Bakı. 5 aprel. REPORT.AZ/ NATO-nun baş katibi Yens Stoltenberq Dağlıq Qarabağ münaqişəsi zonasında toqquşmaların dayandırılmasını müsbət qiymətləndirib və tərəfləri münaqişənin yenidən gərginləşməsinə yol verməməyə çağırıb.
"Report" xəbər verir ki, bu barədə baş katibin bəyanatında bildirilir.
"Mən tərəfləri atəşkəs haqqında sazişə hörmətlə yanaşmağa, təmkinlilik nümayiş etdirməyə və vəziyyətin yenidən gərginləşməsinə yol verməməyə çağırıram", — deyə məlumatda qeyd olunub.
Stoltenberq bildirib ki, NATO ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir.
"Tərəflər danışıqlar masasına dönməli və məsələnin tam həlli yollarını axtarmalıdırlar", — deyə NATO baş katibi əlavə edib.