Fransalı heykəltəraş-rəssam: "Ermənipərəst mövqeyinə görə Makrona qəzəbliyəm"

Fransalı heykəltəraş-rəssam: "Ermənipərəst mövqeyinə görə Makrona qəzəbliyəm" "Qələbənin əldə olunmasında bütün Azərbaycan xalqı iştirak edib"
Qarabağ
17 Fevral , 2021 13:00
Fransalı heykəltəraş-rəssam: Ermənipərəst mövqeyinə görə Makrona qəzəbliyəm
Reno Baltzinger

"Qələbənin əldə olunmasında bütün Azərbaycan xalqı iştirak edib".

Bunu "Report"un yerli bürosuna açıqlamasında fransalı heykəltəraş-rəssam Reno Baltzinger bildirib.

O, Dağlıq Qarabağa onun ənənəvi, qədim ruhunun qaytarılması vaxtının yetişdiyini bildirib: "Bu Vətən müharibəsi Azərbaycan xalqının böyük qələbəsidir. Qaçqınlar yenidən öz torpaqlarına qayıda biləcəklər. Təbii ki, bunun üçün işğaldan azad olunmuş ərazilərdə yeni tikililərə böyük ehtiyac var. Dağlıq Qarabağın tarixi qədimdir. Azərbaycanın bu qədim torpaqlarına onun ənənəvi ruhunu qaytarmağın vaxtı yetişib. Düşmən tərəfindən dağıdılan qədim binalar, abidələr yenidən bərpa olunmalıdır. Lakin bu qələbənin simvolu olan yeni müasir bina da ucaldılmalıdır. Çünki bu qələbənin əldə olunmasında hər bir azərbaycanlının rolu olub. Bütün Azərbaycan xalqı bu çətin işdə iştirak edib. Azərbaycan Prezidenti bu müharibənin çox qısa zamanda qələbə ilə başa çatdırmağa nail olub".

R.Baltzinger deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həll olunacağına hər zaman inanıb: "Mən Qarabağa, xüsusilə də Xocalı soyqırımına, qaçqınlara həsr etdiyim əl işlərimə 2012-ci ildən başlamışam. Bu günə qədər 70-ə yaxın rəsm əsəri üzərində işləmişəm. Bunun üçün Bakıda olarkən Xocalıdan köçkün düşən azərbaycanlılarla görüşüb uzun söhbətlər etmişəm. Dağlıq Qarabağ münaqişəsinin həllinin olmayacağını deyənlər çox idi. Lakin mən əmin idim ki, vəziyyət əvvəlki formada çox uzun müddət davam etməyəcək, müharibə yenidən başlayacaq. Çünki hər iki tərəfdən bir-birinə təzyiqlər güclü idi".

Fransalı heykəltəraş-rəssam Azərbaycanın öz hüququnu tələb edə bilən nadir dövlətlərdən olduğunu vurğulayıb: "Artıq dünyada kiçik bir dövlətin öz hüququnu tələb edə bilməsi nadir bir hala çevrilib. Azərbaycan da bu nadir dövlətlərdən biridir. Ermənistan bir çox dövlətlər, habelə Fransa tərəfindən dəstəklənirdi. Mən öz ölkəmin prezidentinin bu münaqişə zamanı nümayiş etdirdiyi ermənipərəst mövqeyinə görə çox qəzəbliyəm. Fransada 6000 min nəfərlik erməni diasporu fəaliyyət göstərir. Ermənilər Xocalı soyqırımına həsr etdiyim əsərlərimə görə mənə nifrət edirlər".

Son xəbərlər

Orphus sistemi