət daşımalıyıq. Bunu hər gün, hər saat və hər dəqiqədə xatırlayın”.

“Report”un Rusiya bürosunun verdiyi məlumata görə, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Moskvada keçirilən “Tarix dərsləri və müasir gəncliyin insanlığa qarşı cinayətlərin qarşısının alınmasında rolu” adlı konfransda deyib.

O, gənclərə müraciət edərək onları qəhrəmanlarını həmişə xatırlamağa çağırıb: “1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda və onun ətrafında dinc Azərbaycan əhalisinə qarşı ən qəddar qırğınlardan biri baş verib. Bir gecədə aralarında yaşlı kişilər, qadınlar və uşaqlar da olmaqla 613 nəfər qətlə yetirilib. Sağ qalanların ifadələri təcavüzkarların inanılmaz vəhşiliyinə dəlalət edir. Heç bir şey bu qəddarlığa haqq qazandıra bilməz. Bunu heç vaxt unutmayın! Azərbaycanlıların Ermənistan ərazisindən qovulması erməni separatçılarının böyük planının sadəcə başlanğıcı idi. İkinci mərhələdə Dağlıq Qarabağın, daha sonra isə azərbaycanlıların yaşadığı yeddi rayonun etnik təmizlənməsi həyata keçirildi”.

Son xəbərlər

Orphus sistemi