Fərrux şəhidinin qardaşı: "Əvvəl atam, sonra anam onun dərdinə dözməyib vəfat etdi"

Fərrux şəhidinin qardaşı: "Əvvəl atam, sonra anam onun dərdinə dözməyib vəfat etdi" I Qarabağ müharibəsində yüzlərlə igid döyüşçülərimiz itkin düşüb.
Qarabağ
6 aprel 2022 13:08
Fərrux şəhidinin qardaşı: Əvvəl atam, sonra anam onun dərdinə dözməyib vəfat etdi

I Qarabağ müharibəsində yüzlərlə igid döyüşçülərimiz itkin düşüb.

“Report”un Aran bürosu xəbər verir ki, onlardan biri də Neftçala rayonunun Boyat kənd sakini Mehman Abdulrəhman oğlu Cəfərovdur.

M.Cəfərov 1968-ci il yanvarın 28-də həmin kənddə doğulub. Elə orta təhsilini də kənd məktəbində alıb. 1985-87-ci illərdə Leninqrad şəhərində (indiki Sankt-Peterburq) keçmiş Sovet ordusu sıralarında hərbi xidmətdə olub. Xidməti başa vurduqdan sonra kəndə qayıdaraq kolxozda işləyib.

Şəhidin qardaşı Rahim Cəfərov deyir ki, 1992-ci ilin noyabrında Mehman könüllü olaraq ön cəbhəyə yola düşüb: "Ağdamın bir sıra yaşayış məntəqələrinin azad edilməsində əsl qəhrəmanlıq nümunəsi göstərib. Həmin döyüşlərdə göstərdiyi igidliyə görə qardaşımın komandiri onu 10 günlük məzuniyyətlə mükafatlandırmışdı. Mehman 1993-cü il yanvarın 10-da 10 günlük məzuniyyətə gəldi. Evdə 2-3 gün qalandan sonra eşitdik ki, onun xidmət etdiyi batalyon ağır döyüşlərə girib və çoxlu itki verib. Ona görə də nə qədər yalvardıq ki, getməsin. Yəni heç olmasa, məzuniyyət günlərini başa vurub sonra getsin. O isə qala bilmirdi. Deyirdi ki, vicdanına sığışdıra bilmir ki, döyüş yoldaşları şəhid olub, o isə evdə oturub, məzuniyyət günlərini sayır".

Şəhidin qardaşı deyir ki, Mehman 1993-cü ilin yanvarında, 10 günlük məzuniyyətinin bitməyinə 5 gün qalmış cəbhəyə gedib: "Əgər məzuniyyətində sona qədər evdə qalsaydı, Fərrux yüksəkliyi uğrunda baş verən döyüşdə iştirak etməyəcəkdi. Bəlkə heç şəhid də olmayacaqdı. Görünür, qisməti belə imiş. Şəhidlik də hər insana qismət olmayan bir mərtəbədir. 1993-cü il yanvarın 19-dan 20-nə keçən gecə Xocalı rayonunun Fərrux yüksəkliyi uğrunda döyüşə girirlər. Cəbhə yoldaşlarının dediyinə görə, Mehman həmin döyüşdə ağır yaralanır. Neytral zonada olduğundan götürə bilmirlər onu. Üstündən iki-üç gün keçəndən sonra silahdaşları həmin əraziyə baxarkən Mehmanın meyitinin orada olmadığını görüblər. Fikirləşdik ki, Mehman ya şəhid olub, ya da əsir götürülüb. 29 il gözümüz yolda qalıb. Qapı açılanda elə bilirik ki, indi gələcək. Amma gəlmədi. Bu həsrətimizə son qoyulacağına inanıram”.

Şəhidin qardaşı deyir ki, qardaşının sorağı ilə Füzuli, Tərtər rayonlarında və Gəncə şəhərində hərbi hospitallarda olsalar da, yaralılar və şəhid olanlar arasında onu tapa bilmirlər. Nəticəsi olmadığından axtarışları dayandırırlar. Oğul itkisinə dözə bilməyən Abdulrəhman kişi bir il sonra haqq dünyasına qovuşur. Bir müddət sonra isə anası Bilqeyis Cəfərova da həyatla vidalaşır.

Son xəbərlər

Orphus sistemi