​Rəsmi Moskva: "Qarabağ münaqişəsi tərəfləri sülhə nail olmaq üçün səylərini ikiqat artırmalıdırlar"

​Rəsmi Moskva: "Qarabağ münaqişəsi tərəfləri sülhə nail olmaq üçün səylərini ikiqat artırmalıdırlar" "Tərəflər atəşkəs rejiminin möhkəmlənməsi istiqamətində mövcud razılaşmaya əməl etməlidirlər"
Qarabağ
3 Yanvar , 2016 21:53
​Rəsmi Moskva: Qarabağ münaqişəsi tərəfləri sülhə nail olmaq üçün səylərini ikiqat artırmalıdırlar

Bakı. 3 yanvar. REPORT.AZ/ "Münaqişə tərəfləri davamlı sülhə nail olmaq məqsədi ilə səylərini ikiqat artırmalıdırlar. Beynəlxalq vasitəçilərin bu qəti mövqeyi Rusiya, ABŞ və Fransanın 2015-ci il dekabrın əvvəlində ATƏT-in Xarici İşlər Nazirləri Şurasının iclasında dəqiq şəkildə ifadə olunub".

"Report" xəbər verir ki, bu sözləri "İnterfax"a müsahibəsində dövlət katibi, Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin deyib.

O, jurnalistin hazırda Dağlıq Qarabağda vəziyyətin nə dərəcədə sürüşkən olması və orada irimiqyaslı hərbi əməliyyatların başlama ehtimalının olub-olmamasına dair sualını belə cavablandırıb:

"Son aylar biz ağır artilleriya, iriçaplı pulemyotlar, reaktiv yaylım atəşi qurğularından istifadə olunmaqla silahlı qarşıdurmanın fəallaşdığının şahidi olmuşuq ki, bu da dinc sakinlər daxil olmaqla itkilərin sayının artması ilə nəticələnib. Bu cür vəziyyət bizi narahat etməyə bilməz.

Münaqişə tərəfləri davamlı sülhə nail olmaq məqsədi ilə səylərini ikiqat artırmalıdırlar. Beynəlxalq vasitəçilərin bu qəti mövqeyi Rusiya, ABŞ və Fransanın 2015-ci il dekabrın əvvəlində ATƏT-in Xarici İşlər Nazirləri Şurasının iclasında dəqiq şəkildə ifadə olunub.

Tərəflər, həmçinin atəşkəs rejiminin möhkəmlənməsi istiqamətində artıq mövcud olan razılaşmaya əməl etməlidirlər".

Onun sözlərinə görə, münaqişə zonasında gərginliyin azaldılması üzrə birinci dərəcəli tədbirlər də daxil olmaqla, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələləri bu günlərdə Berndə (19 dekabr 2015-ci il) Azərbaycan-Ermənistan sammitində müzakirə olunub. Q.Karasin Rusiyanın danışıqların Ermənistan-Azərbaycan sərhədində və təmas xəttindəki vəziyyətə sabitləşdirici təsir göstərəcəyinə ümid etdiyini bildirib.

"Rusiya nizamlanma ilə məşğul olan beynəlxalq qurumun - ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olaraq münaqişə tərəflərinə güzəşt əldə etmək üçün fəal səy göstərir. Son vaxtlar Lavrovun Azərbaycan və Ermənistandan olan həmkarları ilə silsilə məsləhətləşmələri olub, bu söhbətlərdə Dağlıq Qarabağın nizamlanmasının bütün kompleks məsələləri nəzərdən keçirilib. Ümid edirəm ki, yeni ildə (2016-cı il - red.) bu iş davam etdiriləcək. Təbii ki, hərbi vəziyyət də, diqqətdən kənarda qalmayacaq", - deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi