Kiyevdə “Qarabağda müharibə: Ukraynadan baxış” mövzusunda dəyirmi masa keçirilib

Kiyevdə “Qarabağda müharibə: Ukraynadan baxış” mövzusunda dəyirmi masa keçirilib “Report”un təşkil etdiyi dəyirmi masada ukraynalı politoloqlar, ekspertlər, tarixçilər, mədəniyyət xadimləri Qarabağdakı vəziyyəti və hadisələrin beynəlxalq proseslərə təsirini müzakirə ediblər
Qarabağ
5 Oktyabr , 2020 16:57
Kiyevdə “Qarabağda müharibə: Ukraynadan baxış” mövzusunda dəyirmi masa keçirilib

Kiyevdə “Ukrayna xəbərləri” İnformasiya Agentliyinin mətbuat mərkəzində “Qarabağda müharibə: Ukraynadan baxış” mövzusunda dəyirmi masa keçirilib.

“Report” İnformasiya Agentliyinin təşkil etdiyi dəyirmi masa zamanı ukraynalı politoloqlar, ekspertlər, tarixçilər, mədəniyyət xadimləri Qarabağdakı vəziyyəti və hadisələrin beynəlxalq proseslərə təsirini müzakirə ediblər.

“Qarabağdakı və ümumilikdə bölgədəki hadisələr indi dünya ictimaiyyətinin diqqətini cəlb edir. Ukrayna cəmiyyətinin münaqişədən əvvəlki tarixi, tarixi həqiqətləri və baş verənlər haqqında etibarlı məlumatları bilməsi çox vacibdir. Bu gün buraya ekspert rəylərini və bu sahədəki aparıcı ekspertlərin təhlillərini dinləmək üçün toplaşmışıq”, - deyə tədbirin moderatoru, jurnalist, ictimai xadim Marina Qonçaruk deyib.

Ardından söz alan “Doktrina” Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Yaroslav Bojko Dağlıq Qarabağda yeni münaqişənin yaşanmasının əsas səbəbi kimi beynəlxalq cəmiyyətin həll modellərinin qeyri-effektivliyini göstərib: “Faktiki olaraq nüfuzlu oyunçuların heç biri hələ yayda baş verən və kəskinləşməyə səbəb olan və onu stimullaşdıran təxribatlara doğru-düzgün reaksiya göstərmədi. Nəticə olaraq Ukraynanın Donbass ilə bağlı Minsk danışıqları da çıxılmaz dalana girə bilər. Buna görə də Ukrayna cəmiyyətinin Qarabağdakı münaqişəni real olaraq qəbul etməsi vacibdir”.

“Qarabağdakı hazırkı müharibə belə dondurulmuş münaqişənin inkişafına və ətrafındakı siyasi prosesin nəticələrinə dair bizə nümunə göstərir. Beləliklə, Qarabağdakı müharibədən daha sonra ortaya çıxan oxşar münaqişələrin gələcəyinə baxa bilərik. İndi baş verən döyüşlər mahiyyət etibarilə Tovuz rayonundakı iyul toqquşmalarının davamı və Azərbaycan və Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədində hərbi əməliyyatlar aparmaq cəhdləri fonunda daha da aktivləşən münaqişənin həllinə dair uğursuz cəhdlərinin nəticəsidir. Hazırda gedən döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin xeyli artığını, o cümlədən də ən yeni silahlardan, pilotsuz uçan aparatlardan və dron-kamikadzelərdən aktiv və uğurlu istifadə etdiklərini nümayiş etdirdi. Bunu nəzərə alaraq, münaqişə Ukrayna nümayəndələri tərəfindən ətraflı şəkildə öyrənilməlidir, çünki təcrübəsi həm siyasi-strateji, həm də taktiki səviyyələrdə son dərəcə dəyərlidir”, - Milli Strateji Araşdırmalar İnstitutunun nümayəndəsi Denis Moskalik söyləyib.

Tarix elmləri namizədi, beynəlxalq əlaqələr sahəsində mütəxəssis olan Aleksandr Dudnik çıxışında Ukraynanın Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyadan fərqli olaraq Kosovo presedentini münaqişənin həlli mexanizmi kimi tanımadığını qeyd edib. "Ukrayna üçün prioritet dövlət suverenliyi, ərazi bütövlüyü və dövlət sərhədlərinin toxunulmazlığı kimi beynəlxalq prinsiplərdir. Qeyd etmək lazımdır ki, Ermənistan millətin öz müqəddəratını təyinetmə hüququ ilə manipulyasiya edir. Axı ermənilərin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində bir dövləti var. Onların arqumentləri ilə hərəkət etsək, Ukraynadakı çoxsaylı erməni diasporu dövlətimiz daxilində özünün başqa bir dövlətinin yaradılması ideyası ilə çıxış edə bilər. Ukraynanın prioriteti beynəlxalq hüquqa riayət etməkdir. Həmçinin Ukrayna Xocalı faciəsindən sonra həmişə MDB sülhməramlı qoşunlarının münaqişə bölgəsinə daxil edilməsinə və ümumiyyətlə, onların münaqişə zonasında qalmasına qarşı çıxıb. O cümlədən Xocalı faciəsindən bir neçə gün sonra Ukraynanın o zamankı prezidenti Leonid Kravçuk MDB qoşunlarının münaqişə bölgəsindən çıxarılması tələbi ilə çıxış etmişdi”, - A.Dudnik vurğulayıb.

“Azərbaycanın ərazilərini geri qaytarması bölgədəki güc nisbətini əhəmiyyətli dərəcədə dəyişə bilər. Həmçinin onu qeyd etmək istəyirəm ki, vəziyyət kifayət qədər sürətlə inkişaf edir. Azərbaycan Ordusu ərazilərin azad edilməsi yönündə fəal şəkildə irəliləyir. Təəssüf ki, dünya ictimaiyyəti beynəlxalq hüquqa riayət etmə tələbi məsələsində passivdir. Ermənistanın Azərbaycana qarşı hərəkətləri bölgədə iqtisadi və hərbi təhlükəsizliyə təhdiddir”, - “Doktrina” Siyasi Araşdırmalar Mərkəzinin Təhlükəsizlik siyasəti şöbəsinin rəhbəri Qleb Parfyonov deyib.

Siyasi ekspert Andrey Qorodnitski Minsk razılaşmasının müharibənin hələ də davam etməsinə səbəb olduğunu və Minsk formatının səriştəsiz olduğunu söyləyib. “Azərbaycan daima gözləməkdən yoruldu, ona görə də indi işğal olunmuş ərazilərin azad edilməsinin güc tətbiq etməklə həyata keçirilən ssenarisinin də vəziyyətdən çıxış yolu olduğunu görə bilərik. Bunu nəzərə almalıyıq. Üstəlik, vəziyyətin inkişafı geosiyasi liderlərin mövqeyindən də asılıdır”, - Qorodnitski vurğulayıb.

Ukraynalı şairə, ictimai xadim Lesya Mudrak Azərbaycana səfər edərkən ölkədə mədəniyyətlərarası və dinlərarası dialoqun dövlət səviyyəsində necə təşviq olunduğuna əmin olduğunu söyləyib. “Ukraynalılar kimi, azərbaycanlılar da çox səmimi, tolerant və mehribandırlar. Dualarımız bu gün Azərbaycan xalqıyladır. Axı Azərbaycan xalqının indi nə hiss etdiyini biz hamıdan yaxşı başa düşürük. Ölkələrimizin ərazi bütövlüyünün bərpa olunacağına və torpaqlarımızda sülh olacağına inanıram”, - L.Mudrak qeyd edib.

Ukraynalı tarixçi, alim Oleq Kupçik Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək hüququna sahib olduğunu və beynəlxalq hüquq normaları çərçivəsində hərəkət etdiyini söyləyib: “Azərbaycanın atdığı addımlar tamamilə qanuni və ədalətlidir. Ukraynalılar indi baş verənləri yaxşı başa düşürlər və Azərbaycanın bizi və Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyi kimi, Azərbaycanı dəstəkləyirlər”.

Son xəbərlər

Orphus sistemi