Litvada Ermənistanın işğalçılıq siyasətindən bəhs edən kitabların təqdimatı keçirilib

Litvada Ermənistanın işğalçılıq siyasətindən bəhs edən kitabların təqdimatı keçirilib Tarixçi alim Alqimantas Liyekisin “XX əsrdə Qafqazda xalqların köçü” adlı kitabı eyni zamanda rus dilində də çap edilib
Qarabağ
2 Fevral , 2017 16:45
Litvada Ermənistanın işğalçılıq siyasətindən bəhs edən kitabların təqdimatı keçirilib

Bakı. 2 fevral. REPORT.AZ/ Litvanın paytaxtı Vilnüsdakı Zabitlər Evində Azərbaycanın və Cənubi Qafqazın tarixini təhlil edən kitabların təqdimat mərasimi keçirilib.

Azərbaycanın Litvadakı səfirliyindən "Report"a verilən məlumata görə, mərasimdə tarixçi alim Alqimantas Liyekisin “XX əsrdə Qafqazda xalqların köçü”, jurnalist Qintaras Visotskasın “Qara Bağ Faciəsi” və Leonas Yurşanın “Siyasətçilərin qərarlarının xalqların talelərinə təsiri” adlı kitabları Litviya dilində təqdim olunub.

Tarixçi alim A.Liekisin “XX əsrdə Qafqazda xalqların köçü”adlı kitabı eyni zamanda rus dilində də çap edilib. 

Kitablarda ermənilərin Azərbaycan ərazilərinə və bütövlükdə Cənubi Qafqaza iki əsr öncə Türkiyə və İran ərazilərindən köçürüldüyü qeyd olunaraq, son yüz il ərzində erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı törədilən terror aktları, etnik təmizləmə, kütləvi qırğınlar, həmçinin Azərbaycan ərazilərinin işğalından bəhs olunub.

Təqdimatda tarixçi alim A.Liyekis və jurnalist Q.Visotskas mərasim iştirakçılarına Cənubi Qafqaz regionuna maraqlarının səbəblərini izah ediblər və Avropada Azərbaycan haqqında qərəzli məlumatlar yayıldığını diqqətə çatdırıblar.

Müəlliflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin səbəblərinin nəyə görə Litva tərəfindən diqqətlə öyrənilməli və Dağlıq Qarabağın gələcəyi nə üçün litvalıları narahat etməli olduğuna dair fikirlərini bölüşüblər. Onlar Dağlıq Qarabağın itirilməsini bir vaxtlar Litva, Latviya və Estoniyanın itirdikləri ərazilərə bənzədiblər və eyni yolla Ukrayna, Gürcüstan, Moldova ərazilərinin işğal edildiyini vurğulayıblar.

Son xəbərlər

Orphus sistemi