Rektor Əhliman Əmiraslanov: "Xalqımız öz qanı bahasına azadlığına qovuşub"

Rektor Əhliman Əmiraslanov: "Xalqımız öz qanı bahasına azadlığına qovuşub" ATU-da 20 Yanvar faciəsinə həsr olunan tədbir keçirilib
Qarabağ
19 Yanvar , 2015 15:30
Rektor Əhliman Əmiraslanov: Xalqımız öz qanı bahasına azadlığına qovuşub

Bakı. 19 yanvar. REPORT.AZ/ Bu gün Azərbaycan Tibb Universitetində (ATU) 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunan tədbir keçirilib. "Report" xəbər verir ki, əvvəlcə ATU-nun 3 saylı tədris binasının qarşısında 20 Yanvar faciəsinin qurbanlarının xatirəsinə həsr olunan abidənin açılışı baş tutub. Tibb Universitetinin professor-müəllim heyəti və tələbələri ölkənin azadlığı uğrunda canlarından keçən insanların xatirəsini ehtiramla yad edib, abidə önünə gül dəstələri qoyublar.

ATU-nun rektoru, akademik Əhliman Əmiraslanov giriş sözü ilə çıxış edərək 20 Yanvar faciəsinin dəhşətlərini yada salıb və həmin gün Azərbaycan xalqının cəsarətli övladlarının göstərdiyi şücaətləri xatırladıb: “Hətta qadınlarımız öz vətənlərini qorumaq üçün təpədən-dırnağa qədər silahlanmış ordunun qarşısına əliyalın çıxmışdılar. Odur ki, bu gün ağlamamalıyıq. Çünki 20 Yanvar bizim tariximizə faciə ilə yanaşı, həm də igidlik, qəhrəmanlıq səhifəsi kimi daxil olub. Xalqımız öz qanı bahasına azadlığına qovuşub”.

Səhiyyə nazirinin müavini Abbas Vəlibəyov, deputat Məlahət Həsənova çıxış edərək, 20 Yanvar hadisələrini doğuran səbəblər, Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsi, faciədən öncəki və sonrakı günlərdə baş verənlər barədə söz açıblar.

Daha sonra ATU-nun Ümumi cərrahiyyə kafedrasının müdiri Çərkəz Cəfərov, ATU-nun I daxili xəstəliklər və reanimatologiya kafedrasının müdiri İsfəndiyar İsmayılov, həmçinin 20 Yanvar faciəsində sağlamlığını itirən II qrup əlilin övladı, hazırda ATU-nun II müalicə-profilaktika fakültəsinin I kurs tələbəsi Nicat Rzayev çıxış edərək, həmin gecə törədilən hadisələri Azərbaycan xalqına qarşı həyata keçirilən vandalizm, terror aktı və insanlığa qarşı ən ağır cinayətlərdən biri kimi qiymətləndiriblər. 

Son xəbərlər

Orphus sistemi