Gözündən zədə almış qazilərimiz belə müalicə olunur - VİDEO

Gözündən zədə almış qazilərimiz belə müalicə olunur - VİDEO Vətən müharibəsində yaralanmış qazilərimizin müayinə və müalicəsi davam etdirilir
Qarabağ
4 Mart , 2021 16:44
Gözündən zədə almış qazilərimiz belə müalicə olunur - VİDEO
Arif Hacıyev

Onlar Azərbaycanın uzun illər işğal altında olan torpaqlarının azad edilməsi uğrunda başladılan haqq savaşına qatılıb. 44 günlük Vətən müharibəsində kimisi ayağını, kimisi qolunu, kimisi isə gözlərini itirib. Onlar məhz canları, qanları, ayaqları, qolları və gözləri hesabına xalqımızın əzəli torpaqlarını düşmən tapdağından azad edib. Gözlərini Vətən yolunda qurban verən qazilərimizin hazırda müayinə və müalicəsi davam etdirilir.

"Report"un çəkiliş qrupu Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində müalicə edilən qazilərimizin vəziyyəti ilə tanış olub.

Burada müayinə və müalicələr "YAŞAT” Fondunun təşəbbüsü, İsrailin Azərbaycandakı səfirliyinin və Milli Oftalmologiya Mərkəzinin təşkilati dəstəyi ilə İsraildən Azərbaycana gələn həkimlər tərəfindən aparılır. Bir həftəlik ölkəmizə dəvət olunan israilli həkimlər 8 nəfərlik heyətdən ibarətdir.

Arif Hacıyev
Arif Hacıyev

"YAŞAT" Fondunun rəhbəri Elvin Hüseynov deyib ki, 5 gün ərzində israilli həkimlər 132 qazimizi müayinə ediblər. Onun sözlərinə görə, onlardan 22-si əməliyyat edilib, 28-nə protez göz taxılıb, digərlərinin əməliyyatı isə növbəti günlərdə baş tutacaq. Qazilərimizin müayinə və müalicəsi üçün həmçinin Türkiyədən ölkəmizə həkimlərin gəldiyini xatırladan E.Hüseynov bildirib ki, həmin tibbi heyət tərəfindən 154 qazimiz müayinə olunub. Fond rəhbəri eyni zamanda 24 qazinin müalicə üçün Türkiyəyə aparıldığını bildirib.

Arif Hacıyev
Arif Hacıyev

Hazırda mərkəzdə müalicə olunan qazilərimiz onlara göstərilən xidmətdən razıdır və əməliyyatlar da uğurla həyata keçirilir. Həkimlərin uğurlu əməliyyatı nəticəsində görmə qabiliyyəti bərpa edilənlərdən biri də Vətən müharibəsi iştirakçısı Arif Hacıyevdir. A.Hacıyev müharibə zamanı aldığı zədədən huşunu itirib, eyni zamanda bir gözündən yara alıb. İsrailli həkim tərəfindən onun üçqat prosedur əməliyyatı gerçəkləşib. Onun gözünün içərisinə okulyar bir linza yerləşdirilib və israilli donordan təzə bir kornea (transplantasiya edilmiş buynuz qişa) köçürülüb. Həyata keçirilmiş uğurlu əməliyyat nəticəsində qazimizin həmin gözünün görmə qabiliyyəti bərpa edilib və 20 faizə yüksəlib. Həkimlər onun sağalma prosesinin getdikcə daha da yaxşılaşacağına əminliyini bildirir.

A.Hacıyev qazilərimizə göstərilən diqqət və qayğıya görə dövlət başçısına və "YAŞAT" Fondunun rəhbərinə və Fonda ianə edən Azərbaycan xalqına öz təşəkkürünü bildirib.

Sərxan Nərimanlı
Sərxan Nərimanlı

Vətən müharibəsində sağ gözündən, sağ qolundan, sol ayağından və başından yaralanan qazimiz Sərxan Nərimanlı isə bildirib ki, ötən gün əməliyyat olunduqdan sonra artıq özünü yaxşı edir: "Dövlətimiz çox olsun ki, bizim müalicələrimizə xarici ölkələrdən həkim heyətini cəlb edir. Dünən əməliyyat oldum, çox uğurlu əməliyyat həyata keçirildi".

Ruhəngiz Balayeva
Ruhəngiz Balayeva

Mərkəzin Oftalmoonkologiya şöbəsinin müdiri Ruhəngiz Balayeva bildirib ki, ölkəmizə dəvət olunan israilli həkimlər fevralın 28-dən Milli Oftalmologiya Mərkəzində fəaliyyətə başlayıb: "Gözündən zədə almış qazilərimizin müayinə və müalicə prosesləri davam etdirilir. Bunun üçün mərkəzdə yüksək şərait yaradılıb və gücləndirilmiş iş rejiminə keçib. İki qaziyə buynuz qişasının köçürülməsi əməliyyatı aparılıb, böyük həcmli plastik əməliyyatlar və digər müalicələr gerçəkləşib".

 Yişay Falik
Yişay Falik

İsrailli həkim Yişay Falik deyib ki, Azərbaycanda olmaqdan məmnun olduğunu vurğulayıb: "Humanitar tibbi yardım çərçivəsində qazilərə dəstək olmçağa çalışırıq. Biz bunu 8 nəfərlik tibb heyət olaraq tibbi yardım işlərini buradakı həkimlərlə birlikdə aparırıq. Qısa müddət ərzində biz çox sayda qaziləri müayinələrdən keçirimişik. Onların bəziləri İsraildə məhz onlar üçün hazırlanan protezlərlə təmin olunub".

Operator: Vüqar Xanlarov

Fotoqraf: Ehtiram Cəbi

Montaj: Rəvan Novruzov

Son xəbərlər

Orphus sistemi