Bakı. 26 fevral. REPORT.AZ/ Gəncə şəhərində Xocalı sakinləri üçün salınmış qəsəbədə soyqırımın 25-ci il dönümünə həsr edilmiş anım tədbiri keçirilib.
"Report" xəbər verir ki, tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, ziyalılar, Xocalıdan və işğal altında olan digər ərazilərdən Gəncədə məskunlaşmış qaçqın və məcburi köçkün ailələri iştirak ediblər.
Əvvəlcə mərasimdə Xocalı faciəsi qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, ölənlərə Allahdan rəhmət dilənib. Sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Xocalı abidəsinin açılışını edib. Abidə önünə gül dəstələri qoyub.
Anım mərasimində çıxış edən icra başçısı bildirib ki, 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri tərəfindən törədilmiş Xocalı soyqırımı və erməni məkrli siyasətinin qanlı cinayətləri yaddaşlardan heç vaxt çıxmayacaq. Çünki Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyil, bütöv bəşəriyyətə qarşı yönəldilən qanlı cinayətdir. Bu kütləvi qırğında yüzlərlə insan vəhçicəsinə qətlə yetirilib, yandırılıb və girov götürülüb.
AMEA-nın Gəncə Bölməsinin akademik katibi Fuad Əliyev çıxış edərək ölkə rəhbərinin apardığı uğurlu siyasət nəticəsində Dağlıq Qarabağ probleminin həll olunacağı, işğal olunan torpaqlarımızın azad ediləcəyi günün uzaqda olmadığını, tarixçilərin, tədqiqatçıların, gənclərin üzərinə bu istiqamətdə məsuliyyətli və vacib vəzifələrin düşdüyünü bildirib.
Xocalı rayon Təhsil Şöbəsinin müdiri Şakir Əliyev, Xocalı rayon Kosalar kənd sakini Ülkər Quliyeva, Xocalı rayon Kosalar kənd icra nümayəndəsi Şahid Rzayev çıxışlarında vurğulayıblar ki, amansız cinayətə rəvac vermiş ermənilər törətmiş olduqları faciə ilə qəddar və qaniçən millət olduqlarını bir daha təsdiq etdilər. Xocalının qəhrəman və fədakar insanları düşmən qarşısında mənən sınmadılar, sonadək vuruşaraq, Vətənə sədaqət nümunəsi, rəşadət və igidlik göstərdilər. Hadisə şahidləri bildirib ki, bu gün xocalılar ölkənin müxtəlif bölgələrində məskunlaşıblar, amma hər birinin məqsədi, arzusu doğma torpaqlara, Xocalıya qayıtmaq, işğal olunmuş torpaqları azad etməkdir.
Çıxışlardan sonra Rəna Teymurqızının “Dərd yükü” adlı poemasının motivləri əsasında səhnələşdırilən ədəbi-bədii kompozisiya nümayiş etdirilib.