Qarabağın incisi Şuşaya növbəti səfərdən - FOTOREPORTAJ

Qarabağın incisi Şuşaya növbəti səfərdən - FOTOREPORTAJ Qarabağın incisi, mədəniyyət paytaxtı Şuşaya növbəti avtobus reysi həyata keçirilib.
Qarabağ
31 Yanvar , 2022 13:07
Qarabağın incisi Şuşaya növbəti səfərdən - FOTOREPORTAJ

Qarabağın incisi, mədəniyyət paytaxtı Şuşaya növbəti avtobus reysi həyata keçirilib.

“Report”un Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, Şuşanı ziyarət etmək istəyənlər sübh vaxtı saat 06.30-da Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BBAK) bir araya gəliblər.

Avtobusa bütün biletlər satılmışdı. İlk olaraq sərnişinlərin biletləri və sənədləri yoxlanılıb.

Şuşanı görmək arzusunda olan sərnişinlərlə dolu avtobus polis müşayiəti ilə təyinat nöqtəsinə yola düşüb. Təyinat nöqtəsinə çatan səfər iştirakçıları ilk olaraq Şuşa qalasını ziyarət ediblər.

Sərnişinlər Şuşaya səfər zamanı həm də orada aparılan bərpa-quruculuq işləri ilə də tanış olublar.

Daha sonra iştirakçılar ardıcıllıqla Xan qızı Xurşidbanu Natəvanın Ev Muzeyi, Xan qızı bulağı, İcra Hakimiyyətinin inzibati binasının qarşısında olan “Güllələnmiş heykəllər”, Yuxarı Gövhərağa məscidi, Aşağı Gövhərağa məscidi, Bülbülün Ev Muzeyi, Vaqifin Muzey Məqbərə Kompleksində olublar.

Səfər Cıdır düzünün ziyarəti ilə başa çatıb.

Səfər zamanı doğma at-baba yurduna gələn şuşalılar üçün evlərini görmək imkanı da yaradılıb.

Qeyd edək ki, hazırda Şuşa və Ağdam istiqamətində 4 marşrut xətti fəaliyyət göstərir. Bunlar Bakı-Şuşa-Bakı, Əhmədbəyli-Şuşa-Əhmədbəyli, Bakı-Ağdam-Bakı və Bərdə-Ağdam-Bərdə xətləridir. Həmin istiqamətlər üzrə bilet almaq istəyən vətəndaşlar https://yolumuzqarabaga.az/ portalına daxil ola bilərlər. Bu günə qədər Şuşaya 3 reys BBAK-dan, 4 reys isə Əhmədbəylidən olub. Şuşa və Ağdama təşkil edilən müntəzəm səf­ərlər həm də Böyük Qayıdış planının bir hissəsidir.

Məlumat üçün bildirək ki, dünənki səfərimizdən sonra azad edilmiş ərazilərə ildə bir dəfə səfər etmək məhdudiyyəti aradan qaldırılıb. Eyni zamanda, fevralın 16-dan etibarən Bakı-Şuşa-Bakı istiqamətində artıq həftədə 2 dəfə deyil, 3 dəfə avtobus reysi həyata keçiriləcək.

Son xəbərlər

Orphus sistemi