Gürcüstanın baş naziri bəyanat yayıb

Gürcüstanın baş naziri bəyanat yayıb Gürcüstanın baş naziri Giorgi Qaxaria Azərbaycan və Ermənistan arasında baş verən hərbi toqquşmalarla bağlı bəyanat yayıb.
Qarabağ
30 Sentyabr , 2020 14:50
Gürcüstanın baş naziri bəyanat yayıb
Giorgi Qaxaria

Gürcüstanın Baş naziri Giorgi Qaxaria Azərbaycan və Ermənistan arasında baş verən hərbi toqquşmalarla bağlı bəyanat yayıb. 

“Report”un yerli bürosu xəbər verir ki, hökumət başçısı hərbi qarşıdurma nəticəsində mürəkkəb vəziyyətin yarandığını bildirib.

G.Qaxaria təəssüflə qeyd edib ki, hərbi əməliyyatların dayandırılması və dialoqun bərpası hələ mümkün olmayıb: "Hamıya yaxşı məlumdur ki, vəziyyətin gərginləşməsi bütün bölgənin təhlükəsizliyinə olduqca mənfi təsir edəcək. Biz bir daha ATƏT-in Minsk qrupunu və beynəlxalq təşkilatları münaqişənin eskalasiyasına son qoymaq və dialoqun bərpası üçün imkanlarından maksimum istifadə etməyə çağırırıq”.

Baş nazir Gürcüstanın Azərbaycan və Ermənistanla mehriban qonşuluq münasibətlərinə malik olduğunu vurğulayıb: “Gürcüstanda yaşayan bizim azərbaycanlı və erməni vətəndaşlarımız tarixən ölkənin və bütünlükdə regionun inkişafı və güclənməsində böyük rol oynayıblar. Eyni zamanda onların bir yerdə dinc şəraitdə yaşaması onu göstərir ki, gürcü, erməni və azərbaycanlılar Cənubi Qafqazı sülh və tərəqqi məkanına çevirə bilərlər”.

G.Qaxaria deyib ki, ümumi maraq bölgədə sülhü mümkün qədər tez bir zamanda bərpa etməkdir: “Gürcüstan istənilən vasitə ilə bu prosesi təşviq etməyə hazırdır, həmçinin münaqişə tərəflərinin dialoq üçün Tbilisidə görüşünü təşkil edə bilər”.

Son xəbərlər

Orphus sistemi