Könül Nurullayeva: “Atəşkəsin pozulması və əhalinin atəşə tutulmasında Ermənistan məsuliyyət daşıyır”

Könül Nurullayeva: “Atəşkəsin pozulması və əhalinin atəşə tutulmasında Ermənistan məsuliyyət daşıyır” “Humanitar atəşkəs Ermənistanın son şansı idi. İşğalçı ölkə vəziyyəti düzgün təhlil etməli və destruktiv fəaliyyətdən əl çəkməli idi. Əfsus ki, razılaşdırılmış humanitar atəşkəsin bərqərar olunmasından dərhal sonra erməni hərbi birləşmələri Azərbaycanın m
Qarabağ
11 Oktyabr , 2020 16:27
Könül Nurullayeva: “Atəşkəsin pozulması və əhalinin atəşə tutulmasında Ermənistan məsuliyyət daşıyır”

“Humanitar atəşkəs Ermənistanın son şansı idi. İşğalçı ölkə vəziyyəti düzgün təhlil etməli və destruktiv fəaliyyətdən əl çəkməli idi. Əfsus ki, razılaşdırılmış humanitar atəşkəsin bərqərar olunmasından dərhal sonra erməni hərbi birləşmələri Azərbaycanın münaqişədən kənarda yerləşən bir sıra şəhərlərini, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl və Mingəçeviri atəşə tutdu. Oktyabrın 11-i gecə 02:00 radələrində isə ermənilər geniş miqyasda təxribata əl ataraq Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəni intensiv atəşə tutdu. 4-ü qadın olmaqla 9 günahsız vətəndaşımızı itirdik, 33 nəfər yaralandı, külli miqdarda mülki obyektlərə və infrastruktura ziyan dəydi. Ermənilər həmişə olduğu kimi yenə də dinc və günahsız əhalini hədəf aldılar, onların arasında azyaşlı və qadınlar da var”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Deputat bildirib ki, Azərbaycan hər zaman münaqişənin siyasi yolla həlinin tərəfdarı olub və bu vaxta qədər Ermənistanla aparılan sülh danışıqları işğalçı ölkə üçün ən böyük kompromis idi: “Azərbaycan bu gün də humanitar atəşkəsin bərqərar olunmasına, eyni zamanda danışıqlar masasına əyləşməyə razılıq verdi, lakin Ermənistanın siyasi rəhbərliyi - istər Paşinyan hökuməti, istərsə də Paşinyana qədərki rəhbərlərin heç biri siyasi iradə ortaya qoya bilmədi. Ermənilərin davamlı təxribatları, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozması münaqişənin həlli istiqamətində pozitiv dinamika əldə etməyə ən böyük əngəl olan dekonstruktiv qüvvədir. Bu gün baş verənlər buna bariz sübutdur”.

Sentyabrın 27-də Azərbaycanın əks-hücum əməliyyatı faktiki bölgədə və münaqişə ətrafında yeni mənzərənin yaranmasına səbəb olub: “İki həftəyə yaxın müddətdə Azərbaycan Ordusu işğalçı ölkənin ordusunu darmadağın etdi, bir sıra strateji əraziləri və yüksəklikləri düşməndən azad etdi, münaqişə bölgəsində təmas xətti anlayışını qeyri-şərtləndirdi. Oktyabrın 12-də Ermənistan növbəti dəfə sülhə məcbur edilərək, yeni siyasi müstəvidə danışıqlar masasına oturacaq və təbii ki, hadisələrin gedişi Ermənistanın danışıqlar masasında özünü necə aparmasından asılı olacaq. Hərbi əməliyyatlar fonunda status-kvonun süni şəkildə uzadılmasının mümkün olmadığını Ermənistan da, bütün dünya ictimaiyyəti də gördü. Bu baxımdan ermənilərin bu gün mülki insanları və obyektləri hədəf seçməsi növbəti acizlikdir, hərbi və diplomatik məğlubiyyətdən doğan qisas hissidir”.

Könül Nurullayeva qeyd edib ki, Azərbaycan Silahlı qüvvələri öz ərazi bütövlüyünü bərpa etmək əzmindədir: “Hərbi sahədə əldə edilən uğurlar diplomatik müstəvidə Azərbaycanın mövqeyini daha da gücləndirir. Bu baxımdan, biz münaqişənin həlli istiqamətində diplomatik fəalliyyətimizi uğurla davam etdiririk. Rəsmi Bakının mövqeyi dəyişməzdir – işğal altındakı ərazilər azad edilməli, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır.

Danışıqlara gəlincə, artıq Azərbaycan tərəfi rəsmi şəkildə öz mövqeyini bəyan edib - danışıqlar davam etdiriləcəksə, konkret gündəlik və vaxt çərçivəsi olmalıdır. BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsinin mandatı əsasında hazırlanmış sənədlər də konkret vaxt cədvəlinə əsaslanır. Bizim şərtlərimiz qətidir və ədalətə əsaslanır, işğal olunmuş tarixi torpaqlarımızın geri qaytarılmasına bizim əzəli haqqımızdır. İndiki məqamda ATƏT-in Minsk Qrupunun həmsədrlərin üzərinə mühüm məsuliyyət düşür. Onlar məsələnin danışıqlar masasında həllinə nail olmaq üçün səylərini artırmalı, bu vaxta qədərki səhvlərini yenidən təkrarlamamalı, işğalçı ilə təzyiq dilində danışmalıdırlar. Təcavüzkar ölkə isə öz növbəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə məcbur edilməlidir.

Humanitar atəşkəs elan olunması ilə bağlı Moskvada aparılan danışıqlar zamanı artıq Ermənistana humanitar yardım adı altında silahlar, raketlər daşınırdı. Həmin raketlər humanitar atəşkəs dövründə sivil insanlara tuşlandı. Bəzi dövlətlər açıq şəkildə işğalçını silahlandırır, bununla bölgədə onsuz da kövrək olan təhlükəsizliyə ciddi təhdid yaradırlar. Halbuki indiki məqamda istər Ermənistanı silahlandıran dövlətlər, istərsə də beynəlxalq təşkilatlar daha çox sülhməramlı mövqe tutmalı və ya işğalçı ölkəyə təzyiqi artırmalıdır. Mülki insanları qətlə yetirən, öz qonşusunun ərazisini işğal edən dövlətə silah yardımı birmənalı şəkildə yolverilməzdir. Bu, beynəlxalq hüququn norma və prinsiplərinə də ziddir".

Son xəbərlər

Orphus sistemi