​Prezident İlham Əliyev: "Dağlıq Qarabağ münaqişəsi regional təhlükəsizliyə, sabitliyə böyük hədədir"

​Prezident İlham Əliyev: "Dağlıq Qarabağ münaqişəsi regional təhlükəsizliyə, sabitliyə böyük hədədir" "Erməni işğalı yalnız beynəlxalq hüquq normalarının deyil, həm də bütün bəşəri normaların pozulmasıdır"
Qarabağ
8 Oktyabr , 2015 19:43
​Prezident İlham Əliyev: Dağlıq Qarabağ münaqişəsi regional təhlükəsizliyə, sabitliyə böyük hədədir

Bakı. 8 oktyabr. REPORT.AZ/ "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regional təhlükəsizliyə, sabitliyə böyük hədədir. Bu, bütün beynəlxalq hüquq normalarının pozulmasıdır. Ali beynəlxalq orqan olan BMT Təhlükəsizlik Şurası erməni işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Bu qətnamələr yerinə yetirilmir. Biz BMT Təhlükəsizlik Şurasının qərarlarının icrasını tələb edirik. Bu, bizim qanuni tələbimizdir. Azərbaycan ictimaiyyəti BMT Təhlükəsizlik Şurası qətnamələrinin bəzi hallarda bir günə yerinə yetirildiyinə, bizim vəziyyətdə isə 20 ildən çox vaxt keçməsinə və qətnamələrin kağız üzərində qalmasına çox təəccüblənir, amma yəqin ki, böyük dərəcədə narazıdır. Bu, ikili standart siyasətidir. Bu, beynəlxalq hüquqa, ali beynəlxalq orqan olan BMT Təhlükəsizlik Şurasının qərarına hörmətsizlikdir".

"Report"un məlumatına görə, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 8-də Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 18-ci iclasının iştirakçıları ilə görüşdə çıxışında bildirib.

Dövlət başçısı deyib ki, "bu gün Bakıda Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları rəhbərlərinin növbəti konfransı işə başlayır: "Mən sizi salamlayıram. Həmçinin qeyd etmək istəyirəm ki, konfransda tərəfdaş ölkələrin Xüsusi Xidmət Orqanlarının rəhbərləri də iştirak edirlər. Şadam ki, bu tədbirdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına daxil olmayan, lakin bizə dost dövlətlərin nümayəndələri də iştirak edirlər.

Bu, çoxplanlı və çoxşaxəli əməkdaşlığın yaxşı nümunəsidir. Əminəm ki, bu gün və sabah Bakıda aparılacaq müzakirələr, fikir mübadilələri faydalı olacaq, eləcə də bizim xüsusi xidmət orqanları arasındakı qarşılıqlı əməkdaşlığın genişlənməsinə, fəaliyyətin daha yaxşı əlaqələndirilməsinə və ölkələrimizin milli təhlükəsizliyinin təmin olunması üçün səylərin birləşdirilməsinə dəstək olacaq.

Sizin ölkələrdə olduğu kimi, Azərbaycanda da təhlükəsizliyin möhkəmləndirilməsinə, risklərin minimallaşdırılmasına böyük diqqət yetirilir. Deməliyəm ki, ölkə daxilində potensial təhdid və risklər yoxdur. Ancaq əlbəttə, bizim yerləşdiyimiz regionda baş verən prosesləri dəqiqliklə izləməli və ölkəmizin, xalqımızın təhlükəsizliyini maksimum təmin etməliyik ki, Azərbaycan bundan sonra da inkişaf və tərəqqi yolunu davam etdirsin. Möhkəm təhlükəsizlik sistemi, ictimai-siyasi sabitlik olmadan heç bir ölkədə inkişaf mümkün deyil. Azərbaycan 1990-cı illərin əvəllərində sabitliyin pozulduğu dövrün çətinliklərini öz üzərində hiss edib. Bu, qan tökülməsinə, vətəndaş müharibəsinə, sabitliyin pozulmasına gətirib çıxardı. Ancaq 20 ildən çoxdur ki, Azərbaycanda inamlı, ardıcıl inkişaf, təhlükəsizliyin möhkəmlənməsi müşahidə olunur. Əlbəttə ki, istənilən ölkənin iqtisadi inkişafı təhlükəsizliyin təminatı səviyyəsi ilə birbaşa bağlıdır. Çünki bu gün bir çox ölkələr xarici investisiya mənbələri axtarır. Təbii ki, təhlükəsizliyi hələ lazımi səviyyədə olmayan ölkəyə investisiya qoyuluşunu gözləmək düzgün olmazdı.

Hesab edirəm ki, Bakıda keçirilən bu cür tədbirlər çox vacib praktik əhəmiyyətə malikdir. Bir tərəfdən bu, 10 ildən artıq keçirilən ənənəvi konfransdır. Bu, yaxşı ənənədir, onu davam etdirmək lazımdır. Praktiki nöqteyi-nəzərdən daimi informasiya mübadiləsi aparmaq lazımdır. Dünyada və regionda vəziyyət çox sürətlə dəyişir. Həm də, təəssüf ki, yaxşı tərəfə yox. Mövcud təhdidləri aradan qaldırmaq əvəzinə, biz yeni təhdidlərin - həm real, həm də potensial münaqişə ocaqlarının yarandığını görürük. Amma hələ ki, biz regionlarımızdakı münaqişələrlə bağlı nizamlanma istiqamətində heç bir müsbət perspektiv müşahidə etmirik. Belə bir şəraitdə sizin qarşınızda əlbəttə ki, yeni vəzifələr - beynəlxalq vəziyyətin daha da gərginləşdiyi şəraitdə ölkələrimizin təhlükəsizliyinin, milli təhlükəsizliyinin, dövlət təhlükəsizliyinin təmin edilməsi durur. Hesab edirəm ki, bu halda risklərin azaldılmasının ən vacib amillərindən biri məhz sizin fəaliyyətin əlaqələndirilməsidir. Xüsusi xidmət orqanları rəhbərləri arasında çox xoş, etibarlı, dost münasibətlər olmalıdır ki, siz bir çox məsələləri operativ şəkildə həll edəsiniz və bir-birinizə kömək göstərəsiniz".

Preziden İlham Əliyev vurğulayıb ki, müasir dünyada heç bir ölkə öz təhlükəsizliyini təkbaşına tamamilə həll edə bilməz: "Biz hamımız bir-birimizə bağlıyıq. Bu şəraitdə təhlükəsizliyin təmin edilməsi ilə bağlı məsələlərin həllinin vacibliyində operativ informasiya mübadiləsi, birgə səylərlə qarşılıqlı dəstək xüsusi əhəmiyyət kəsb edir. Bu, bütün zamanlarda vacib amil olub, bugünkü dünyada isə xüsusilə vacibdir.

Bu gün beynəlxalq terrorizmlə mübarizə dünya birliyinin üzvü olan əksər ölkələri birləşdirir. Hesab edirəm ki, terrorçuluq vətəndaşların təhlükəsizliyinə ən əsas hədədir. Təəssüf ki, biz yeni terror təşkilatlarının yarandığını və meydana çıxdığını görürük. Onlar yeni mübarizə üsullarından istifadə edirlər. Əlbəttə ki, xüsusi xidmət orqanları buna qarşı təsirli cavab verməyə və bu risklərin aradan qaldırılmasına hazır olmalıdır.

Azərbaycan beynəlxalq terrorizmə qarşı mübarizədə həmişə çox fəal iştirak edib. Bu mövzunu biz həmişə ən yüksək forumlarda qaldırmışıq. Deməliyəm ki, bir neçə il əvvəl sizin təmsil etdiyiniz ölkələrin də dəstəyi ilə Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzv seçiləndə və biz Təhlükəsizlik Şurasının iclaslarına sədrlik edəndə məhz beynəlxalq terrorçuluqla mübarizə mövzusunu ortaya atdıq. Bu, vətəndaşlarımızın həyat və təhlükəsizlik məsələsi olduğuna görə bizim fəaliyyətimizin prioritetlərini göstərir. Biz beynəlxalq terrorizmə qarşı mübarizənin fəal üzvüyük. Biz regional təhlükəsizliyin möhkəmlənməsinə çox böyük töhfə veririk. Hesab edirəm ki, Azərbaycan bizim yerləşdiyimiz regionda sabitliyin möhkəmləndirilməsində çox mühüm rol oynayır. Sabitlik və inkişaf gündəlik həyatdan təcrid edilə bilməz. Terrorçuluqla mübarizə bütün bəşəriyyətin işi olmalıdır. Bu işdə vahid yanaşmalar, bütün ölkələrin səylərinin əlaqaləndirilməsi vacibdir. Heç bir halda terrorçuları yaxşı və pisə ayırmaq olmaz. Yəni, guya yaxşı sənin düşməninə qarşı olan, pis isə sənə qarşı olandır. Tarix dəfələrlə göstərib ki, terrorçuluq elementləri ilə istənilən “oyunlar” son nəticədə bununla məşğul olan ölkələrə təhdidlər yaradır. Ona görə, dünya birliyinin beynəlxalq terrorçuluqla mübarizədə səylərinin birləşdirilməsi regional və beynəlxalq təhlükəsizliyin əsas şərtidir.

Siz yəqin ki, bilirsiniz, Azərbaycan həm də terrorizmdən zərər çəkən ölkədir. Müstəqilliyin ilk illərində, 1990-cı illərin ərəfəsində və 1990-cı illərin əvvəllərində erməni terrorçu təşkilatları bizim ərazimizdə 30-dan çox terror aktı törədib. Onlar metronu, gəmiləri, şəhərlərarası avtobusları partladıblar. Bu terror aktları nəticəsində 2 mindən çox günahsız Azərbaycan vətəndaşı həlak olub.

Yəni, biz beynəlxalq terrorçuluğun nə olduğunu öz üzərimizdə hiss etmişik, xüsusilə beynəlxalq birliyin bu problemlərə laqeyd qaldığı bir zamanda. Biz 1990-ci illərin əvvələrində beynəlxalq terrorizmlə təkbətək qalmışdıq. Biz terrorizmə qarşı mübarizədə beynəlxalq birlikdən heç bir kömək almadıq və öz gücümüzlə bu şər qüvvəni əzə bildik, kökünü kəsdik və Azərbaycan vətəndaşlarına bu qədər dərd, bəla gətirənləri cəzalandıra bildik.

Azərbaycana qarşı terror hücumları Azərbaycan torpaqlarının 1990-cı illərin əvvələrində Ermənistan tərəfindən həyata keçirilən işğalçılıq siyasətinin tərkib hissəsi idi. Bu təcavüz nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisinin təxminən 20 faizi işğal olundu, 1 milyondan çox Azərbaycan vətəndaşı öz Vətənində qaçqın və məcburi köçkünə çevrildi. Biz son dərəcə ağır humanitar fəlakətlə üzləşdik. O zaman ölkənin iqtisadi vəziyyəti olduqca ağır idi. Praktiki olaraq, sənaye iflic vəziyyətə düşmüşdü, iqtisadiyyat dağılmışdı, inflyasiya ildə min faizdən yuxarı idi. Bu şəraitdə erməni təcavüzü nəticəsində bütün əmlakını, evlərini itirən bir milyon insan Bakıda və Azərbaycanın digər şəhərlərində sığınacaq axtarmağa məcbur oldu. O vaxt səkkiz milyondan bir qədər çox əhalisi olan ölkə üçün bir milyon qaçqın və məcburi köçkün yüksək göstərici idi".

Dövlət başçısı qeyd edib ki, erməni işğalı yalnız beynəlxalq hüquq normalarının deyil, həm də bütün bəşəri normaların pozulmasıdır: "Ölkələr arasında müharibələr, münaqişələr olur, lakin insanlıq simasını həmişə qoruyub saxlamağa səy göstərmək lazımdır. Xocalı faciəsi - dinc şəhərin erməni quldur dəstələri tərəfindən bir gecədə məhv edilməsi xalqımızın hansı vəhşiliklə üz-üzə qaldığını göstərir. Artıq 10-dan çox ölkə Xocalı faciəsini rəsmi olaraq soyqırımı kimi tanıyıb. Bunun məsuliyyəti isə hazırkı və əvvəlki Ermənistan rəhbərliyinin üzərinə düşür.

Bax, biz bunlarla - ədalətsizlik, qeyri-obyektivlik, ikili standartlarla, bəzi hallarda isə işğalçının mükafatlandırılması ilə qarşılaşırıq. Ermənistan bütün tanınmış beynəlxalq normaları pozan təcavüzkar, işğalçı ölkədir. Axı, təkcə tarixi Azərbaycan torpağı və sovet dövründə heç respublika da yox, vilayət muxtariyyəti olan Dağlıq Qarabağ işğal olunmayıb. Həmçinin keçmiş Dağlıq Qarabağ Vilayətinin inzibati sərhədindən kənarda 7 rayonda işğal edilib. Bu rayonlarda praktiki olaraq ermənilər yaşamırdılar. Bütün bu rayonlarda azərbaycanlılar yaşayırdılar. Onlar qovulublar, onların evləri, bizim bütün tarixi abidələrimiz, məscidlərimiz, qəbiristanlıqlarımız dağıdılıb, muzeylərimiz qarət olunub. Bunu bu gün İrəvanda ən yüksək vəzifələrdə oturanlar ediblər. Onlar hərbi canilərdir. Biz həqiqəti deməliyik. Çünki həqiqəti deməyib sussaq, özümüzü heç nə olmamış kimi göstərsək digər ölkələrdə də eyni hadisələr baş verəcək.

Tarix dəfələrlə sübut edib ki, işğalçılarla “oynamaq” siyasəti aparmaq olmaz. Ötən əsrdə də, 1930-cu illərdə də faşizm, nasizmin yaranması, hitlerçiliyin bəşəriyyətə gətirdiyi bəlalar da bəzi ölkələrin işğalçılarla oyun oynamasından başlayıb. Onlar baş verənləri hiss etmək və görmək istəmirdilər. Ötən əsrin faşizmi və nasizmi ilə bu gün Ermənistanın işğal etdiyi torpaqlarda törətdikləri arasında heç bir fərq yoxdur. Bu, eyni mənalı anlayışdır. Dünya ictimaiyyəti bunu bilməli və regionda sülhün bərqərar olmasına səy göstərməlidir. Sülh isə yalnız ədalət əsasında bərqərar ola bilər. Azərbaycanın ərazi bütövlüyü istənilən ölkənin ərazi bütövlüyü kimi əhəmiyyət daşıyır və o, bərpa edilməlidir. Mən bunu ona görə deyirəm ki, siz - dost ölkələrin xüsusi xidmət orqanlarının rəhbərləri məsələnin məğzini daha müfəssəl biləsiniz. Erməni dairələri beynəlxalq birliyi aldatmağa, münaqişənin mahiyyəti, nəticələri barədə yanlış informasiya, şayiələr yaymağa, özlərini “qurban” kimi göstərməyə çalışırlar. Amma həqiqəti bilmək lazımdır. Həqiqət isə mənim dediyim kimidir. Mənim dediklərimi isə tarix, sənədlər, faktlar təsdiq edir.

Bir daha demək istəyirəm ki, konfransa böyük əhəmiyyət verirəm. Əminəm ki, aparılacaq fikir mübadiləsinin məhz praktiki faydası olacaq. Biz vətəndaşlarımızın təhlükəsiz həyatını təmin etmək üçün daha çox əlbir olmalı, səylərimizi birləşdirməliyik. Hər bir ölkənin xüsusi xidmət orqanlarının rolu və vəzifələri dövlətin və vətəndaşların təhlükəsizliyini təmin etməkdir. Bir daha sizi salamlayıram. Sizə uğurlar arzulayıram".

Son xəbərlər

Orphus sistemi