Euroactiv: Dağlıq Qarabağda demokratiyanın simulyasiyasıdır

Euroactiv: Dağlıq Qarabağda demokratiyanın simulyasiyasıdır Avropa İttifaqının nüfuzlu “Euractiv” informasiya portalında qondarma 31 mart tarixində “Dağlıq Qarabağ Respublikasında” keçirilən seçkiləri ifşa edən məqalə yayımlanıb.
Qarabağ
14 Aprel , 2020 16:31
Euroactiv: Dağlıq Qarabağda demokratiyanın simulyasiyasıdır

Avropa İttifaqının nüfuzlu “Euractiv” informasiya portalında qondarma 31 mart tarixində “Dağlıq Qarabağ Respublikasında” keçirilən seçkiləri ifşa edən məqalə yayımlanıb. 

Bu barədə "Report"a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən (BMTM) məlumat verilib. 

BMTM-in eksperti Vasif Hüseynovun müəllifi olduğu məqalədə separatist rejimin demokratiya oyunlarına heç kimin inanmadığı və bu mövqenin beynəlxalq ictimaiyyətin bu seçkilərə reaksiyasında da əks olunduğu qeyd edilir. 

Müəllif vurğulayıb ki, bölgədəki mövcud şərtlər altında orada demokratiyadan danışmaq tarixin etnik və ya irqi xüsusiyyətlərinə görə insan hüquqlarının yalnız bir qrup insana şamil edildiyi qaranlıq dönəmlərini xatırladır.

V.Hüseynov qeyd edib ki, Dağlıq Qarabağdakı mövcud vəziyyət demokratiyanın fundamental prinsiplərinə ziddir və mövcud şərtlərdə orda hər hansı demokratik irəliləyişdən danışmaq absurddur. Belə ki, demokratiya ölkənin bütün vətəndaşlarının qeydsiz-şərtsiz bərabər hüquqlarının təmin olunduğu və onlara siyasi idarəetmədə bərabər şəkildə iştirak etməyi təmin edən bir siyasi idarəetmə formasıdır. Dağlıq Qarabağda isə bölgənin azərbaycanlı sakinləri etnik təmizləmə yolu ilə torpaqlarından didərgin salınıb və onların fundamental hüquqları pozulub. Yüzlərlə günahsız insanın qətlə yetirildiyi Xocalı soyqırımı bu prosesdə yalnız bir mərhələdir.

Müəllif yazıb ki, oxşar mövqenin Avropa İttifaqı (Aİ), Qoşulmama Hərəkatı, NATO, Türk Şurası və digər beynəlxalq institutlar tərəfindən təkrar edilməsi Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. Aİ qondarma seçkilər haqqında paylaşdığı reaksiyada qeyd edir ki, qurum bu seçkinin baş tutduğu hüquqi bazanı və konstitusional çərçivəni tanımır və bu hadisə Dağlıq Qarabağın gələcək statusunun müəyyənləşdirilməsinə və ya davam edən danışıqlar prosesinin nəticəsinə təsir edə bilməz. Eyni səpkidə BMT-dən sonra üzvlərinin sayına görə dünyanın ən böyük təşkilatı olan Qoşulmama Hərəkatı da qondarma seçkiləri ifşa edib və onu qanunsuz adlandırıb. Oxşar şəkildə ATƏT-in Minsk Qrupu da seçkiləri tanımaqdan imtina edib və prosesi bölgədə sülh-yaratma təşəbbüslərinə zərbə kimi dəyərləndirib.

Son xəbərlər

Orphus sistemi