Qubada Vətən müharibəsi şəhidinin anım mərasimi keçirilib

Qubada Vətən müharibəsi şəhidinin anım mərasimi keçirilib Quba rayonunda Vətən müharibəsi şəhidi Ülvü Məmmədovun xatirəsi yad edilib.
Qarabağ
23 Oktyabr , 2021 15:46
Qubada Vətən müharibəsi şəhidinin anım mərasimi keçirilib

Qubanın Alekseyevka kəndində Vətən müharibəsi şəhidi Ülvü Məmmədovun şəhidlik zirvəsinə ucalmasının ildönümü münasibətilə anım tədbiri keçirilib.

"Report"un Şimal bürosu xəbər verir ki, mərasimdə Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev, rayonun müxtəlif idarələrinin rəhbərləri, şəhidin döyüş yoldaşları, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ü.Məmmədovun Alekseyevka kənd qəbiristanlığındakı məzarı ziyarət olunub, onun üzərinə əklil və tər qərənfillər düzülüb, ruhuna dualar oxunub.

Daha sonra Rəhman Məmmədov adına Alekseyevka kənd orta məktəbində şagirdlərlə görüş keçirilib. Təhsil ocağının direktoru İsa Əlixanlı Ülvü Məmmədovun nümunəvi şagirdlərdən biri olduğunu bildirərək, vətənpərvərliyinin şagirdlərə örnək olduğunu vurğulayıb. O, məktəbdə şəhidin xatirə guşəsini yaratdıqlarını və tezliklə genişləndirəcəyini dilə gətirib. Vətən müharibəsində şəhidin döyüş yoldaşı olmuş qazilər çıxış edərək, onun şücaətindən bəhs edərək, qorxmaz və igid döyüşçü olduğunu bildiriblər.

Müharibə iştirakçısı kapitan Anar Əhmədov məhz Ülvü Məmmədov kimi şəhidlərin sayəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa olunduğunu söyləyib: "Mən işimlə əlaqədar tez-tez xaricdə oluram. Müharibədən əvvəl hansı ölkəyə gedirdimsə, görüşdüyüm insanlar "Niyə torpaqlarınızı geri almırsınız?" soruşurdular. Belə oğullarımızın sayəsində bu gün torpaqlarımız işğaldan azad olunub. Allah bütün şəhidlərimizə rəhmət, qazilərə can sağlığı versin".

Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının vitse-prezidenti Natiq Nəsirov şəhidin atası, idman jurnalisti Vüqar Məmmədova belə bir övlad yetişdirdiyi üçün minnətdarlığını bildirib.

Məktəbin şagirdləri şeirlər deyib, Vətən yolunda canından keçən Ülvü Məmmədovun hər zaman ürəklərdə yaşayacağını və fəxr mənbəyi olacağını vurğulayıblar.

Şəhid ailəsi adından tədbir təşkilatçıları və iştirakçılarına təşəkkürünü bildirən Ülvü Məmmədovun əmisi, Azərbaycan İdman Jurnalistləri Federasiyasının İdarə Heyətinin üzvü və "Report" İnformasiya Agentliyinin redaktoru Elşən Məmmədov guşə üçün lazımi əyani vəsaitləri təqdim etməyə hazır olduqlarını söyləyib.

Qeyd edək ki, Ülvü Vüqar oğlu Məmmədov 29 iyul 1997-ci ildə Quba rayonunun Alekseyevka kəndində anadan olub. Vətən müharibəsində xüsusi sücaət göstərən Ülvü Məmmədov 2020-ci il oktyabrın 21-də Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən atılan sinaper gülləsi nəticəsində şəhid olub. O, oktyabrın 23-də Quba rayonunun Alekseyevka kəndində dəfn olunub. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" "Cəbrayılın azad olunmasına görə" "Füzulinin azad olunmasına görə" " Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi