Putin: “Biz Azərbaycana və Ermənistana hansısa hazır reseptləri qəbul etdirməyə əsla çalışmırıq”

Putin: “Biz Azərbaycana və Ermənistana hansısa hazır reseptləri qəbul etdirməyə əsla çalışmırıq” “Bu il aprel ayının əvvəlində irimiqyaslı döyüş əməliyyatlarının dayandırılmasında da məhz Rusiya həlledici rol oynayıb”
Qarabağ
5 Avqust , 2016 12:15
Putin: “Biz Azərbaycana və Ermənistana hansısa hazır reseptləri qəbul etdirməyə əsla çalışmırıq”

“Bu il aprel ayının əvvəlində irimiqyaslı döyüş əməliyyatlarının dayandırılmasında da məhz Rusiya həlledici rol oynayıb”

Bakı. 5 avqust. REPORT.AZ/ “Rusiyanı Azərbaycan və Ermənistan ilə dərin tarixi köklər, strateji xarakterli münasibətlər, coğrafi yaxınlıq bağlayır. Buna görə də biz həqiqətən maraqlıyıq ki, qonşu regionda sülh və asayiş yenidən bərqərar olsun, orada insanlar həlak olmasınlar, sərhədlər açılsın, iqtisadi əlaqələr bərpa edilsin”.

“Report”un xəbərinə görə, bunu Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinin Azərbaycan Dövlət İnformasiya Agentliyinə (AZƏRTAC-a) müsahibəsində deyib.

“Bunun üçün nə mümkündürsə edirik. Xatırladım ki, Rusiyanın birbaşa köməyi ilə 1994-cü ilin mayında atəşkəs haqqında saziş imzalanıb və bu saziş indiyə qədər atəşkəsin əsasını təşkil edir. 2008-ci ildə Moskva Bəyannaməsinin qəbul edilməsi mühüm mərhələ oldu. Sənəddə təsdiq edilib ki, münaqişənin tənzimlənməsinə yalnız siyasi yolla nail olmaq mümkündür. Yeri gəlmişkən, bu, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair Azərbaycan və Ermənistan prezidentlərinin imzaladıqları ilk və hələlik yeganə sənəddir. Bu il aprel ayının əvvəlində irimiqyaslı döyüş əməliyyatlarının dayandırılmasında da məhz Rusiya həlledici rol oynayıb”, - Putin vurğulayıb.

O, Azərbaycana və Ermənistana hansısa hazır reseptləri qəbul etdirməyə əsla çalışmadıqlarını vurğulayıb: “Tərəflər kənardan təzyiq olmadan özləri razılığa gəlməli, qarşılıqlı məqbul həll yollarını tapmalıdırlar. Bu, bizim qəti mövqeyimizdir.

Kompromisin əldə edilməsi ərazi bütövlüyü və xalqların təyini-müqəddərat hüququ prinsipləri arasında optimal tarazlığın tapılmasını nəzərdə tutur. Biz Azərbaycan və Ermənistan rəhbərliyi üzərində necə böyük bir məsuliyyətin olduğunu tam başa düşürük. Münaqişənin həllinə dair bu il iyunun 20-də Sankt-Peterburqda keçirilən sonuncu sammitdə üstünlük təşkil edən konstruktiv əhval-ruhiyyəni alqışlayırıq.

Tənzimlənmənin son məqsədi elə bir razılaşma olmalıdır ki, tərəflərdən heç biri nə qalib, nə də məğlub sayılsın, güzəştlər qarşılıqlı, tərəflərin hər birinin qazancı həm Azərbaycanda, həm Ermənistanda ictimai rəy üçün aydın olsun.

Öz növbəsində Rusiya problemin cəlb olunmuş bütün tərəfləri razı salacaq həll variantını dəstəkləməyə, digər vasitəçilərlə birlikdə tənzimləmənin qarantı kimi çıxış etməyə hazırdır.

Daha bir mövzuya toxunmaq istərdim. Bəzən deyirlər ki, Rusiya Dağlıq Qarabağ tənzimlənməsi ilə bağlı fəaliyyəti inhisarlaşdırmağa, digər vasitəçiləri kənarlaşdırmağa çalışır. Bu, yanlış təsəvvürdür. Rusiya Prezidentinin iştirakı ilə Qarabağ mövzusuna dair üçtərəfli sammitlər, - onların sayı iyirmidən çoxdur, - münaqişənin tənzimlənməsi üzrə ATƏT-in həmsədrləri Rusiya, ABŞ və Fransa olan Minsk qrupunun səylərini üzvü şəkildə tamamlayır. Qeyd edim ki, Sankt-Peterburqda yuxarıda adı çəkilən üçtərəfli zirvə görüşünün yekun hissəsində Amerika və Fransa nümayəndələri də iştirak ediblər.

Öz növbəsində bu il mayın 16-da Vyanada ABŞ-ın təşəbbüsü ilə İlham Heydər oğlu Əliyevin və Serj Azatoviç Sarkisyanın görüşünə Rusiyanın xarici işlər naziri Sergey Viktoroviç Lavrov və Fransa Xarici İşlər Nazirliyinin Avropa işləri üzrə dövlət katibi Arlem Dezir dəvət ediliblər.

Belə yanaşma beynəlxalq münaqişələrin həllində necə işləməyin mümkün və lazım olmasının nümunəsidir. Ümidvaram ki, tərəflərin hamını qane edən həllə nail olmalarına birgə səylərlə kömək edə biləcəyik”.

Son xəbərlər

Orphus sistemi