“Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların davam etdirilməsini dəstəkləyirik”.
“Report” xəbər verir ki, bunu jurnalistlərə Fransanın Azərbaycandakı səfiri Zakari Qros deyib.
“Ümid edirəm ki, 2020-ci ildə danışıqlar prosesi üçün uğurlu olacaq və tərəflər arasında təmas xəttində hər hansı gərginlik olmayacaq”, - səfir bildirib.
Bu il yanvarın 28-30-da Cenevrədə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə görüşü baş tutub.
Görüşün yekununda Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşünün yaxın zamanlarda keçirilməsi qərara alınıb.
Daha əvvəl ABŞ-ın Azərbaycandakı səfiri də Qarabağ münaqişəsi üzrə danışıqların davam etdiriləcəyinə ümidvar olduğunu söyləmişdi.