“The New York Times” qəzetində bu nəşrin İstanbul bürosunun rəhbəri Karlotta Qollun “Dağlıq Qarabağ müharibəsindən sonrakı xəsarətlər, faciəli vəziyyət və dağıntılar” sərlövhəli məqalə dərc edilib. Qoll erməni işğalından azad edilmiş ərazilərə səfər edib və Ermənistanın Azərbaycana qarşı 30 illik təcavüzü müddətində yaranmış dəhşətli vəziyyətlə yerində tanış olub.
"Report" xəbər verir ki, müəllif Azərbaycan Ordusu tərəfindən erməni işğalından bu yaxınlarda azad edilmiş əraziyə gələn hər kəsin orada Birinci Dünya müharibəsinin döyüş meydanını xatırladan mənzərə ilə üzləşdiyini qeyd edir. Bir neçə kilometr yol boyunca boş qalmış xəndəklər və bunkerlər, dağıdılmış kəndlər görünür, qalan evlərin damı, qapıları, pəncərələri yoxdur.
Təpəliklərdə ermənilərin atıb getdikləri tanklar və zirehli texnika Azərbaycan Ordusuna məxsus pilotsuz uçuş aparatlarının dağıdıcı qüvvəsinə sübutdur. Aşkar görünür ki, erməni əsgərləri bu altı həftəlik müharibənin gedişində qorxuya düşərək geri çəkiliblər.
Füzuli şəhəri vaxtilə firavanlaşan yaşayış məntəqəsi olub. Otuz minə yaxın əhalisi əsasən kənd təsərrüfatı ilə məşğul olan bu rayon mərkəzindəki ictimai binalar dağıdılıb. Füzulidən bir qədər şimalda yerləşən, ondan böyük Ağdam şəhərinin taleyi daha acınacaqlı olub.
Məqalədə qeyd edilir ki, Dağlıq Qarabağ münaqişəsi dünyada həlli ən mürəkkəb olan ərazi münaqişələrindən biri idi. 1994-cü ildə atəşkəs barədə razılaşma əldə ediləndə Ermənistan təkcə Dağlıq Qarabağı deyil, ona bitişik geniş əraziləri də işğal edib, orada yaşayan 800 mindən çox azərbaycanlını qovub.
Altı həftə davam etmiş şiddətli hərbi əməliyyatlardan sonra Azərbaycan Ordusu Füzuli və Ağdam rayonları üzərində də nəzarəti bərpa edib və hərbi əməliyyatlar Rusiyanın vasitəçiliyi ilə atəşkəs haqqında bəyanat elan edilməsi ilə başa çatıb.
Qoll Azərbaycanla müharibədə iştirak etmiş erməni hərbi qulluqçularının təəssüratları ilə də tanış olub. Erməni əsgərlər ölümsaçan dronların adı çəkiləndə dəhşətə gəlirdilər. Onların sözlərinə görə, pilotsuz uçuş aparatlarının zərbələri o qədər dəqiq imiş ki, əsgərlər tanklarla döyüş meydanına daxil olur, atəş açır, sonra tullanaraq sığınacaqlara qaçırdılar. Aleksanyan soyadlı erməni komandiri – polkovnik deyib: “Bu, əsl cəhənnəm idi”.
Müəllif daha sonra Füzuli və Ağdam şəhərlərində gördüyü dağıntılar barədə yazır. Keçmiş məcburi köçkün, əslən Füzulidən olan Nurəddin Namazəliyev söyləyib ki, 1990-cı illərdə hərbi əsir düşmüş yaxın qohumunu Ağdamda evləri sökməklə məşğul olmağa məcbur ediblər.
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov bildirib ki, şəhərdəki XIX əsrə aid mərkəzi məscid bu rayonda salamat qalmış yeganə binadır. Ermənilər bu binadan mal tövləsi kimi istifadə edib, onu murdarlayıblar. Füzulidə mətbəə binası, kinoteatr və mədəniyyət mərkəzinin binaları yerlə-yeksan edilib, şəhərdəki əsas məscid dağıdılıb. Müəllif yazır ki, bu rayondakı üzümlüklər tamamilə məhv edilib.
Azərbaycan rəsmiləri işğaldan azad edilmiş ərazilərdə yaşayan ermənilərlə barışıq elan olunacağını və onlara digər vətəndaşlarla bərabər status veriləcəyini vəd edirlər. Vasitəçilər azərbaycanlı köçkünlərin bəzi rayonlara, o cümlədən Ağdama və Füzuliyə qayıda bilmələri üçün şərait yaratmağa çalışıblar, lakin Ermənistan illər boyu buna mane olub, Dağlıq Qarabağın müstəqilliyinin tanınmasına və ya Azərbaycandan ayrılmasına çalışıblar. Azərbaycan rəhbərliyi bu şərtlərlə razılaşmayıb.
Vəziyyəti gərginləşdirən bir amil də budur ki, bütün dünyada erməni siyasətçilər və fəallar işğal edilmiş ərazilərin, o cümlədən keçmiş DQMV-yə bitişik rayonların Ermənistana məxsus olmasını iddia etməyə başlayıblar. 2019-cu ilin avqust ayında Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağa səfər edib və orada deyib: “Arsax” – Ermənistandır”. Bundan başqa,
erməni diasporunun üzvləri tərəfindən maliyyələşdirilən fondlar uzun illər boyu keçmiş DQMV hüdudlarından kənarda yerləşən, işğal edilmiş Azərbaycan rayonlarına erməniləri məskunlaşdırmaqda israr edir və deyirdilər ki, bu rayonlar da “Ermənistanın qanuni ərazisidir”.