Paris. 7 iyul. REPORT.AZ/ Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alıxanlı kəndinin atəşə tutulması və bu təxribat nəticəsində kənd sakinləri Sahibə Allahverdiyeva və onun nəvəsi Zəhra Quliyevanın həlak olması ilə bağlı məsələyə münasibət bildirən Fransa senatoru Alen Huper bu hadisəni "insan fəlakəti" adlandırıb. "Report"un Fransa bürosuna verdiyi müsahibəsində senator bildirib ki, bu hadisə Azərbaycan xalqına üz vermiş əsl faciədir.
- Bu hadisəni necə qiymətləndirirsiniz?
- 4 iyul əlamətdar bir gündür. Bu gün Amerika Birləşmiş Ştatlarının müstəqillik günüdür. Belə bir gündə Azərbaycanın işğal olunmamış ərazisində günahsız körpə və nənəsi snayperlə qətlə yetirilib. Fransanın məşhur siyasətçisi və yazıçısı Andre Malğonun belə bir dahi kəlamı var: "Heç nə insan həyatına bərabər tutula bilməz". Baş vermiş hadisə dəhşətdir, amma ən dəhşətlisi bu hadisənin səssiz qarşılanmasıdır. Mən şəxsən Ermənistanı yaxşı tanıyıram. Lakin bir həkim, senator kimi demək istəyirəm ki, körpə uşağın öldürülməsi dözülməz dəhşətli bir hadisədir.
- Fransada erməni lobbisi güclüdürmü? Bu, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin ictimaiyyətə düzgün çatdırlmasına maneçilik göstərirmi?
- Lobbinin gücü sayındadır. Həqiqətən ermənilər Fransada çoxdurlar. Bu gün Fransanın Milli Assambleyasında 5 erməni deputat var. Bu, Milli Assambleyanın 5%-ni təşkil edir. Lakin hesab edirəm ki, coxluq kəmiyyətdir. Biz isə keyfiyyətə fikir verməliyik. Azərbaycan dünyəvi dövlətdir. Azərbaycan qadınlarla kişilər arasında bərabərliyə nail olmuş olkədir. Qadınlarla kişilər arasında bərabərliyə heyran olan Şarl de Qoll Azərbaycanı Fransada nümunə göstərib. Azərbaycan 30 ildən bəri durmadan inkişafdadır. Mən hesab edirəm ki, daha heç bir lobbi həqiqətin üzə çıxmasına maneçilik göstərə bilməyəcək.
- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini necə görürürsünüz?
- Alınması mümkün olmayan qəsr yoxdur, sadəcə nərdivan qısa ola bilər. Sülhə nail olmaq heç bir zaman asan olmayıb. Səyləri daha da artırmaq lazımdır. Müdafiə olunan zaman irəli sürülən arqumentlərin rolu böyükdür. Bu zaman deyilən bir cümlənin effekti danışılan uzun cümlələrin effektindən artıq olur. Yəni, bu zaman böyük lobbiyə məxsus olmağa ehtiyac qalmır.
Mənim arzum budur ki, Ermənistan ilə Azərbaycan arasında sülh bərqərar olsun. Biz fransızlar İkinci dünya müharibəsində baş verənlərdən sonra alman xalqı ilə barışa bildik. Bu gün bizim münasibətlərimiz hər bir dövlət üçün nümunədir. Xüsusilə qeyd etmək istəyirəm ki, gələcəyimiz sülhdədir. Biz öz varisimiz olan övladlarımıza müharibə yox, sülh miras qoymalıyıq.
Vüsalə İsmətqızı, Paris