Metyu Brayza: "ABŞ Türkiyə və Ermənistana təzyiq göstərməklə böyük səhvə yol verib"

Metyu Brayza: "ABŞ Türkiyə və Ermənistana təzyiq göstərməklə böyük səhvə yol verib" "Türkiyə və Almaniyanın Dağlıq Qarabağ üzrə vasitəçilik prosesinə mühüm təsir göstərəcəyini düşünmürəm"
Qarabağ
11 Fevral , 2015 16:09
Metyu Brayza: ABŞ Türkiyə və Ermənistana təzyiq göstərməklə böyük səhvə yol verib

Bakı. 11 fevral. REPORT.AZ/ "Türkiyə və Almaniyanın ATƏT-in Minsk qrupu həmsədrlərinin tərkibinə daxil edilməsi təklifinin Dağlıq Qarabağ üzrə vasitəçilik prosesinə mühüm təsir göstərəcəyini düşünmürəm".

Bu barədə "Report"a ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, Estoniya Beynəlxalq Müdafiə və Təhlükəsizlik Mərkəzinin eksperti Metyu Brayza bildirib.

"Birincisi, nə Türkiyə, nə də Almaniya Rusiyanı Minsk qrupunda əvəz etməyəcək. Hazırda belə bir təəssürat yaranır ki, Rusiya regional münaqişələrin həllindən çox, onların yaradılmasında maraqlıdır", - o qeyd edib. 

Sabiq həmsədr həmçinin deyib ki, Türkiyənin Azərbaycanın böyük dostu olduğunu nəzərə alaraq, Ermənistan bu ölkənin həmsədrliyini rədd edəcək. Bu səbəbdən ATƏT-in bir çox üzvləri də Türkiyənin bu rolu icra etməsini istəməyəcəklər.

M.Brayza hesab edir ki, Fransanın Almaniya ilə əvəz olunması ATƏT-in Minsk qrupunun fəallığını artıracağı ehtimalı azdır: "Avropa İttifaqının həmsədr olması onu bir ölkənin təmsil etməsindən daha faydalı olardı".

"Bundan başqa, yekunda Azərbaycan və Ermənistan prezidentləri çərçivə müqavilələrinin yerinə yetirilməsi üzrə çətin qərar qəbul etməlidir", - M.Brayza əlavə edib.

O qeyd edib ki, zamanında ABŞ Minsk qrupu prosesində irəliləyiş əldə etmədən münasibətlərin normallaşdırılması ilə bağlı Türkiyə və Ermənistana təzyiq göstərməklə böyük səhvə yol verib: "Bu da Ermənistanın o zamana artıq mövcud olan bəzi çox mühüm kompromislərdən imtina etməsinə səbəb olub".

Ekspert vurğulayıb ki, Barak Obama və Fransua Olland xüsusilə Rusiya hərbi avantürizminin artdığı bir zamanda ATƏT-in Minsk qrupunun fəaliyyətinə yeni nəfəs vermək və problemin həllinə müsbət təsir göstərmək üçün səylərini artırmalıdır. 

Son xəbərlər

Orphus sistemi