Şabranda Vətən müharibəsi şəhidinin barelyefi qoyulub   

Şabranda Vətən müharibəsi şəhidinin barelyefi qoyulub    Vətən müharibəsi şəhidi Şükür İlyasovun xatirəsi əbədiləşdirilib.
Qarabağ
11 Yanvar , 2022 16:29
Şabranda Vətən müharibəsi şəhidinin barelyefi qoyulub   

Vətən müharibəsi şəhidi Şükür İlyasovun xatirəsi əbədiləşdirilib.

“Report”un Şimal bürosunun məlumatına görə, Şabran rayonu Gülamlı kəndi ərazisində yerləşən evinin divarında barelyefi vurulub. Şəhid Şükür İlyasovun doğum günü və barelyefin açılışı mərasimi keçirilib.

Tədbirdə Şabran Rayon İcra Hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, Gülamlı kənd tam orta məktəbinin müəllim və şagirdləri, şəhidin ailə üzvləri və rayon ictimayyəti iştirak ediblər.

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra Dövlət Himni səsləndirilib.

Mərasimdə məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Tədbirdə çıxış edənlər Şükürün qəhrəmanlığından, vətənpərvərliyindən söz açıblar və onunla bağlı xatirələrini bölüşüblər. Şükürün valideynləri deyir ki, Şükür hər dəfə telefonla danışanda hər şeyin yaxşı olduğunu və ancaq irəli getdiklərini söyləyirdi. Sonuncu dəfə atasına zəng edərək halallıq istəyən Şükürün cox keçmir ki, şəhid olduğu xəbəri gəlir. Şəhidin nəşi sentyabrın 30-u böyüyüb boya-başa çatdığı Şabran rayonuna gətirilərək Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Məlumat üçün onu da qeyd edək ki, Şükür Qənbər oğlu İlyasov 1991-ci ildə Şabranın Gülamlı kəndində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra müddətli həqiqi hərbi xidmətə yollanıb.

Xidməti dövründə nizam-intizam qaydaları baxımından sayılıb-seçilən əsgərlərdən olub və dəfələrlə təltifnamələrə layiq görülüb. Daha sonra vətənə və torpağa olan sevgisindən yenidən ordu sıralarına qayıtmaq qərarına gələn Şükür İlyasov Daşkəsən rayonunda yerləşən N saylı hərbi hissələrin birində müddətdən əlavə həqiqi hərbi qulluqçu kimi fəaliyyətini davam etdirir.

Qumbaraatan atıcı kimi xidmət aparan Şükür İlyasov düşmənin xeyli sayda canlı qüvvəsi və bir sıra texnikasını məhv edib. Lakin sonuncu dəfə Murov istiqamətində gedən qızğın döyüşlərə qatılan zaman düşmənin minamyotdan atdığı mərmi nəticəsində baş və çiyin nahiyəsindən ağır yaralanaraq şəhidlik zirvəsinə ucalıb.

Şəhid Şükür İlyasov ölümündən sonra dövlət başçısının sərəncamı ilə “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.

Allah rəhmət eləsin.

Son xəbərlər

Orphus sistemi