Müasir Müharibə İnstitutu: "Şuşa uğrunda döyüşdən sonra Ermənistan təslim olmaq məcburiyyətində qaldı"

Müasir Müharibə İnstitutu: "Şuşa uğrunda döyüşdən sonra Ermənistan təslim olmaq məcburiyyətində qaldı" Şuşanın alınması Azərbaycanın böyük strateji qələbəsi idi və son nəticədə müharibənin taleyini həll etdi. Şuşa azad olunduqdan sonra Ermənistan təslim olmaq məcburiyyətində qaldı.
Qarabağ
16 İyul , 2021 12:19
Müasir Müharibə İnstitutu: Şuşa uğrunda döyüşdən sonra Ermənistan təslim olmaq məcburiyyətində qaldı

Şuşanın alınması Azərbaycanın böyük strateji qələbəsi idi və son nəticədə müharibənin taleyini həll etdi. Şuşa azad olunduqdan sonra Ermənistan təslim olmaq məcburiyyətində qaldı.

Report” xəbər verir ki, bu barədə Con Spenser və Harşana Qurhunun müəllifi olduqları və Vest Point Hərbi Akademiyasının Hərbi hazırlıq departamentinin nəzdində fəaliyyət göstərən Müasir Müharibə İnstitutunun (Modern War Institute) rəsmi saytında dərc olunmuş “Şuşa uğrunda döyüş və 2020-ci il Dağlıq Qarabağ müharibəsinin qaçırılan dərsləri” adlı məqalədə deyilir.

Yazıda bildirilir ki, Dağlıq Qarabağ müharibəsinin ən vacib döyüşü Şuşa şəhərində baş verdi. Şuşa azad olunduqdan sonra Ermənistan təslim oldu və işğal etdiyi ərazilərdən imtina edərək özü üçün sərfəli olmayan müqavilə bağladı.

Məqalədə vurğulanır ki, tez-tez Azərbaycanın mədəniyyətinin beşiyi kimi xarakterizə edilən Şuşa azərbaycanlı ziyalıların, şairlərin və yazıçıların məskəni olub: "Şuşada məscid və məqbərələr kimi, bir çox mühüm mədəni abidələr yerləşir. Şuşa 1992-ci ildə Ermənistan tərəfindən işğal olundu. O zaman ərazidə 23 mindən çox azərbaycanlı və 1600 nəfərdən çox erməni yaşayırdı. Döyüş zamanı və döyüşdən sonra şəhərin çox hissəsi dağıdıldı və azərbaycanlı əhalinin çoxu öldürüldü, sağ qalanlar qovuldu və ya didərgin düşdü”.

Məqalə müəllifləri qeyd edirlər ki, ötən ilin payızında baş vermiş ilk döyüşlər xüsusilə müasir pilotsuz aviasiya sistemləri və uzunmənzilli döyüş vasitələrindən istifadə zamanı açıq ərazilərdə Azərbaycanın hərbi üstünlüyünü açıq şəkildə nümayiş etdirdi: “Oktyabrın 28-30-da Şuşanı təcrid etmək və şəhərin müdafiəsini pozmaq məqsədilə 400 nəfərlik Azərbaycan xüsusi təyinatlı qüvvələri yaxşı mühafizə olunan Laçın dəhlizindən və ətraf kəndlərdən yan keçməklə meşələr və yarğanlar arasında hərəkət ediblər. Məlumata görə, onlar şəhərdəki hədəflərə bir neçə istiqamətdən yaxınlaşmaq üçün 100 nəfərlik qruplara bölünüblər. Atəş dəstəyi olmadan xüsusi təyinatlılar ermənilərin qorumağı ağıllarına belə gətirmədikləri dik qayalıqlara dırmaşıblar. Ermənilər Azərbaycan qüvvələrinin əsas yollardan hücum edəcəklərini gözləyirdilər. Düşmənin məlumatsızlığından istifadə edən Azərbaycan xüsusi təyinatlıları günün qaranlıq vaxtı Laçın istiqamətində hücumu davam etdirməklə keçilməz kimi görünən meşələr və dağlıq ərazilərlə Şuşanın müdafiəsini dağıtmaq üçün həlledici həmlə edib. Azərbaycan qüvvələri Şuşaya daxil olmağa başladıqda şəhəri müdafiə edən erməni əsgərlərlə əlbəyaxa döyüşə girməli olublar".

“2020-ci il Dağlıq Qarabağ müharibəsinin dərsləri hələ tam öyrənilməmişdir. Bu məqalənin yazılması çoxsaylı xarici reportajların və xəbərlərin tərcümə edilməsi, sosial mediadan götürülmüş məlumatların və videoyazıların təsdiqlənməsi və cəbhədən gələn natamam və bəzən ziddiyyətli hesabatlardan etibarlı məlumatların toplanması hedabına başa gəlib. Hərbi analitiklər, beynəlxalq münasibətlər üzrə mütəxəssislər və digər tədqiqat qrupları müharibənin özünəməxsus cəhətlərini - ən son dron və atəş dəstəyi platformaları ilə təchiz edilmiş modernləşdirilmiş Azərbaycan Ordusunun üstünlüyündən tutmuş Rusiya, Türkiyə və İran tərəfindən geosiyasi müharibə taktikalarının tətbiqinə, həmçinin müasir informasiya müharibəsi kampaniyaları çərçivəsində müxtəlif əhali qruplarına təsir etmək üçün sosial mediadan istifadəyə qədər unikal aspektləri vurğulayırlar”, - müəlliflər bildirirlər.

Onların fikrincə, Şuşa hərbi əməliyyatından aşağıdakı dərslər çıxarıla bilər: "Şəhərin əsas ərazilərini ələ keçirmək və əldə saxlamaq üçün hərbi vasitələrdən tam istifadə edilməlidir. Hava üstünlüyü, bombardman, uzunmənzilli dəqiq zərbələr və pilotsuz aviasiya sistemləri müharibənin aparılması imkanını təmin edir. Dağlıq Qarabağ müharibəsində təkcə ən müasir hücum vasitələri, pilotsuz uçuş aparatları qalib gəlmədi. Şəhər döyüşləri təkcə piyadaların cəlb edilməsi demək deyil. Müharibənin həlledici əməliyyatı və Şuşanın fiziki olaraq ələ keçirilməsi xüsusi təyinatlıların tətbiq etdikləri bütün ümumqoşun silahlarından istifadəni tələb edir. Bura əldə olan silahlardan atəş açma, hücumun bütün mərhələlərində zirehli texnikadan, mühəndis avadanlıqlarından və piyadalardan istifadə daxildir”.

Con Spenser - Müasir Müharibə İnstitutunun Şəhər şəraitində müharibənin tədqiqi kafedrasının müdiri,MWI Urban Warfare layihəsinin rəhbərlərindən biri və “Urban Warfare Project” podkastının aparıcısı. Daha əvvəl ABŞ ordusunun strateji tədqiqatlar qrupunun elmi əməkdaşı kimi fəaliyyət göstərib. 25 il piyada qoşunlarında xidmət edib. İraqda 2 dəfə hərbi ezamiyyətdə olub.

Harşana Qurhu - Seton Holl Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbində beynəlxalq münasibətlər elmləri üzrə bakalavr dərəcəsinə namizəd. O, Müasir Müharibə İnstitutunda təcrübəçi-tədqiqatçı olub və hazırda Sİ sistemlərinə inam səviyyəsinin döyüş meydanındakı taktiki hazırlığa təsiri mövzusunda tədqiqat aparır.

Son xəbərlər

Orphus sistemi