İsmayıl Safi: "Azərbaycan və Türkiyə əsrlərdir qurulmuş qardaşlığını 44 gündə dünyaya göstərdi"

İsmayıl Safi: "Azərbaycan və Türkiyə əsrlərdir qurulmuş qardaşlığını 44 gündə dünyaya göstərdi" Türkiyə Prezident Administrasiyası (PA) Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü, doktor İsmayıl Safinin “Report” İnformasiya Agentliyinə müsahibəsi suallarını cavablandırıb.
Qarabağ
16 Noyabr , 2020 15:15
İsmayıl Safi: Azərbaycan və Türkiyə əsrlərdir qurulmuş qardaşlığını 44 gündə dünyaya göstərdi
İsmayıl Safi

Türkiyə Prezident Administrasiyası (PA) Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü, doktor İsmayıl Safinin “Report” İnformasiya Agentliyinə müsahibəsi suallarını cavablandırıb.

- Məlum olduğu kimi, bütün dövrlərdə Türkiyə-Azərbaycan həmrəyliyi yüksək səviyyədə olub. Hazırda iki ölkə arasında münasibətləri necə qiymətləndirisiniz?

- Azərbaycanla Türkiyə arasında əlaqələrin qədim tarixi var. Ortaq kök, dil, din birliyi, oxşar mədəniyyət, adət və ənənələr bu əlaqələri daha da möhkəmləndirən amillərdir. Azərbaycan və Türkiyə tarixlərinin ən mürəkkəb dövrlərində bir-birilərinə arxa, dayaq olduqlarını hər zaman nümayiş etdiriblər. Azərbaycanın uzun illərdir düşmən tapdağı altında olan əzəli torpaqlarının işğaldan azad edilməsi üçün apardığı haqlı mübarizəsində Türkiyənin mənəvi, hərbi və diplomatik dəstəyi danılmazdır. Bununla da bütün dünya “Bir millət, iki dövlət” sözünün quru təbliğat xarakteri daşımadığını görmüş oldu. Bu davranış şəkli dərin köklərə sahib soydaşlıq və qardaşlıq bağlarının bir nişanəsidir. Bunu Ermənistan başda olmaqla artıq bütün dünya başa düşməlidir. Bir ana və atadan olan övladların doğma qardaşlıq münasibətləri hansı mənanı daşıyırsa, Azərbaycan və Türkiyə bağları da odur. Bu iki qardaş əsrlərdir bir-birindən ayrı qalıb, bir-birinin həsrətini çəkib. Bu səbəbdən də bağlar daha çox qüvvətlidir.

- Türkiyə Azərbaycanın torpaqlarını işğaldan azad etməsi istiqmətində keçirdiyi əməliyyatları dəstəklədi. Hətta zərurət yaranacağı təqdirdə hərbi və digər istiqamətlərdə də dəstək veriləcəyi ifadə olundu. Ancaq Ermənistan tərəfi bunu beynəlxalq ictimaiyyətə Azərbaycanla Türkiyənin birgə əməliyyatları kimi təqdim etməyə çalışırdı. Sizcə, bu cür hal nədən qaynaqlanırdı?

- Ermənistan ötən əsrin 90-cı illərində SSRİ-dən qalan silah-sursat və dəstəklə Azərbaycanla müharibə etmiş və nəticədə torpaqları işğal etmişdi. Azərbaycan tam 28 ildir işğal edilən torpaqların geri qaytarılması üçün beynəlxalq hüquq və danışıqlar çərçivəsində çox böyük əmək sərf etdi. Ancaq, təəssüf ki, bu cavablar nəticə vermədi. Azərbaycan bu illər ərzində heç bir zaman öz doğma torpaqlarından bir an belə vaz keçmədi, ümidini əsla itirmədi, iqtisadiyyatını inkişaf etdirdi, səhiyyə, təhsil daxil olmaqla bütün sahələrdə özünü gücləndirdi. Hər şeydən önəmlisi isə Azərbaycan Ordusunu Cənubi Qafqazın ən güclü ordusuna çevirdi. Bu gün Ermənistana qarşı olan müharibədə Azərbaycan Ordusu, heç şübhəsiz, böyük qələbə qazandı. Azərbaycan Ordusu qələbəsilə Ermənistan ordusunu təslim olmağa məcbur etdi. Məsələ burasındadır ki, nə Ermənistan ordusu, nə də Ermənistan xalqı bu reallığa hazır deyildi. Onlar tamamilə yalan və xəyallarla dolu dünyada yaşayırdılar. Ancaq indi reallıqla üzləşməyə başladılar və bu da Ermənistan üçün böyük travma oldu. Çünki onlar 30 ildir Azərbaycan Ermənistanı məğlub edə bilməyəcəyi ilə bağlı uydurulan nağıla inanmışdılar. İndi isə yuxudan oyanmaq və reallığın soyuq üzü ilə qarşılaşma zamanı gəldi. Türkiyə Silahlı Qüvvələrilə Azərbaycan Ordusunun birlikdə hərbi əməliyyatları apardığına dair söylədikləri yalanla həm özlərinin utancverici məğlubiyyətlərini gizlətməyə, həm də beynəlxalq ictimayyəti müdaxiləyə çağırırlar.

- Ermənistan tərəfindən muzdluluların döyüşməsi, PKK və Yaxın Şərqdən bəzi terrorçuların qondarma “Dağlıq Qarabağ ordusu”na qoşulması, 20-dən artıq PKK/YPG yaraqlısının məhv edilməsinə dair təsdiqlənmiş məlumatlar var. Bu baxımdan Ermənistanı regionun təhlükəsizliyi üçün təhdid hesab etmək olarmı?

- Erməni məsələsi özlüyündə elə terror məsələsidir. Onlar Osmanlı İmperiyasının zəifləməsindən istifadə edərək əsrlərdir bərabər yaşadığı türk toplumuna təcavüz etmiş, günahsız insanları qətlə yetirmişlər. "Daşnaksütyun" terror təşkilatı yaradaraq Osmanlı sultanı II Əbdülhəmid, dövlət rəsmiləri və paşalara suiqəsd ediblər. ASALA terror təşkilatı 1970-1980-ci illər arasında 40-dan çox diplomatımızı şəhid edib. Bu gün də ermənilər PKK-PYD/YPG teror təşkilatları ilə birlikdə fəaliyyətlərini davam etdirməkdədilər və onlar yenə də günahsız insanları öldürürlər. Əslində, PKK-nın Türkiyə xalqı ilə heç bir əlaqəsi yoxdur. Əksinə, onlar kürd xalqını da qətl edərək ən böyük zərəri onlara verməkdədirlər.

- Sizcə, 44 günlük müharibədən sonra Türkiyə-Azərbaycan əlaqələrində hansı dəyişikliklər ola bilər?

- Biz min il öncə nə idiksə, bu gün də eyniyik. Əsrlərdir qurulan möhkəm və sağlam qardaşlıq bağlarını 44 gündə dünyaya göstərdi. Əslində, 44 gün heç bir şeyi dəyişmədi, dəyişə bilməz. Biz min il sonra da bax belə olacağıq. Daima bir və qardaş.

- Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış atəşkəs bəyanatına əsasən, Naxçıvanla quru əlaqəsinin bərpası nəzərdə tutulub. Bu, Türkiyə-Azərbaycan iqtisadi əlaqələrində hansı perspektivlər vəd edir?

- Azərbaycan ərazisinin Naxçıvana dəhlizlə bağlanması, sadəcə, iki torpaq parçasının birləşməsi deyil. Əsrlərdir davam edən ayrılığın sona çatması, qardaşın qardaşa qovuşmasıdır. Təbii ki, iqtisadi baxımdan Türkiyə və Azərbaycana, həm də bölgə ticarəti və iqtisadiyyatına böyük töhfələr verəcək. Ancaq ticari və iqtisadi qazanclardan daha əhəmiyyətlisi, bu qapı Anadolunun Can Azərbaycanla, Cənubi Qafqazın Türküstanla qovuşmasıdır. Bu qapı Turan qapısıdır. Türklüyün qızıl almasıdır.

Vüsalə Abbasova

Son xəbərlər

Orphus sistemi