Fransalı ekspert: "Azərbaycanlı məcburi köçkün qadınlar Qarabağdakı erməni qadınlarla dialoq aparmaq istəyirlər"

Fransalı ekspert: "Azərbaycanlı məcburi köçkün qadınlar Qarabağdakı erməni qadınlarla dialoq aparmaq istəyirlər" "Azərbaycanlı məcburi köçkün qadınlar öz evlərinə qayıtmaq istəyirlər"
Qarabağ
10 İyun , 2019 14:16
Fransalı ekspert: Azərbaycanlı məcburi köçkün qadınlar Qarabağdakı erməni qadınlarla dialoq aparmaq istəyirlər

"Ermənistandan, həmçinin erməni işğalı altındakı Dağlıq Qarabağ və ətraf 7 rayondan qovulmuş azərbaycanlı qaçqın və məcburi köçkün qadınlar öz evlərinə qayıtmaq istəyirlər". 

"Report"un Fransa bürosu xəbər verir ki, bunu Avropa Parlamentinin sabiq üzvü, Fransanın Avropada Prospektiv və Təhlükəsizlik İnstitutunun professoru Patrisiya Lalond bildirib. 

"Mən Azərbaycanda olarkən qaçqın və məcburi köçkün qadınlarla görüşmüşəm. Bu qadınlar öz evlərinə - Qarabağa dönmək istədiklərini bizə dönə-dönə söyləyirdilər. Onlar yeni şəraitə hələ də öyrəşə bilməmişdilər. Azərbaycanlı məcburi köçkün qadınlarda ermənilərə münasibətdə heç bir nifrət hissi yoxdur. Onlarda nostalgiya, yaşadıqlarının nəticəsi olaraq psixoloji travma hiss olunurdu. Bu travma, xüsusilə, Xocalı faciəsininin şahidi olmuş qadınlarda daha aydın müşahidə olunurdu", - o qeyd edib.

Fransalı ekspert deyib ki, azərbaycanlı məcburi köçkün qadınlar Dağlıq Qarabağdakı erməni qadınlarla dialoq aparmaq istədiklərini deyiblər: "Onlar erməni qadınları ilə dialoq quracaqları təqdirdə, iki icma arasında barışıq yaranacağına inanırlar. Onlar erməni qadınlarla dialoqa girib Komitə yaratmaq istəyirlər. Azərbaycan hökuməti də bu məsələdə qadınları dəstəkləyir".

P.Lalond beynəlxalq təşkilatların Azərbaycan hökumətinin qaçqın və məcburi köçkünlərin şəraitinin yaxşılaşdırılması sahəsində gördüyü tədbirləri yüksək qiymətləndirdiyini bildirib: "Azərbaycanda qadın hüquqlarının müdafiəsi sahəsində görülən işlər arasında qaçqın və məcburi köçkün qadınlara ayrılan diqqət tədqirəlayiqdir. Azərbaycan hökuməti məcburi köçkün qadınlara yüksək qayğı göstərir. Mən Saatlı rayonunda məcburi köçkünlər üçün tikilmiş binalarda olmuşam və hər cür şərait yaradıldığına şahidəm. 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirmişdi ki, ölkədə çadır düşərgələri qalmamalıdır və məcburi köçkünlər yeni qəsəbələrə köçürülməlidir. Doğrudan da 4 il sonra, yəni 2007-ci ildə çadır düşərgələri artıq ləğv edilmişdi. Beynəlxalq təşkilatlar Azərbaycanın məcburi köçkünlərin rifahı və müdafiəsi naminə apardığı siyasəti dəstəkləyir. Bu barədə beynəlxalq sənədlərdə də qeyd olunub. 2018-ci ilin iyul ayında Avropa Parlamentində hazırlanan hesabatda bu tədbirlərə toxunulub və yüksək qiymətləndirilib".

Fransalı professor vurğulayıb ki, Azərbaycan dövlətinin qarşısında bu gün iki böyük məsələ durur: "Birincisi, məcburi köçkün qadınların geriyə - öz doğma torpaqlarına, evlərinə qayıtmasına nail olmaq, ikincisi isə Dağlıq Qarabağ münaqişəsini həll etmək, sülhə nail olmaqdır".

Son xəbərlər

Orphus sistemi