Bakı. 29 dekabr. REPORT.AZ/ "Aİ şərq tərəfdaşları ölkələrinin altısından beşinin ərazisində dondurulmuş münaqişələr mövcuddur, onların vasitəsilə həmin dövlətlərin xarici siyasi qərarlarına və hərəkətlərinə təsir edilir".
"Report" "BNS"ə istinadən xəbər verir ki, bu barədə Estoniyanın keçmiş xarici işlər naziri Urmas Paet bildirib. Onun sözlərinə görə, Belarus yeganə dövlətdir ki, bundan kənarda qalıb, lakin hazırda onun Rusiya ilə münasibətləri gərginləşir: "Bunun təzahürlərindən biri Rusiya və Belarus arasında sərhəddə gömrük nəzarətinin bərpası olub, baxmayaraq ki, hər iki ölkə Gömrük İttifaqının üzvüdür".
"Dondurulmuş münaqişələr Gürcüstanda - Abxaziya və Cənubi Osetiyada, Moldovada - Dnestryanıda, Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağda, və Ukraynada - Krım və Donbasda mövcuddur. Bütün bu münaqişələr dövlətin normal inkişafını yubandırmaq məqsədilə qızışdırılır", - Paet bildirib.
Sabiq nazirin sözlərinə görə, hazırda Rusiya Ukraynadakı münaqişə ilə yanaşı Abxaziya və Cənubi Osetiya ilə manipulyasiya edir.
"Problemin yeganə həlli - dondurulmuş münaqişələrə son qoyulmasından və bütün ölkələrin ərazi bütövlüyünə hörmət etməkdən ibarətdir. Əks təqdirdə münaqişələrin təhlükəsi yüksək səviyyədə qalır", - U.Paet qeyd edib.