Komandolar Qubadlı döyüşlərindən danışır: “Düşmən qarşımızdan qorxaqcasına qaçırdı”

Komandolar Qubadlı döyüşlərindən danışır: “Düşmən qarşımızdan qorxaqcasına qaçırdı” “2017-ci ildə Azərbaycan Ordusunun sıralarına qoşulmuşam. Torpaqlarımızı düşmən taptağından azad edəcəyimiz günü səbirsizliklə gözləyirdik. Əslən Qarabağ bölgəsindənəm. Bu torpaqlarda - Cəbrayıl rayonu ərazisində doğulmuşam. Üç yaşım olanda isə məcburi ol
Qarabağ
301
27 Noyabr , 2021 11:42
Komandolar Qubadlı döyüşlərindən danışır: “Düşmən qarşımızdan qorxaqcasına qaçırdı”

“2017-ci ildə Azərbaycan Ordusunun sıralarına qoşulmuşam. Torpaqlarımızı düşmən taptağından azad edəcəyimiz günü səbirsizliklə gözləyirdik. Əslən Qarabağ bölgəsindənəm. Bu torpaqlarda - Cəbrayıl rayonu ərazisində doğulmuşam. Üç yaşım olanda isə məcburi olaraq, ata-baba yurdumuzu tərk etmişik”.

Bunu "Report"un Qubadlı şəhərinə ezam olunan əməkdaşına açıqlamasında Azərbaycan Ordusunun əməliyyat (komando) hərbi hissəsinin hərbi qulluqçusu Əli Həsənov deyib.

O bildirib ki, sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribatlarının qarşısını almaq üçün əməliyyatlara qoşulub: “Həmin gün xidmət etdiyim “N” saylı hərbi hissə düşmən üzərinə hücuma keçdi. Biz döyüşlərə Füzuli rayonu istiqamətindən başladıq. Gecə saat 03 radələrində erməniləri məhv edə-edə Cəbrayıl rayonuna daxil olduq. Cəbrayılı da düşmən işğalından azad edəndən sonra Qubadlı döyüşlərinə qoşulduq. Burada da ermənilərin çoxlu sayda canlı qüvvəsi və texnikasını məhv etdik. Sağ qalan ermənilər isə Azərbaycan Ordusunun qarşısından qorxaqcasına qaçırdılar. Qubadlı şəhəri və rayonun ətraf kəndləri düşməndən azad ediləndən sonra isə Laçın rayonu istiqamətində döyüşlərə başladıq.

Döyüşlər bizim üçün çətin olsa da, şərəfli idi. Çünki uzun illər idi ki, biz bu günü gözləyirdik. Hər zaman Ali Baş Komandanın əmrini gözləyirdik ki, işğalda olan torpaqlarımızı düşməndən təmizləyək və şanlı üçrəngli bayrağımızı ərazilərimizə sancaq. Çox şükürlər olsun ki, bu günü də gördük. Azərbaycanın ərazi bütövlüyünü bərpa etdik. Bu, mənim üçün çox qürurverici bir hissdir. Düzdür, Vətən müharibəsi zamanı yaxın dostlarım, döyüş yoldaşlarım, qardaşlarım şəhid oldu, yaralandı. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin”.

O döyüşlərdə göstərdiyi xidmətinin dövlət tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb: "Cənab Prezidentin sərəncamları ilə “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşam. Hazırda da işğaldan azad olunmuş torpaqlarımızda xidmətimi davam etdirirəm və bununla da qürur düyuram”.

Azərbaycan Ordusunun əməliyyat (komando) hərbi hissəsinin digər bir hərbi qulluqçusu Əsgər Hacıyev deyib ki, sentyabrın 27-də səhər saatlarında əks-hücuma keçmək əmri verildikdən sonra döyüşlərə Füzuli rayonu istiqamətindən qatılıb: “Ordumuz düşmən mövqelərinə çoxsaylı zərbələr endirdi. Döyüşün ilk anları həyəcanlı olsa da, sonradan daha sərbəst olmağa başladıq. Qələbənin qazanılmasında şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin yüksək olması da mühüm rol oynadı. Füzuli rayonu ərazisindən döyüşə-döyüşə Cəbrayıl və Hadruta gəldik. Burada da düyüşlər çətin keçdi. Lakin buna baxmayaraq, düşməni məhv etdik və torpaqlarımızı erməni işğalından təmizlədik.

Daha sonra Qubadlı istiqamətində döyüşlərə qatıldım. Burada da erməniləri məhv edərək ərazilərimizi yağı düşməndən təmizlədik. Qubadlı döyüşləri bizim üçün ən asan döyüşlərdən biri oldu. Biz düşmənin üzərinə gələndə onlar qarşımızdan qorxaqcasına qaçırdılar”.

Onun sözlərinə görə, Qubadlı şəhəri Ermənistan Silahlı Qüvvələrindən azad ediləndən sonra Şuşa şəhəri istiqamətində gedən döyüşlərə qoşulub: “Şuşanın Daşaltı kəndinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak etdim. Lakin burada yaralandım və məni ərazidən çıxardaraq hospitala apardılar. Həmin vaxt hüşsuz vəziyyətdə olmuşam. Heç nə yadımmda qalmayıb. Noyabrın 8-də isə Şuşa işğaldan azad edildi. Çox təəssüf edirəm ki, mən Şuşa şəhərinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edə bilmədim. Bu xoş xəbəri hospitalda aldı. Sonra eşitdim ki, Ermənistan məğlub olaraq kapitulyasiya aktını imzalayıb və torpaqlarımız tam azad edilib”.

Komando üzvü söyləyib ki, Vətən müharibəsində göstərdiyi xidmətlərə görə Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamlara əsasən, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və ”Cəsur döyüşçü” medalları ilə təltif edilib: “Hazırda işğaldan azad olunmuş torpaqlarımızda xidmətimi davam etdirirəm. Ön xətdə xidmət etmək son dərəcə şərəfli və qürurverici hissdir. Həmçinin 30 ilə yaxın müddətdə işğal altında qalan əraziləri düşməndən təmizləmək və burada xidməti davam etdirmək sözlə ifadə olunmayacaq qədər fərqli duyğulardır. Ermənilərin bizim ata-baba yurdlarımıza bir də ayaq basmasına icazə verməyəcəyik. Buna görə də həmişə ayıq-sayıq xidmət apararaq torpaqlarımızı mühafizə və müdafiə edəcəyik”.

Azərbaycan Ordusunun “N” saylı hərbi hissəsinin müddətli hərbi qulluqçuları (əsgər) Səyyad Mayılov və Rüfət Əhmədov da Vətən müharibəsinin iştirakçıları olublar. Onlar bildiriblər ki, oktyabrın 7-də döyüşlərə Cəbrayıl rayonu istiqamətindən qatılıblar.

Əsgərlərin sözlərinə görə, Cəbrayılı düşməndən təmizlədikdən sonra Qubadlı şəhəri və rayonun ətraf kəndlərinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak ediblər.

Qeyd edək ki, Qubadlı şəhəri 2020-ci ilin oktyabr ayının 25-də Azərbaycan Ordusu tərəfindən Ermənistan Silahlı Qüvvələrinin işğalından azad olunub.

2020-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Qubadlı şəhəri və rayonun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq və Mollabürhan kəndlərinin işğaldan azad olunduğunu elan edib. Azad olunan ərazilərə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb.

Qubadlı döyüşləri İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən ən uğurlu əməliyyatlardan biri hesab edilir.

Belə ki, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı rayonun şərqində yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və cənubda yerləşən Zəngilan rayonunda qısa müddətdə aparılan uğurlu əməliyyatlar Azərbaycan Silahlı Qüvvələri bölmələrinin Qubadlı rayonunu düşməndən təmizləməsinə şərait yaradıb.

Foto-video: Ehtiram Cəbi

Son xəbərlər

Orphus sistemi