İlham Əliyev, Mehriban Əliyeva və qızları yenidən Cıdır düzündə olublar

İlham Əliyev, Mehriban Əliyeva və qızları yenidən Cıdır düzündə olublar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərini qoyub.
Qarabağ
4923
15 Yanvar , 2021 18:22
İlham Əliyev, Mehriban Əliyeva və qızları yenidən Cıdır düzündə olublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərini qoyub.

"Report" xəbər verir ki, sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərində olublar.

Şuşaya səfər çərçivəsində Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Cıdır düzündə də olublar. Yanvarın 15-də isə Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva yenidən Cıdır düzündə olublar.

Prezident İlham Əliyev deyib:

-Bu gün yanvarın 15-də səhər tezdən yenə Cıdır düzünə gəldik. Artıq Şuşadan Bakıya yola düşürük. Getməmişdən əvvəl də istədik gələk bu müqəddəs, tarixi yerə, bir daha bu gözəlliyi seyr edək, Şuşaya “Çox sağ ol”, “Gələn görüşlərədək” deyək. Biz qayıtmışıq öz doğma torpağımıza, Şuşanı azad etmişik. Bundan sonra Azərbaycan xalqı Şuşada əbədi yaşayacaq.

Dünən Şuşada bütün tarixi abidələri ziyarət etdik, müqəddəs məscidlərimizi ziyarət etdik. Ürək ağrısı ilə deyə bilərəm ki, burada olan dağıntılar hər bir Azərbaycan vətəndaşının qəlbini incidir. Ancaq Şuşanı dağılmış, amma, eyni zamanda, əyilməmiş, əzəmətli görmək bizi hədsiz dərəcədə qürurlandırır. Şuşa ayaqdadır, Şuşa sınmayıb, Şuşa əyilməyib! Mənfur düşmən nə qədər çalışsa da, Şuşanın simasını dəyişdirə bilməyib. Biz Şuşanın bütün yaralarını sağaldacağıq. Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək.

Biz dünən gecə Şuşada qalmağa qərar verdik, halbuki Bakıya qayıtmalı idik. Ancaq mən hesab etdim ki, mütləq gecə Şuşada qalmalıyıq. Çünki Azərbaycan Prezidenti ilk dəfədir ki, Şuşaya gəlib. Bizim müstəqilliyimizin təxminən otuz yaşı var. Ancaq bu otuz il ərzində birinci dəfə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Şuşaya gəlib, Şuşada qalıb və sözün düzü, Şuşadan getmək istəmir.

Şəhərin nadir memarlığı, relyefi, təbiəti, havası, aurası təkrarolunmazdır. Mən dünən qeyd etdiyim kimi, Şuşada iki dəfə 1982-ci ildə olmuşam. O vaxt burada bir neçə kütləvi tədbir keçirilmişdir. Yəni, Şuşanı dünənki kimi, bugünkü kimi, bu formada görmək mənə nəsib olmamışdı. Bir daha gördüm ki, bu şəhərin nadir aurası, təbiəti, memarlığı bizim böyük sərvətimizdir.

Bu gecə cəmi beş saat yatmışam. Saat 5-də oyanmışam, bilmirəm nəyə görə. Bəlkə dünənki gün çox həyəcanlı idi. Çünki Şuşanı görmək, Şuşaya qayıtmaq təkrarolunmaz bir hissdir. Ola bilər, Şuşanın səfalı təbiəti, havası kifayət edir ki, insan heç çox yatmaq da istəmir. Bakıya dönməzdən əvvəl yenidən gəlmişəm buraya, Cıdır düzünə, Şuşanın tarixi yerinə ki, bir daha Azərbaycan xalqına öz sözümü deyim. Deyim ki, biz xoşbəxt xalqıq, biz öz ərazi bütövlüyümüzü bərpa etmişik. Xoşbəxt xalqıq ki, özümüzü müstəqil dövlət kimi təsdiq etmişik. Bir daha deyim ki, Şuşa bizimdir! Qarabağ Azərbaycandır!

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Cıdır düzündə çay süfrəsinə qonaq olublar.

Prezident İlham Əliyev: Cıdır düzündə armudu stəkanda çay, paxlava ilə. Dostlarımız sevinsin, düşmənlərin gözü kor olsun!

Son xəbərlər

Orphus sistemi