Ermənistanın minalanmış sahələrin xəritəsini verməməsi insanlıq əleyhinə cinayətdir - RƏY

Ermənistanın minalanmış sahələrin xəritəsini verməməsi insanlıq əleyhinə cinayətdir - RƏY "44 günlük müharibədə erməni işğalına son qoyulsa da, görünən odur ki, erməni xislətinə son qoymaq üçün hələ xeyli zaman lazım olacaq"
Qarabağ
20 Fevral , 2021 17:37
Ermənistanın minalanmış sahələrin xəritəsini verməməsi insanlıq əleyhinə cinayətdir - RƏY

"44 günlük müharibədə erməni işğalına son qoyulsa da, görünən odur ki, erməni xislətinə son qoymaq üçün hələ xeyli zaman lazım olacaq".

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, ötən ilin noyabrında Müzəffər Ali Baş Komandan İlham Əliyev böyük humanizm və beynəlxalq humanitar hüquqa hörmət nümayiş etdirərək hərbi potensialının 80 faizini itirib aman diləyən Ermənistana o zaman hələ də işğalda olan əraziləri qrafiklə azad etmək şərtilə şans verdi: "Nəzərə alaq ki, 1992-1993-cü illərdə - işğal ərəfəsində Ermənistan Azərbaycan üçün belə bir imkan tanınmamışdı və “təhlükəsizlik koridoru” adı altında bir neçə istiqamətdə, o cümlədən Xocalı ətrafında mülki əhali qırğına məruz qalmışdı. Lakin Prezident İlham Əliyev ilk gündən Ermənistan rəhbərliyindən fərqli olaraq Azərbaycan Ordusuna mülki obyektləri hədəf almamaq əmrini verərək düşmənə döyüş meydanında layiq olduğu yerini göstərdi, erməniləri alçaldıcı təslimiyyətə vadar etdi. Əlbəttə, Prezident İlham Əliyev istəsəydi, hər tərəfdən sürətlə irəliləyən Azərbaycan Ordusu ərazilərimizdən bir nəfər də olsa, işğalçı erməni hərbçisinin sağ çıxmasına imkan verməzdi və buna haqqımız da var idi. Lakin 2020-ci ildə beynəlxalq əməkdaşlıq platformasının lideri, Qoşulmama Hərəkatının sədri və ən əsası bəşəri dəyərləri rəhbər tutan bir lider kimi İlham Əliyev beynəlxalq hüquqa hörməti üstün tutaraq Ermənistan ordusunun qalıqlarının Ermənistana qaçmasına, əsgərlərin ailələrinin yanına dönməsinə imkan verdi. Təsadüfi deyil ki, bu addım artıq ümidlərini üzmüş erməni əsgər valideynləri tərəfindən də yüksək qiymətləndirildi və hətta övladı itkin düşmüş bir neçə erməni qadın kömək üçün “qaniçən erməni hakimiyyətinə” yox, humanist Əliyevə müraciət edəcəyini rəsmən elan etdi. Bəs Azərbaycanın bu humanist addımı qarşısında Ermənistanın cavabı nə oldu? Əlbəttə, döyüş meydanında nə indi nə sonra heç bir cavabdan söhbət gedə bilməz. "Dəmir yumruq" Azərbaycana qarşı qalxacaq başı yerindəcə əzməyə hər an hazırdır. Bu mənada Ermənistan tarixi təkərrür etdirib yenidən alçaq üsullara əl atmağı, rəzalətlə qovulduğu əraziləri minalamağı, əvvəldən planlı minalanmış sahələrin isə xəritələrini “yox” etməyi seçdi. Təbii ki, bu cinayətkar davranış Azərbaycanın yaxın 10 il üzrə müəyyənləşmiş beş milli prioritetindən biri olan böyük qayıdışa zərrə qədər də mane ola bilməz. Azərbaycan Minatəmizləmə Agentliyi, eləcə də aidiyyəti strukturlar prosesin ləngiməməsi üçün lazımi səviyyədə çalışır. Nəticələr də ortadadır. Artıq təmizlənmiş ərazilərdə böyük infrastruktur layihələrinə start verilib".

"Bütün bunların fonunda, heç şübhəsiz ki, Ermənistanın əraziləri minalayıb qaçması, yaxud minalanmış sahələrin xəritəsini Azərbaycana təqdim etməməsi Azərbaycana yox, ümumilikdə bəşəriyyətə yönəlmiş addım və insanlıq əleyhinə cinayət olmaqla beynəlxalq humanitar hüququn kobud pozuntusudur. Hüquq ictimaiyyətinə bəllidir ki, beynəlxalq humanitar hüquq onun məqsəd və vəzifələrini əks etdirən bir sıra prinsiplərə söykənir ki, silahlı münaqişələrin və münaqişə sonrası davranışın humanistləşdirilməsi, həmçinin hərbi əməliyyatlarda bilavasitə iştirak etməyən şəxslər, xüsusilə mülki əhali, onların həyatına və fiziki toxunulmazlığına hörmət edilməsi bu prinsiplərin başlıcası hesab olunur. Konkret aktlara gəldikdə, dünyanın 190-dan çox dövlətinin qoşulduğu, “Müharibə qurbanlarının müdafiəsi haqqında” 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyaları, habelə 10 oktyabr 1980-ci il “Hədsiz zərərli sayıla bilən və ya seçimsiz nəticələrə malik ola bilən müəyyən adi silah növlərinin istifadəsinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında” Konvensiyanın II Protokolunun (Minaların, mina-tələlərin və digər qurğuların tətbiqinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında) pozulması Ermənistanın dövlət səviyyəsində insanlıq əleyhinə çoxsaylı cinayətlər törətməsi, həmçinin bu cinayətlərin törədilməsinə rəvac verməsi deməkdir. Bu isə öz növbəsində Azərbaycanın Ermənistana qarşı qaldıracağı beynəlxalq iddialarda, habelə tələb edəcəyimiz təzminatın ədalətli və ağlabatan miqdarının müəyyən olunmasında, eləcə də hərbi canilərin barəsində tətbiq ediləcək cinayət hüquqi tədbirlərin müəyyənləşməsində əhəmiyyətli meyar olacaq", - deputat bildirib.

Son xəbərlər

Orphus sistemi